<b>Nazirlikdən Xəzəri çirkləndirən obyektlərə <span style="color:red;">XƏBƏRDARLIQ </b>
07 may 2019 15:52 (UTC +04:00)

Nazirlikdən Xəzəri çirkləndirən obyektlərə XƏBƏRDARLIQ

“Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, onların fəaliyyətinin dayandırılması ilə bağlı vəsatət qaldırılacaq". 
 
Lent.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov deyib.
 
M.Qənbərovun bildirdiyinə görə, bunun digər alternativi yoxdur. "Dəfələrlə edilmiş xəbərdarlıqlara, bildirişlərə və ünvanlanmış məktublara əhəmiyyət verməyənlərə qarşı artıq bu addımı atmaq məcburiyyətində qalacağıq”.
 
Dediyinə görə, Xəzər dənizinin şimaldan-cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir: "Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çoxdur, ekotoksikoloji baxımdan kəskin zəhərlidir. Xəzər dənizinin ekosisteminə mənfi təsirlər aradan qaldırılmazsa, bu, gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq”.
 
ETSN mütəxəssisi deyib ki, artıq çimərlik mövsümü yaxınlaşır, lay sularının təmizlənmədən dənizə axıdılması və insanların belə mühitlə təmasda olması çox təhlükəlidir: “Ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın deyə  rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə bütün qüvvələrini səfərbər etməli, zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.
 
Tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə bir daha çağırış edir, qısa vaxt ərzində verilmiş tapşırıqların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirik. Tez bir zamanda lazımi işlərə başlanılmasa, çirkləndiricilər barəsində ciddi tədbirlər görüləcək və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək". 
# 1115
avatar

Aygün İbrahimli

Oxşar yazılar