<b>CHP və AKP arasında davam edən mübarizə: <span style="color:red;">İstanbulda qalib kim olacaq? </b>
07 may 2019 12:50 (UTC +04:00)

CHP və AKP arasında davam edən mübarizə: İstanbulda qalib kim olacaq?

Türkiyənin Yüksək Seçki Komisiyyası (YSK) İstanbuldakı Böyükşəhər bələdiyyəsi seçkilərinin ləğvi haqqında qərar qəbul edib.
 
Lent.az xatırladır ki, 31 martda keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) Əkrəm İmamoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırıma qalib gəlmişdi. Bundan sonra isə AKP İstanbulda keçirilən seçkilərdə səsvermənin düzgün sayılmaması ilə bağlı dəfələrlə etiraz etmiş, etirazların bəziləri qəbul edilmiş və müxtəlif rayonlarda səslər yenidən sayılmışdı. Lakin 17 aprel elan edilmiş yekun nəticəyə görə İstanbul üzrə CHP 13 mindən artıq səs fərqiylə AKP-yə qalib gəldi və elə həmin gün də bələdiyyə sədrliyi vəsiqəsi (mazbata) Ə.İmamoğluna təqdim edilmişdi.
 
Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son olaraq bu barədə danışaraq demişdi ki, seçki arxada qaldı və növbəti 4 il yarımda ölkədə seçki olmayacaq. Problemlərin həlli ilə məşğul olmaq üçün isə “Türkiyə ittifaqına” ehtiyac var. 
 
Hakim partiyanın əsas iradı isə bu idi ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun səsləri 26 mindən 12 min nəfərə qədər düşdüsə, demək bütün məntəqələr yenidən hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli Yıldırımın hesabına dəyişərdi.
 
Bütün bunların sonunda isə YSK İstanbulda seçkilərin ləğvini və 23 iyunda yenidən keçirilməsini bəyan etdi. 
 
Bundan başqa, AKP YSK-da terror təşkilatı olan “FETO”nun barmağı olduğunu da iddia edib və İstanbul Prokurorluğu YSK-da çalışan 43 nəfərin Fətullah Gülən şəbəkəsi ilə bağlılığına dair cinayət işi açıb. YSK sədrinin verdiyi qərar isə seçkidə “FETO”nun barmağının olduğu barədə şübhələr yaradır. Çünki əgər yenidən seçkinin keçirilməməsi qərara alınsaydı, komissiya bu şəbəkədən uzaq olduğunu da sübut edə bilərdi.
 
Maraqlıdır, yenidən keçiriləcək seçkilərdən gözləntilər nələrdir? CHP liderliyini qoruya biləcəkmi?
 
Seçkilərin yenidən keçirilməsi barədə münasibət bildirən CHP sədri Kamal Kılıçdaroğlu jurnalistlərə açıqlamasında hər şeyin yaxşı olacağını bildirib:
 
“Heç kim narahat olmasın. Bu ölkəyə demokratiyanı gətirəcəyik. Mübarizəmiz demokratiya üçün olacaq”.
 
Ə.İmamoğlu isə açıqlamasını bir müddətdən sonra verəcəyini deyib.
 
AKP-dən isə hələlik mövzu ilə əlaqədar heç bir açıqlama gəlməyib.
 
Yerli və xarici ekspertlərin fikrincə, verilmiş qərar ölkədə siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq və bütün olanlar ölkədə xalqın səsinə inamsızlıq, eləcə də seçkilərə şübhə yaradacaq. 23 iyunda keçirilən seçkilərdə əsas mübarizə tərəflərinin CHP və AKP olacağı məlum olsa da, hansı partiyanın qalib olması barədə fikirlər müxtəlifdir.
 
CHP-nin təkrar seçkidə namizədinin Əkrəm İmamoğlu olacağı gözlənilən olsa da, AKP nümayəndəsi Binəli Yıldırımın yenidən seçkidə iştirakı hələ dəqiq deyil. 
 
Yenidən keçiriləcək İstanbul seçkilərindən imtina edən partiyalar da olub. İlk olaraq 10 min 492 səs alan Türkiyə Kommunist Partiyasının nümayəndəsi Zehra Güner Karaoğlundan sonra 2 min 437 səs toplayan Əməkçi Hərəkat Partiyasının (EHP) nümayəndəsi Özge Akmanda Əkrəm İmamoğlunun lehinə seçimdən imtina etdiklərini bildiriliblər.
 
Daha sonra Türkiyə Kommunist Hərəkatının üzvü 1 520 səs alan Aysel Tekerek də seçimdə iştirak etməyəcəklərini bəyan edib.
 
Bundan başqa, verilən açıqlamalara görə, Səadət Partiyası və Demokratik Sol Partiyasının da İstanbulda 23 iyun seçkilərindən imtina etməsi gözlənilir.
 
Bununla da hazırda 14 min 442 seçicinin dəstəyini alan 3 nümayəndə İmamoğlu lehinə seçkidən çəkiliblər.
 
Sosial media hesablarından Əkrəm İmamoğluna dəstəklər xeyli sayda çoxalıb. Dəstəkçilər içərisində isə xeyli tanınmış simalar, müğənnilər, eləcə də siyasətçilər var.
# 1008
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar