“Oruc tutanlar bundan uzaq dursun...” - Dietoloqdan XƏBƏRDARLIQ
07 may 2019 17:20 (UTC +04:00)

“Oruc tutanlar bundan uzaq dursun...” - Dietoloqdan XƏBƏRDARLIQ

Müsəlman dünyasında “11 ayın sultanı” adlandırılan Ramazan ayı başlayıb. Bu ayda oruc tutmağın inanclı insanlara mənəvi rahatlıq gətirməsilə yanaşı, həm də müəyyən fiziki məhdudiyyətlər yaratdığı sirr deyil. Söhbət, 11 ay normal rejimdə qidalanan insanların birdən-birə bu rejimi dəyişməsindən və bunun orqanizmdə yaratdığı narahatlıqlardan gedir.

 

Bu cür narahatlıqların yaranmaması üçün oruc tutan şəxslər necə qidalanmalıdır? Sutkanın yarısını ac-susuz qalmağın səhhətə zərər verməməsi üçün hansı qaydalara əməl olunmalıdır?

 

Dietoloq Tutu Zeynalova Lent.az-a açıqlamasında bildirib ki, oruc tutan şəxslər üçün ilk növbədə bunları bilmək faydalıdır: “Oruc tutan şəxs imsak vaxtına mütləq oyanmalıdır. İmsakda düzgün qidalanmaq lazımdır ki, bədən gündəlik tələbatını təmin etmək üçün lazım olan vitamin və mineralları əldə edə bilsin”.

 

T.Zeynalova, oruc tutanlara imsakda bol maye qəbul etməyi məsləhət görür: “Bundan başqa, bağırsağın normal işləməsi üçün lifli qidalardan istifadə edilməlidir. Bəzən oruc tutan insanlar qəbizlikdən şikayət edir. Bu problemin yaranmaması üçün lifli qidalar qəbul etmək faydalıdır. Protein, karbohidrat və yağlardan da istifadə etmək vacibdir. Ancaq yağ seçərkən düzgün seçim etmək lazımdır ki orqanizm öz vitamin və mineral ehtiyacını ödəsin. Zəruri karbohidrat normasını buğda çörəyindən ala bilərik. Protein qaynağı olan qida kimi pendir, şor, kəsmik, yumurta, qiymə ət və ya səbzəli toyuq şorbası, yaxud lavaş arası tərəvəzli toyuq dürümü qəbul etmək olar. Yağ seçiminə gəldikdə, zeytun yağından, ya da qoz, badam kimi çərəzlərdən istifadə edilməlidir. Lifləri pomidor, xiyar və təzə meyvələrdən almaq olar. Şəkərli, duzlu, yağlı, ədviyyatlı qidalardan uzaq durmaq məsləhətdir. Çünki həmin qidalar bizim tez-tez susamağımıza səbəb olacaq. Maye qəbuluna gəlincə, imsak zamanı ən azı 2-3 stəkan su içmək lazımdır”.

 

Bəs, orqanizmin normal fəaliyyətini təmin etmək üçün iftar zamanı hansı qidalar qəbul edilməlidir?

 

Mütəxəssis, iftarı su ilə açmağı məsləhət görür: “Yeməkdən əvvəl ev temperaturunda qalmış 1-2 stəkan su içmək lazımdır. Sonra zeytun və ya xurma ilə başlamaq olar. Ana yeməyə keçməzdən öncə yüngül bir şorba, yanında 1 dilim çörək yemək olar. İftar yeməyində çox yağlı, qızartma yeməkləri də məsləhət deyil. Qızartma yeməklərdənsə sobada bişmiş və ya soyutma, manqalda bişmiş yeməklər olar. Həftədə 2 dəfə balıq yeməkləri, həftədə 2-3 dəfə qırmızı ət, 2 dəfə isə toyuq əti yemək məqsədəuyğundur, yanında isə bişmiş tərəvəz və kompot olar bilər. Soyuq su içmək və şəkərli kompot məsləhət deyil. Mədə uzun müddət boş qaldığı üçün soyuq su mədədə problem yarada bilər”.

 

Bəs çay-qəhvə həvəskarlarına nə məsləhət görülür?

 

Tutu Zeynalova bildirir ki, imsak və iftar zamanı çərəzlə, yaxud quru meyvə ilə çay içmək olar: “Şirniyyat yemək məsləhət deyil. İstifadə edilərsə, südlü, yüngül şirniyyatlardan həftədə yalnız iki dəfə istifadə etmək olar. Ümumiyyətlə, qəhvə, çay çox içmək məsləhət görülmür, çünki həm dəmir mənimsəməmizə mane olur, həm də sidikqovucu effektə malik olduğu üçün gün ərzində tez susamağımıza gətirib çıxara bilər. Yemək qəbulunun arasında 40-45 dəqiqə fasilə vermək vacibdir”.

 

 

Sonda dietoloq bildirdi ki, hansısa bir xəstəlikdən əziyyət çəkən insan, oruc tutarkən mütləq həkimlə məsləhətləşməlidir: “Belə hallarda özbaşına qərar vermək sonradan ciddi problemlərə gətirib çıxara bilər”.

# 1941
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar