<b>Azərbaycanda nə qədər İkinci Dünya müharibəsi iştirakçısı var?</b>
08 may 2019 12:54 (UTC +04:00)

Azərbaycanda nə qədər İkinci Dünya müharibəsi iştirakçısı var?

İkinci Dünya Müharibəsinin bitməsindən 74 il ötür. Azərbaycan xalqı faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib.

 700 minə yaxın vətəndaşımız müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada-Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub.

Azərbaycan alman faşizmi üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb. Azərbaycan nefti, neftçilərinin əməyi olmasaydı, müharibədə qələbə əldə etmək çətin olardı.

O vaxt - müharibə illəri zamanı Sovet İttifaqında 110 milyon ton neft hasil edilmişdi ki, ondan 75 milyon tonu Azərbaycan neftçilərinin payına düşür.

Hazırda Azərbaycanda 400 nəfərə yaxın İkinci Dünya müharibəsi iştirakçısı var, onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir.

Bu barədə Lent.az-ın sorğusuna açıqlamasında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Onun sözlərinə görə, İkinci Dünya müharibəsi iştirakçılarının etibarlı sosial müdafiəsi təmin edilib: “Prezident  İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə 1941-1945-ci illər İkinci Dünya müharibəsi əlillərinə və digər iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir.

Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən, digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinin də təqaüdləri aprelin 1-dən ciddi şəkildə artırılıb.

Yəni bu təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.

Bütün I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər Fərmanla 50 manat  aylıq təqaüd təsis olunub.  

İkinci Dünya müharibəsinin digər  iştirakçıları üçün  Prezidentin aylıq təqaüdü 15 aprel 2019-cu il tarixli Sərəncamla 150 manata çatdırılıb. Həmin təqaüdlə bərabər, İkinci Dünya müharibəsi veteranlarına əmək pensiyası da ödənilir. 23  aprel 2019-cu il tarixli Sərəncamla 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni 8,9 minə yaxın şəxsin hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib”.

F.Talıbov onu da vurğulayıb ki,  indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 102 nəfər İkinci Dünya müharibəsi əlilinə  mənzil, bu təbəqədən olan 1117 nəfər şəxsə minik avtomobili verilib.

“Digər sahələrdə də İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi işləri aparılır”,-deyə F.Talıbov əlavə edib.

# 1062
avatar

Aygün İbrahimli

Oxşar yazılar