Deputat seçicilərə söz verdi: "Nazirliyə müraciət edəcəm"
14 may 2019 11:21 (UTC +04:00)

Deputat seçicilərə söz verdi: "Nazirliyə müraciət edəcəm"

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə seçiciləri ilə növbəti dəfə görüşüb.
 
 
 
Lent.az xəbər verir ki, deputat bu dəfə Beyləqanın Sarısu kəndində  seçiciləri ilə bir araya gəlib.
 
 
 
Görüş zamanı kənd sakinləri və seçicilər kənd yolunun bərbad vəziyyətdə olması, eləcə də, içməli suyun olmamasını deputatın diqqətinə çatdırıblar. Seçicilərin digər xahişi kənddəki məktəblə bağlı olub.
 
 
 
Belə ki, kənddə yeni məktəbin tikilməsinə baxmayaraq, 11 illik təhsil sisteminə keçilməyib. Bu da kənd şagirdləri üçün əlavə problemlər yaradır. Yaxınlıqdakı kənd məktəblərində 11 illik təhsil sistemi mövcud olsa da, məsafə 5-7 km-dir. Belə olan təqdirdə kənd məktəbində təhsil alan qızlar 9-cu sinifdən sonra təhsildən yayınırlar. Çünki qonşu kənd məktəbinə getmək üçün imkan yoxdur.
 
 
 
Çingiz Qənizadə məktəbin 11 illik təhsil sisteminə keçirilməsi təklifi ilə bağlı əvvəllər Təhsil Nazirliyinə məlumat verdiyini vurğulayıb. Deputatın sözlərinə görə,  kənd məktəbində kadr çatışmazlığı yoxdur.  Kifayət qədər müəllim var. Deputat seçicilərə   yaxın günlərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edəcəyi barədə söz verib.
 
 
 
Həmçinin, görüşdə çıxış edən parlament üzvü, seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verib.
 
 
 
Deputat sonda seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləyib, həmçinin ərizə və müraciətləri qəbul edib və hər bir müraciətə baxılacağını seçicilərinin diqqətinə çatdırıb. 
# 829
avatar

Oxşar yazılar