<span style="color:red;">“Hazırlıqlara, sınaqlara nə qədər pulumuz çıxıb”  – övladlarını gözləyən narahat valideynlər - <span style="color:red;">REPORTAJ
12 may 2019 16:06 (UTC +04:00)

“Hazırlıqlara, sınaqlara nə qədər pulumuz çıxıb” – övladlarını gözləyən narahat valideynlər - REPORTAJ

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilməsi barədə məlumat vermişdik.

 

Lent.az-ın əməkdaşı imtahan keçirilən bir neçə məktəbdə olaraq, abituriyent və valideynlərin təəssüratlarını öyrənib. Məktəb binalarının qarşısına toplaşan abituriyentlərin ailə və dostları üç saatdan çox olaraq məktəb ətrafında olan ağacların altında yaxınlarının çıxmalarını gözləyiblər. Söhbətləşmək üçün onlara yaxınlaşırıq. Valideyn Ruhanə xanım bildirir ki, oğlu Rusif I qrup üzrə hazırlaşıb:

 

"Bu il qəbul imtahanlarında bəzi dəyişliklər baş verdi deyə düzü narahatam. Ancaq bu imtahandan sonra yenə də şansı olacaq, düşünürəm ki, zəif yazsa, balını gələn imtahanda qaldıracaq".

 

Valideyn Səttar bəyin isə bu il əkiz qızları imtahan verir: "Biz qızım həkim, biri isə müəllimə olmaq istəyir. Bu gün ancaq bir qızım imtahan verir. Digər qızım III qrupdur. Övladlarıma inanıram, bilirəm ki, nə özlərinin, nə də bizim əziyyətimizi yerdə qoymayacaqlar. Hazırlıqlara, sınaqlara, dərsliklərə nə qədər pulumuz çıxıb. Təki, hər ikisi qəbul olsun, başqa istəyim yoxdur".

 Yavaş-yavaş abituriyentlər imtahandan çıxmağa başlayır, öz yaxınlarını tapmaq üçün ətrafa boylanırlar. İlk qarşılaşdığımız I qrupa hazırlaşan İlkin İsmayılov bildirir ki, riyaziyyat fənnini çox çətin salıblar:

"Riyaziyyatdan narahatam. Fizika və Kimya fənni isə normal idi. Deyirlər ki, bu gün cavab bilinəcək".

 I qrup üzrə imtahan verən Aygün isə deyir ki, bundan sonra olacaq imtahana girməyəcək: "Yaxşı yazdım, mənim üçün rahat idi və bu imtahanla kifayətlənəcəm".

Həkim olmaq istəyən Ruqiyyə bildirir ki, imtahan gözlədiyindən çətin olub: "Riyaziyyat, Kimya ağır idi. Demək olar bu testlərlə ilk dəfə idi ki, qarşılaşırdım. Qorxuram, ancaq imtahan keçdi".

 IV qrup üzrə imtahan verən digər abituriyent Aslan isə sualların orta-ağır düşdüyünü bildirib:

"Pulsuza düşəcəyim ballı yığmağıma inanmasam da, pulluya şansım çox olacaq. Onsuz da ciddi hazırlaşmırdım və pullu təhsili ağlımda tuturdum. Hər şey cavablar çıxanda bəlli olacaq".

Qeyd edək ki, bugünkü imtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent isə IV qrup üzrə olub. Həmçinin yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər.

# 2743
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar