<b>“Azərbaycan müxtəlif senarilərə hazır olmalıdır” - <span style="color:red;">POLİTOLOQ </b>
13 may 2019 12:45 (UTC +04:00)

“Azərbaycan müxtəlif senarilərə hazır olmalıdır” - POLİTOLOQ

“Vaşinqton üçün İran Şimali Koreyanın nüvə silahından qurtulmaqdan, Suriyada hərbi varlığı qorumaqdan və Venesuellada çevrilişin həyata keçirilməsindən ön plana keçərək başlıca mövzuya çevrilib”.

 

Lent.az məlumat verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. O bildirib ki, misal üçün, ABŞ dövlət katibi Mayk Pompeo həftə ərzində İran mövzusuna görə iki səfərini təxirə salıb:

 

“Birinci dəfə o, Berlinə getməliydi, ancaq bu səfəri son anda arxa plana ataraq İranı müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlini ciddi narahat etdi, hətta Almaniya mətbuatında “Amerika Almaniyanın müttəfiqi deyil, Vaşinqton bizi saymır” kimi başlıqda yazılar getdi. Və ya bu gün Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda təxirə salındı, Pompeo İranı müzakirə etmək üçün Brüsselə getdi”.

 

Politoloq onu da qeyd edib ki, Amerikanın İranı təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Örmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə gərginləşdirir:

 

“Rusiya da narahat olmağa başlayıb. Təsəvvür edin ki, tanınmış şonivist siyasətçi Vladimir Jirinovski dünən Rusiyanın televiziya kanalında Ukrayna mövzusundakı proqramda diqqəti İrana yönətlməyi təklif etdi: “Ukrayna aktual deyil, İrana diqqət yetirək. Amerika İranı dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzləşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağıdacaq, biz Qafqazla sərhədi bağlamalıyıq”.

 

Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik. Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır, ABŞ-İsrail planı nədirsə, bölgəyə yaxşı heç nə vəd etmir. Azərbaycan müxtəlif senarilərə hazır olmalıdır. İranı vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar”.

# 1190
avatar

Oxşar yazılar