<b>Azərbaycanda da meyitdən orqan götürüləcək: <span style="color:red;">Din və qanun nə deyir? </b>
10 may 2019 14:25 (UTC +04:00)

Azərbaycanda da meyitdən orqan götürüləcək: Din və qanun nə deyir?

“Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi qadağandır”.

Bu sözləri Lent.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Fariz Namazlı bildirib. O qeyd edib ki, şəxsin orqan və toxumalarının transplatasiyası, yəni başqa şəxslərə köçürülməsi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir:

“Həmin qanuna görə, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası toxumalar transplantasiyanın obyekti ola bilərlər. Əgər hər hansı şəxs sadalanan orqan və toxumalarının köçürülməsini istəyirsə, bu halda sağlığında yazılı razılıq verməlidir. Əgər şəxs sağlığında donorluğa yazılı razılığını bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və ya toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsinə yol verilmir”.

F.Namazlı əlavə edib ki, insan orqan və ya toxumaları alqı-satqı obyekti ola bilməz:

“Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Əgər şəxs öz sağlığında orqanların transplantasiyasına yazılı razılığını bildiribsə, o öldükdən sonra onun valideynlərinin və ya digər şəxslərin bu əməliyyatın həyata keçirilməsinə müdaxilə etməsi, razılıq verməməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Valideynlər isə transplantasiyaya müdaxilə edə bilməz. Şəxs yazılı razılıq veribsə, bu kifayət edir və bu yazılı razılıq vəsiyyət kimi başa düşülməməlidir, çünki əmlak vərəsəliyinin obyekti ola bilər, ancaq insan orqan və toxumalarının obyekti ola bilməz.

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan Hacı Surxay Məmmədli isə deyib ki, dində buna heç bir ziddiyyət yoxdur:

“Dində orqanların verilməsinə icazə verilir, ancaq bu razılaşma yolu ilə olur. Yəni ailənin, yaxınların da bu məsələdə razılığı, halallığı mütləq olmalıdır.

Əgər insan təhlükə qarşısındadırsa, ölüm faktoru ilə üzləşirsə bu baş verə bilər. Qurani Kərimin də sözüdür ki, bir insana həyat vermək bəşəriyyətə həyat verməkdir, bir insanı öldürmək isə bəşəriyyəti öldürməkdir.

Həmçinin əgər bir insan şüurludursa, ağlı yerindədirsə, bu qərarı onun özü tək də verə bilər”.

Qeyd edək ki, əksər ölkələrdə, eləcə də Azərbaycana qonşu olan Türkiyə və İranda da bu proses həyata keçirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl modern.az-a mövzu ilə əlaqədar Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da açıqlama verib. O bildirib ki, artıq “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi müxtəlif aidiyyatı qurumlara göndərilib:

“Onlardan cavab aldıqdan sonra komitənin iclasında geniş formada müzakirə edəcəyik. Ümid edirəm ki, yaxın vaxtlarda bu qanun layihəsini qəbul edəcəyik. Adıçəkilən qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Çünki ölkəmizdə donorluq bir nömrəli məsələdir. Donor çatışmazlığı üzündən insanlar dünyasını dəyişir. Orqan transplantasiyasını da həyata keçirə bilmirik. Xəstənin yalnız yaxınlardan orqan köçürülməsi baş verir. Onların da sayı azdır”.

Komitə sədrinin sözlərinə görə, əsas məsələ meyitdən orqanların götürülməsidir ki, buna böyük ehtiyac var.

“Dünyada bu istiqamətdə çox işlər görülür. Qaraciyər,  ürək, böyrək kimi orqan köçürülmələrinin hüquqi əsası ölkəmizdə işlənib hazırlanmayıb. Hələ ki qanunlarımız meyitdən orqan götürməyə icazə vermir. Yeni qanun layihəsində  onun bütün cəhətləri öz əksini tapıb. Əminəm ki, bu qanun layihəsi qəbul olunduqdan sonra meyitdən orqan götürülməsi məsələsi sayəsində müəyyən inkişaf əldə edəcəyik. Bu istiqamətdə iş gedir”.

 

# 2108
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar