<b>Direktordan ANS-lə bağlı <span style="color:red;">AÇIQLAMA:  <span style="color:red;">“Geri qayıda bilməzlər..." </b>
06 may 2019 14:51 (UTC +04:00)

Direktordan ANS-lə bağlı AÇIQLAMA: “Geri qayıda bilməzlər..."

"Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq".  Lent.az-ın məlumatına görə, bu barədə ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.
 
“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən ölkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! 
 
Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!"”.
 
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnistitutunun balansındakı binada fəaliyyət göstərmiş ANS Şirkətlər Qrupunun fəaliyyəti dayandırdıqdan sonra telekanal əmlakını həmin binadan çıxarmayıb. Bu səbəbdən də rəhbərliklə Zoologiya İnstitutu arasında dəfələrlə problem yaranıb. Zoologiya İnstitutunun rəhbərliyindən qarşı tərəfə mesajlar göndərilsə də, hər hansı bir addım atılmayıb.
 
Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən Zoologiya İnstitutunun direktoru Elman Yusifov ilk olaraq Vahid Mustafayevi təbrik edib:
 
“Onlar burada icarədar olaraq fəaliyyət göstəriblər. Təxminən 2-3 il əvvəl Dövlət Əmlak Komitəsi ilə onlar arasında icarə müqaviləsi ləğv edildi. Digər tərəfdən, o zaman Daxili İşlər Nazirliyinin əmri var idi ki, ANS fəaliyyət göstərdiyi ərazini tərk etsin. Bundan sonra isə nazirliklər bəzi otaqları institutda bağlamışdılar". 
 
E.Yusifovun dediyinə görə, digər otaqlarda da ANS-in avadanlıqları qaldığından institut tərəfindən telekanala dəfələrlə müraciət olunub: "Daha sonra isə bizim söhbətimiz alınmadı və ANS rəhbərliyini məhkəməyə verdik. Hal-hazırda iş məhkəmədədir. İddia ərizəmiz var ki, onlar bizə vəsait ödəməlidirlər. Çünki onlar qeyri-qanuni olaraq Zoologiya İnstitutunun ərazisini zəbt ediblər və heç bir icarə haqqı belə verməyiblər”.
 
Direktor əlavə edib ki, Zoologiya İnstitutunun razılığı olmadan ANS əvvəlki yerinə qayıda bilməz: “Doğrudan da, əgər ANS haqqında konkret nəticə alınıbsa, onların fəaliyyətlərini davam etdirmələri yaxşı haldır. Ancaq onlar geriyə qayıda bilməzlər, çünki onların icarə müddəti bitib. Eşitdiyimə görə, onlar özlərinə bina tikiblər və fəaliyyətlərinin də orada davam etdirəcəklər".
# 4206
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar