“İstərdim ki, əlillərə yuxarıdan aşağı baxmasınlar, yaxşı görən, yeriyənlər var ki, heç bir iş görmürlər” – <span style="color:red;">Əlil professor
05 may 2019 15:49 (UTC +04:00)

“İstərdim ki, əlillərə yuxarıdan aşağı baxmasınlar, yaxşı görən, yeriyənlər var ki, heç bir iş görmürlər” – Əlil professor

“Ola bilsin ki, insanın  yaxşı  görmə qabiliyyəti var, heç bir fiziki qüsuru yoxdur. Amma  onun da maliyyə və ya psixoloji problemi var. Əlillərin ən böyük nöqsanı odur ki,  özlərinə qapanırlar. Elə bilirlər ki, bu problemlə yaşamalıdırlar”.

 

Bu sözləri Lent.az-a müsahibəsində  hüquq və biznes üzrə professor, bir sıra nüfuzlu universitetlərin məzunu, hazırda həm də ADA Universitetində çalışan Elnur Eyvazov deyib.

 

Qeyd edək ki, 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Ona görə də, professorla müsahibəmiz məhz bu günə saldıq.

 

Dosye

 

Elnur Eyvazov 1980-ci ilin 16  sentyabrında Bakı şəhərində doğulub. Atası universitet professoru olub. Azərbaycan Milli Aviasiya Akademiyasında və Azərbaycan Texniki Universitetində çalışıb. Anası isə məşhur həkim-tibb elmləri doktorudur. 

 

Anadangəlmə problem kimi cəmi 10 faizə yaxın görmə qabiliyyəti olsa da, əlillər üçün olan xüsusi məktəbdə deyil, 175 nömrəli ümumi məktəbdə təhsil alıb.

 

- Necə oldu ki, görmə qabiliyyətiniz zəif olduğu halda normal məktəbdə təhsil aldınız?

 

-Buna görə valideynlərimə minnətdaram. Vaxtında uzaqgörənlik ediblər və mənim təhsilimi ümumi məktəbdə almağımın əhəmiyyətini başa düşüblər. O zaman valideynlərim bir neçə məktəbə müraciət ediblər. Hər dəfə müxtəlif problemlərlə qarşılaşıblar. Onlar inkuliziv məktəb olmadıqları üçün mənim kimi uşaqların orda təhsilini mümkünsüz sayııblar. Azərbaycanda bu məsələyə bir az fərqli baxış var. Mənə elə gəlir ki, bizim kimi insanlar adi məktəbdə də oxuya bilərlər. Çətinliklərə baxmayaraq valideynlərim fədakar oldular və adi məktəbdə oxumağıma nail oldular. 

 

Əlillik problemi olmayanlarla birlikdə oxuduğum üçün məktəbi bitirdikdən sonra cəmiyyətə inteqrasiya problemi yaşamadım. 

 

İnkuliziv təhsil Azərbaycanda yeni-yeni inkişaf edir. Hazırda az da olsa bu sahədə inkişaf var. Mən təhsil alanda bu sahədə şərait, normal şərtlər yox idi. Mətnləri oxumaq çətin olduğundan mənim üçün kitabları evdə valideynlərim və qardaşım oxuyurdu. Hərdən də diktafondan istifadə edirdim. Buna baxmayaraq yaxşı oxuyurdum.

 

Məktəbi bitirdikdən sonra yüksək balla Bakı Dövlət Universitetinin  Hüquq fakultəsinə daxil oldum. Universitetdə tələb yüksək olsa da, buna hazır idim. Mühazirələri dinləməyə öyrəşmişdim. Yaddaşım yaxşı olduğu üçün hər şeyi avtomatik qavrayırdım. Bəxtim onda gətirib ki, yaxşı dostlar qazanmışdım. Həmin dostlar da mənə kömək edirdilər. Fərqi yoxdur ki, insan əlilldir, yoxsa yox. Hamıya sosial aktiv olmağı məsləhət görürüəm. Həmişə çalışırdım ki,  özüm  insanla birinci ünsiyyətə girim. Baxmayaraq ki, yaxşı görmürdüm, amma yenə tanış olmağa, özümü təqdim etməyə önəm verirdim.

