“O anlarda onu öldürmək istədiyimi hiss etdim və qorxdum...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">IX BÖLÜM
08 may 2019 18:27 (UTC +04:00)

“O anlarda onu öldürmək istədiyimi hiss etdim və qorxdum...” – Bulud Qaranın gündəliyiIX BÖLÜM

 

 
9-cu hissə
Qadın hədəsi, kişi təpikləri

 

 

Sənubər əlimə toxunub, gözləri ilə qapını göstərdi.

 

- Aç da.

 

- Yox, mən təcili getməliyəm, - dedim və sellofan torbanın ağzını bürmələyib, pilləkənlə aşağı düşməyə qərar verdim.

 

- Hara gedirsən? – Sənubər qolumdan sallanıb mənə mane oldu.

 

Bu vaxt yuxarı mərtəbədən hündürboylu bir cavan oğlan aşağı düşürdü və bizi görüb ayaq saxladı, zəhmli, soyuq baxışlarını üstümüzə dikdi. Bircə bu çatmırdı! Əvvəllər bu binada heç vaxt görmədiyim bu oğlan mənə elə baxırdı ki, az qaldı onun Sənubərin əri ya sevgilisi hesab edim. Amma Gülnar bu axmaq qadının ərinin ondan çox yaşlı olduğunu demişdi və demək bu gəncin Sənubərə heç bir aidiyyəti yox idi. O, sadəcə ətrafda baş verənlərə, xüsusən də bu baş verənlər qadınla əlaqəlidirsə, daha çox maraq göstərmək və mütləq müdaxilə etmək əzmində olan orta statistik bir cavan oğlan idi. Mən divara tərəf çəkilib, yol verdim.

 

- Buyur, qaqaş.

 

Oğlan heç bir reaksiya göstərmədi. Eləcə ayaqlarını çiyin bərabərində saxlayan idmançı duruşu ilə və soyuq baxışlarla heykəl kimi qarşımızda dayandı. Hiss etdim ki, Sənubər bir anlıq qorxdu. Çünki qadın qəfildən nə hiss etdisə, əlini əlimdən çəkib qolumdan möhkəmcə yapışdı və demək olar ki, mənə sığındı. Zəif səslə oğlana baxdı:

 

- Keç də.

 

- Sən keç! – oğlan onun üzünə ilan kimi fısıldadı.

 

Bu vaxt aşağı mərtəbədən də eynilə bu oğlan kimi ikisi birdən sürətlə qalxıb bizə 3-4 pillə qalmış ayaq saxladı.

 

- Bulud... – Sənubər qorxa-qorxa üzümə baxıb, pıçıldadı.

 

- Bir dəqiqə... – mən üzümü oğlanlara tutdum, - nə baş verir? Siz kimsiz? Niyə yolumuzu kəsmisiz?

 

- Qaqa, - birinci gördüyümüz oğlan dilləndi, - sən yolu neyniyəssən ki? Evin deyil bura? – qapını göstərdi.

 

- Evimdi, amma sizin mənim evimin qapısında yol kəsməyiniz nə deməkdir?

 

- Ə, mənə bax! Çox danışma! Keç içəri!

 

- Bulud, qurban sənə, aç qapını, ya da açarı ver mən açım, - Sənubər qorxa-qorxa astadan dedi və bir əlini qapının dəstəyinə atıb, digəri ilə mənim qolumu sıxdı.

 

- Qulaq as, cavan oğlan... – mən ehtiyatla ona və sonra gələn iki oğlana baxdım, əllərində bıçaq və ya hər hansı başqa bir silah varmı deyə gözlərimlə axtardım, lakin heç nə görmədim və ürəkləndim, - bilmirəm kimsiz, nə istəyirsiz, amma burda yüz faiz bir anlaşılmazlıq var. Xanım evinə getməlidir, xahiş edirəm, çəkilin yoldan. Burda da camaat narahat olmasın. İndi səs-küy eşidib yığışacaqlar, polis-filan çağıracaqlar.

 

- Keç içəri, ə! – aşağıdan qalxan oğlanlardan biri əlini çiynimə atıb, məni qapıya sarı itələdi.

