Kurikulumla bağlı <span style="color:red;">YENİLİKLƏR  - məsələnin <span style="color:red;">HƏLL YOLU
13 may 2019 14:10 (UTC +04:00)

Kurikulumla bağlı YENİLİKLƏR - məsələnin HƏLL YOLU

Azərbaycanda "Təhsil haqqında" Qanuna bəzi dəyişikliklər ediləcək.   


Milli Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq dəyişikliklərdən biri də dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurikulumların) təsdiq olunmasının çıxarılmasıdır.

 

Qeyd olunan dəyişikliklər hansı yenilikləri özündə ehtiva edir və hansı faydalı nəticələri olacaq? Mövzu ilə bağlı Lent.az-ın sualını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırdı.

 

Milli kurikulumun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edildiyini xatırladan ekspert, bu qərardan sonra təhsil sistemində ciddi işlərin görüldüyünü, islahatlar həyata keçirildiyini vurğuladı: “Ona görə də bu sənədin dəyişməsi labüd idi. Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir. Amma 2009-cu ildə Təhsil Haqında qanun qəbul edildikdən sonra təhsilin digər pillələri haqqında da qanunlar qəbul edildi və bu çərçivə sənədi inkişafı məhdudlaşmağa başladı. Bundan sonra təhsil haqqında qanun minimum standartları müəyyən edəcək və təhsilin müəyyən pillələri haqqında qanunları isə maksimum inkişafı təmin edəcək”.

 

Ekspert qeyd edib ki, indiyə qədər Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlib: “Amma bu konsepsiya çərçivəsində müasir tələblərə cavab verən müddəalar az idi və  tarixi dövrlərdə buna mütəmadi olaraq dəyişiliklər edilirdi. Bundan sonra dövlət tərəfindən təhsilin inkişafı üzrə minimum standartlar müəyyən olunacaq, qalanı isə, normativ hüquqi aktlarla tənzimlənəcək. Bu olduqca müsbət bir addımdır.

 

Yəni bundan sonra təhsil standartları Nazirlər Kabineti tərəfindən təsdiq olunmayacaq".

 

K.Əsədovun dediyinə görə, hər dəfə dəyişiklik ediləndə bu qurum təsdiq etməli idi. Bundan sonra minimum standartlar müəyyən olunacaq və təsdiq olunacaq. "Bu, Təhsil Nazirliyi və ya Milli Məclis tərəfindən təsdiq olunacaq. Ayrıca dövlətin bunu etməsinə ehtiyac olmayacaq. Bu mobilliyin , nomenklatur əngəllərin aradan qaldırılması istiqamətində mühüm addımdır. Çünki indi hansısa bir dəyişiklik üçün 6 ay, 1 il gözləmək lazım idi, bu dəyişiklikdən sonra isə müddət azalacaq”.

# 1358
avatar

Aygün İbrahimli

Oxşar yazılar