 

- Özünüzü necə motivasiya edirdiniz və cəhdlərinizin nəticəsindən razı qalırdınızmı...

 

-İnsanlar müxtəlifdir. Elə insanlar var ki, pis gördüyünü biləndə sənə əhəmiyyət vermirlər. Amma bir məsələ də var ki, insanlar səni yaxşı tanıyandan, bilik və bacarığınızı, istiqanlı, canyandıran olduğunuzu görəndən sonra hamı dostluq etmək istəyir. Belə olanda artıq heç kim sənin pis gördüyünə diqqət etmir. Heç vaxt demirəm və düşünmürəm ki, məndə hansısa fiziki problem var. Başa düşdüm ki, problemlərdən qacsam, yaxşı nəticəyə gətirməz. Problemsiz insan tapmaq çətindir. Başa düşdüm ki, nəsə əldə etmək üçün öz üzərimdə çalışmalı, mübariz olmalı və pozitiv düşünməliyəm. Mən çox ölkələrdə olmuşam. Acınacaqlı vəziyyətdə yaşayan insanlar var ki, onlarda istiqanlılıq, sadəlik, görməsəm  də təbəssüm hiss etmişəm. Həyata baxış sadə olmalıdır. Bizdə materalist cəmiyyət olduğu üçün hər amil çətin gəlir. ABŞ-da, Avropada hamı milyoner kimi yaşamır. Sadəcə sosial bərabərlik, stabillik və insanlar üçün imkanlar var. Həmin ölkələrdə insanlar nəsə əldə etmək üçün çox çalışırlar. Onlar bizdəki kimi depressiyaya girmirlər. Yaxşı mütəxəssis hər yerdə özünə iş və imkanlar tapa bilər. Hər şeyi asan yolda əldə etmək istəyi olmamalıdır. Ətrafdakı insanlara çox fikir verməmək, müstəqil olmaq vacibdir. Məsələn, dünyada görmə məhdudiyyəti olan insanlar az deyil. Məncə bu insan üçün heç bir problem yaratmır. 

 

İdmanla - cüdo, sambo, üzgüçülük, güləşlə də məşğul olmuşam. Fizki cəhətdən aktiv insanam. Hansı insanı danışdırsan, problemi olduğunu deyər. Həyatda heç kim problemlərdən sığortalanmayıb. Ola bilsin ki, kimdəsə yaxşı görmə qabiliyyəti var, heç bir fiziki qüsuru yoxdur. Amma maliyyə, psixoloji problemi var. Əlillərin ən böyük nöqsanı odur ki, onlar özlərinə qapanırlar və elə bilirlər ki, bu problemlə yaşamalıdırlar. Əslində belə olmamalıdır.  Fərqi yoxdur, əlillyi olmayan insan da  özünə qapanmamalıdır. Müşahidə edirəm ki, gənclər bir problemləri olanda çox üzülürlər, səbirli deyillər. Bir gecənin içində hər şeyi əldə etmək istəyirlər. 

Məsələn, xaricdə insanlar gecə-gündüz öz üzərlərində işləyirlər. Bir günün içində heç nə ərsəyə gəlmir.

 

- Məşhur universitetlərdə təhsil almısınız. Buna necə nail olurdunuz?