 

- Çək əlini! – qeyri-ixtiyari onun əlini tutub geri itələdim və yaxasından yapışdım, bu dəqiqə üçünüz də rədd olun burdan!

 

- Bulud, eləmə! – Sənubər ağlayıb tir-tir əsə-əsə yalvardı, aç qapını keçək içəri, - ay qardaş, ay uşaqlar, nolar gedin...

 

Və mən daha nə baş verdiyini anlamadım. Daha doğrusu, anlayırdım ki, bu dəqiqələrdə üç cavan idmançı tərəfindən döyülürəm və heç bir cavab verə bilmirəm. Təpiklər, yumruqlar və kimsə səs eşidib yığışmasın deyə səssizlik vardı hər tərəfimdə. Hətta Sənubərin də səsi çıxmırdı, o sadəcə qapıya sıxılıb içini çəkə-çəkə ağlayırdı. Görünür, səs-küy yaranacağı təqdirdə qonşularımın bura yığışacağı ehtimalı və rüsvay olmaq qorxusu bu dəqiqə başımızın üstünü almış real ölüm qorxusundan daha güclü idi. Ax, axmaq qadın! Bu anlarda belə özünü qoruyurdu!

 

İki dəqiqə sonra isə sellofan torbadakı paltarlarım, ayaqqabılarım və mən qapının önündə səpələnib-sərilib qalmışdıq. Oğlanlar məni halsız-hərəkətsiz vəziyyətə saldıqdan sonra gəldikləri sürət və sirli hallarıyla da yoxa çıxmışdılar. Sənubər tir-tir əsə-əsə ağlayırdı.

 

- Çıx get evinə! – ağrıdan az qala zarıyaraq dedim.

 

- Yox, nə getmək?! Mən səni belə qoyub gedə bilmərəm.

 

- Get deyirəm! – Birtəhər divarı tutub ayağa qalxdım, o da mənə kömək etməyə çalışdı.

 

- Mən də deyirəm ki, yox, heç yerə getməyəcəm.

 

- Aydındır, burdan çıxmağa qorxursan, - mən pilləkənin məhəccərindən yapışıb mərtəbələr boyu aşağıya doğru göz gəzdirdim, - amma belə tiplər qələt elədikləri yerdə çox qalmırlar. Sən polis çağır, tez!

 

- Polis? Niyə e? Mən niyə? Mən elə çıxıb getsəm yaxşıdı.

 

- Düz deyirsən!

 

Mən əyilib, yerə səpilmiş paltarlarımı yığmağa başladım. Sənubər də qadın refleksinin diktəsi ilə sellofanı yerdən götürüb, tozunu çırpdı, əlimdəki paltarları alıb, ona yığdı. Mən hər tayı bir tərəfə düşmüş krossovkalarımı götürəndə Sənubər qorxa-qorxa pilləkənlə aşağı və yuxarı göz gəzdirir, daha kimsənin olmadığından əmin olmaq istəyirdi. Birdən dəhşətlə mənə sarı çevrilib, qolumdan yapışdı:

 

- Ordadırlar! Getməyiblər, Bulud... ay Allah, mən neyləyəcəm...ay Allah, sənə qurban olum... Bulud, Bulud, nolar aç qapını keçək içəri, lap elə sən polisə zəng vur sonra... amma mən gizlənərəm, yaxşı? Polis gələndə gizlənərəm...

 

- Nə boş-boş danışırsan?

 

Sellofanı ondan alıb açarımı cibimdən çıxartdım və qapının dəstəyinə əl atdım. Və birdən... Sənubər içini çəkdi: “Ay Allah...”

 

Qapı açıq idi!

 

Artıq məni əməlli-başlı vahimə basdı. Axı bu necə ola bilərdi? Leyla içəridə idimi? Qapını açmışdısa, işığı da yandırmışdısa, onda niyə bu sellofanı çöldə saxlamışdı? Özü içəridə mənimi gözləyirdi? Bu oğlanlar kim idilər? Adi oğru dəstəsinə bənzəmirdilər. Üst-başları kifayət qədər bahalı görünürdü. Nə baş verirdi axı? Doğrudanmı indi içəridə oturub məni gözləyirdi? Ya...

 

Mən “lənət şeytana” deyib astanadan içəri adladım. Sənubər də arxamca özünü içəri soxub dərhal qapını bağlayıb, kilidlədi.

