Azərbaycanda 940 dini icma dövlət qeydiyyatına alınıb
08 may 2019 13:17 (UTC +04:00)

Azərbaycanda 940 dini icma dövlət qeydiyyatına alınıb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.
 
Komitədən Lent.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
 
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, ölkəmizdə dini dözümlülük, tolerantlıq, multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dinə dövlət qayğısından bəhs edən sədrin birinci müavini bu istiqamətdə görülən işlərin milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.
 
O, eyni zamanda dinlərin bərabərlik, insanpərvərlik və sülh ideyalarının cəmiyyətə, xüsusilə gənclərə təbliğ edilməsinin vacib məqam olduğunu söyləyib, o cümlədən dini dəyərlərin sağlam əsasda, xurafatdan, mövhumatdan, radikalizmdən uzaq şəkildə aşılanmasında dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü dilə gətirib.  Dini icma rəhbərlərini milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.
 
Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.
 
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 940 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 907-si İslam, 33-ü isə qeyri-islam təmayüllüdür.
# 752
avatar

Oxşar yazılar