 

-Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirdim. Təhsil aldığım vaxt çərçivəsində həm də bir il Amerikada, Qərbi Virciniya Univesitetində Siyasi elmlər və iqtisadiyyat fakültəsində bakalavr səviyyəsində  oxudum.  Daha sonra Bakı Dövlət Universitetinə qayıtdım, Bitirdikdən sonra İngiltərənin məşhur Kembric Universitetinə daxil oldum. Güclü rəqabət olduğu üçün oraya qəbul olmaq çox çətindir.  Çoxpilləli müsabiqələrdən keçmək lazım olur. Qəbuldan sonra da təhsil çox böyük vəsait tələb edir. Mənim də imkanım olmadığına görə təhsil haqqını necə ödəyəcəyimi düşünürdüm. Universitet tərəfindən verilən təqaüd proqramları var. Çox nadir hallarda və xüsusi istedadı olan tələbələrə verirlər. O proqramı əldə etmək üçün dünyanın bütün ölkələrindən olan ən yaxşılar ilə rəqabətə girməli olursan. Mən həmin maliyyə yardımını qazandım və onlar bütün xərclərimi qarşıladılar. Təhsilimi Kommersiya hüququ üzrə davam etdirirdim. Daha sonra İngiltərənin Oksford Universitetinə daxil oldum. Bizdə bəlkə də belə düşüncə var ki, yəqin əlil olduğu üçün kimsə qəbuluna köməklik edib. Amma orda belə bir şey yoxdur. Qəbul olanda əlil olmağın nəzərə alınmır. Qəbul olduqdan sonra  hansısa probleminizin olub-olmadığı ilə bağlı  məlumat alırlar. Bu da təhsil almaq üçün sizə şərait yaratmaq üçündü. Orada da rəqbət böyükdür. 

 

Oksfordda Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtdım və bir müddət BP şirkətində işlədim. 

 

Daha sonra ABŞ-a getdim və məşhur Kolumbiya universitetində təhsilimi davam etdirdim. Məsələn, keçmiş Gürcüstan prezidenti Mixeyil Sakaşvili orada oxuyub. Madlen Olbrayt, Barak Obama da orada təhsil alıb. Yenə təhsilimi təqaüd proqramı ilə aldım. Bitirdikdən sonra Nyu-Yorkda məşhur bir investisiya şirkətində çalışdım.  

 

-Amma Azərbaycana qayıtdınız... 

 

-Mən Azərbaycana qayıtmaq istəyirdim və qayıtdım. Hərdən məndən soruşurlar ki, o qədər imkanlarınız olduğu halda nə üçün Azərbaycana qayıtdınız?

İndi də getsəm, xaricdə qapılar mənim üçün açıq olar.  Aldığım təhsillin səviyyəsinə görə, iş tapmaq problemim olmaz. 

Ölkəmə bağlı insanam. Həm də qohumlarım və dostlarım da burada yaşayır. 

Həmişə istəyirdim ki, müəllim kimi, ekspert kimi öz ölkəmə tohvə verim. Xüsusilə əlilliyi olan insanlar üçün bir nümumə olmaq istəyirdim. 

Azərbaycana qayıtdıqdan sonra ADA universitetində işləmək üçün təşəbbüs bizim rektorumuz Hafiz Paşayevdən gəlib. Burada da mərhələli seçimlərdən keçdikdən sonra  işə qəbul oldum. 

Hazırda burada hüquq və biznes üzrə professor vəzifəsində çalışaram. Həm də burada inkuliziv təhsil, bərabər imkanlar və müxtəliflik şöbəsinin rəhbəriyəm. Beş ildən çoxdur ki, burada çalışıram.

 

- Bu yaşda professor adı almaq hər insana nəsib olmur... 

 

-Hərdən mənə sual verirlər ki, Kembrici bitirdin kifayət etmədi? Çox insan bu cür nüfuzlu yerlərdə oxumağı xəyal etsə də, hamıda alınmır. Mənə deyirlər ki,  üç məşhur universiteti pulsuz şəkildə oxumusan. 

Universiteti təqaüd proqramı ilə oxumuş birinə xaricdə böyük qiymət verirlər. Bəlkə də Azərbaycanda buna o qədər əhəmiyyət verilmir. Amma xaricdə sivi təqdim edəndə hansısa məşhur universitetin sizi qəbul etdiyini və təqaüd verdiyini yazdığınızda seçimdə sizi üstün tutacaqlar. 