 

- Bilirsən nə deyirəm? Sən polisə filana zəng eləmə... onlar çıxıb gedəcəklər yəqin. Bax, görürsən, qapını açmışdılar. Yəqin nə lazımdırsa artıq götürüb aradan çıxarıblar. Sən yəqin ki pulu-filanı kartda saxlayırsan da, hə? Hə, Bulud?

 

- Dayan görüm!

 

İçəridən televizorun səsi gəlirdi. Xəbərlər gedirdi. Diktor qızın səsi ürəyimin çırpıntılarına qarışıb gicgahlarımı sıxırdı: “Ağ ev isə məsələ ilə bağlı sükut nümayiş etdirməkdə davam edir...”

 

- Televizoru da söndürməmisən, - Sənubər tipik evdar qadın reaksiyaları göstərirdi.

 

Mən heç nə deməyib ürəyim çırpına-çırpına dəhlizdən otağa keçdim. İlahi! O anlarda onu qarşıma görəcəyimdən o qədər əmin idim ki! Eybi yox, lap min dəfə döyülməyə razı idim, min Sənubərin primitiv reaksiya və hiss-həyəcan nümayişinə dözməyə hazır idim, bircə onu – Leylanı sağ-salamat görəydim!

 

Lakin qonaq otağında kimsə yox idi. Mətbəxdən qaynamaqda olan çaynikin səsi gəlirdi. Divanın qarşısındakı jurnal masası üstə fincan vardı. Yaxınlaşıb baxdım, yarısı içilmiş qəhvə idi. Toxunub fincanın hələ də isti olduğunu gördüm. Təşviş içində mətbəxə cumdum. Burada da kimsə yox idi. Çaynik qaynamağının bitdiyini bildirən çıqqıltı ilə söndü. Boğazım qurumuşdu. Nə baş verirdi axı?

 

- Kim var evdə? - bağırdım.

 

- Nə deyirsən e sən? – Sənubər mətbəxə gəlib pəncərəni açdı, - kim ola bilər axı? Görmədin səni nə hala saldılar? Onlar imiş də!

 

- Sən məni dolamısan?

 

Mən Sənubərin boğazından yapışıb onu mətbəx stuluna oturmağa məcbur etdim, - Hə? Dolamısan məni? Bu nə hoqqadır çıxarırsan? Nə istəyirsən məndən?

 

- Mən neyləmişəm e? Neyləmişəm axı...burax boğazımı...burax!

 

- Qapını açmısan, bir! O heyvanları üstümə gətirmisən, iki! Hələ bütün bunlardan sonra mənim üçün artistlik də eləyirsən?

 

- Nə artistlik? – boğula-boğula mənim əllərimi özündən itələməyə çalışırdı, - Allah haqqı, bilmirəm nə deyirsən...

 

- Sən bilmirsən? Sən bilmirsən ifritə? Kimsən sən? Kimsən, de! Bu nə oyundur başıma açırsan? Kimə işləyirsən, nə istəyirsən məndən? De! – mən dəli olmuşdum qəzəbimdən o anlarda onu doğrudan da öldürmək istədiyimi hiss etdim və ani hisslərimdən o qədər qorxdum ki, Sənubərin boğazını buraxıb dəhşətlə kənara çəkildim.

 

- Dəlisən sən...psix! Başın batsın sənin! Axmağın biri axmaq!

 

Sənubər ayağa qalxıb üstünü-başını düzəltməyə çalışdı. Mənsə hələ də nə baş verdiyini qətiyyən anlamayaraq ona nifrətlə baxırdım.

 

Və sonrakı iki-üç saniyənin içində bunlar baş verəcəkmiş...

 

Sənubər hirslə mətbəxdən çıxdı, mən də onun ardınca cumdum.

 

Qonaq otağından dəhlizə keçmək istəyəndə isə eyvana açılan qapının pərdəsi aralandı və qarşımızda o anlarda mənə həyatımın ən böyük heyrətini yaşadan bir adamı gördük.

 

Bu, Leylanın əri idi.

 

Sehrbaz...

 

(Davam edir)

 

# 6129
avatar

Bulud Qara

Oxşar yazılar