Cüdoçularımız "Böyük dəbilqə"ni 7 medalla başa vurublar
12 may 2019 18:26 (UTC +04:00)

Cüdoçularımız "Böyük dəbilqə"ni 7 medalla başa vurublar

 
Bakıda keçirilən "Böyük dəbilqə"də Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar. 
 
ONA-nın məlumatına görə, milli komandamız Tokio-2020-yə lisenziya xalları verən yarışı 7 medalla bitirib. 
 
Yığmamız bu mükafatlardan üçünü "Böyük dəbilqə"nin son günü aktivinə əlavə edib. Bu gün tatamiyə çıxan cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq) ikinci yeri tutub. Finaladək 4 qələbə qazanan təmsilçimiz həlledici görüşdə serbiyalı Nemanya Majdovla üz-üzə gəlib. Döyüş rəqibin qələbəsi ilə yekunlaşdığından həmyerlimiz gümüş medala layiq görülüb. 
 
90 kq çəki dərəcəsində mübarizə aparan digər yığma üzvlərindən Əbdülhəqq Rəsullu, Əliömər Tumayev ilk, Tural Səfquliyev ikinci qarşılaşmasında məğlub olub. 
 
100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçularımızdan Elmar Qasımov 1/8 finalda uduzubsa, yeni milliləşən İeso Kviriaşvili ikinci, Adil Kərimli birinci mərhələdə çıxışını bitirib. Zelim Kotsoyev isə 1/4 finaladək irəliləyib. Təəssüf ki, o, yarımfinala gedən yolda rusiyalı Kazbek Zankişiyevə məğlub olub. Buna baxmayaraq, Kotsoyev təsəlliverici görüşə qatılıb və qalib gəlib. Cüdoçumuz üçüncü yer uğrunda monqolustanlı Otqonbaatar Lxaqvasurenlə güləşib və təcrübəli rəqibini məğlub edib. 
 
Ən ağır çəkili cüdoçuların yarışında isə Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov və İmran Yusifov (hamısı +100 kq) mükafatçılar sırasına düşə bilməyiblər. 
 
+78 kq çəki dərəcəsində yığmamızın lideri İrina Kindzerska da "Böyük dəbilqə"də bürünc medal qazanıb. O, yarımfinalda bosniya və herseqovinalı Larisa Seriçə məğlub olsa da, üçüncü yer uğrunda görüşdə belaruslu Marina Slutskayaya qalib gəlib. 
 
Beləliklə, "Böyük dəbilqə"yə 43 idmançı ilə qatılan millimiz turniri 1 qızıl, 2 gümüş və 4 bürünc medalla bitirib. Yarışın ilk iki günündə Hidayət Heydərov (73 kq) birinci, Nicat Şıxəlizadə (66 kq) ikinci, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) isə üçüncü yeri tutub. 
 
Qeyd edək ki, yarışa 57 ölkədən 449 cüdoçu qatılıb.  
# 1694
avatar

Oxşar yazılar