Akademik maraqlarım var idi. Özümü gələcəkdə professor kimi görürdüm. Məhz həmin universitetlər mənə yaxşı bilik və araşdırma imkanı verə bilərdilər. Orada məhz mənimlə çalışmaq istəyən professorlar var idi. 

Hazırda  araşdırma məqalələr yazıram. ADA-dan başqa Azərbaycanda yerləşən müxtəlif universitetlərdə, o cümlədən İngiltərənin  London İqtisadiyyat Məktəbində, Cenevrədə və Fransada dərs deyirəm, mühazirələr oxuyuram.  Hərdən bir də dərs demək üçün Amerika və Kanadaya gedib-gəlirəm.  

 

-Tələbələrə münasibətinizi, dərs prosesini necə qururursunuz?

 

- Dərsləri daha çox sual-cavab formasında keçməyə çalışıram.

Aktiv tələbələr özləri mənimlə ünsiyyət qurmağa çalışırlar. Mən də istəyirəm ki, tələbələrlə ünsiyyətdə olam. 

Bitirib gedən tələbələrlə də sosial şəbəkələr üzərindən daim əlaqədə qalıram.   

Hər semestrin  sonunda bizdə müəllimlərin qiymətləndirilməsi aparılır. Hər zaman tələbələrdən müsbət rəy alımışam.

 

-Xaricdə təhsil almısınız, həm də ali məktəblərində dərs deyirsiniz. Bizim tələbələrlə onları fərqləndirən ən əsas amillər hansılardır?

 

-İstər ADA Universitetində, istərsə də digər universitetlərimizdə  çox yaxşı tələbələrimiz var. Xaricdə tələbələr bizimkilərlə müqayisədə daha çox məsuliyyətlidirlər. Bu da ondan irəli gəlir ki, onları uşaq yaşlarından müstəqil öyrədirlər. Hər addımına özün məsuliyyət daşıyırsan. Bizdə valideynlər istəyirlər ki, övlad üçün hər şeyi özləri etsinlər. 30-40 yaşında insanlar özlərini uşaq kimi aparırlar.

 

 Bir fərq də onların komanda şəkilndə işləməsidir. İnkişaf etmiş dövlətlərdə, güclü şirkətlərdə başa düşürlər ki, komanda şəkilində işləmədikdə, böyük uğur əldə etmək çətindir. 

 

Bizdə  fərdiyyətçilik, bir az eqozim var. Xalqımızın çox gözəl dəyərləri var. Biz buna çox dəyər vermirik. Xaricilər bizim bu dəyərlərimizə daha çox önəm verirlər. Bizim tariximizi özümüzdən daha çox öyrənirlər.  Xaricdə qarşıdakı insanın mövqeyinə hörmətlə yanaşılmaq öyrədilir. Düzdür, insanlar fərqlidir. Hamı eyni deyil. Amma ümumi götürəndə  bizdə bu məsələdə  problemlər olduğunu müşahidə edirəm. Biri danışır, amma qarşıdakı ona heç qulaq asmır və yaxud özü danışmağa başlayır. Məncə, bu tərbiyəsizlikdən irəli gəlir. 

 

Azərbaycanda uşaqlara bəzən  özündən razı olmağı,  bir az kobud olmağı, kiminsə başının üzərindən adlamasını, qarşı tərəfin mövqeyi ilə razılaşmamağı öyrədirlər.  Bu da gələcəkdə müəyyən münaqişələrə səbəb ola bilər. Valideynlərə tövsiyə edərdim ki, övladlarının üstünə qışqırmasınlar. Kobud davranmasınlar. İsqtiqmət göstərsinlər, məsuliyyət hiss aşılasınlar. Uşağın mövqeyinə qulaq asmaq lazımdır. Valideyn uşağa “mən sənin filan sahədə olmağını istəyirəm” fikrini diktə etməməlidir.  Maraqları sındırmaq olmaz. Uşaqlara yaradıcı olmaları üçün sərbəstlik vermək lazımdır.

 

 

-Həm bilikli bir mütəxəssis, həm də fiziki məhdudiyyətlərə baxmayaraq uğur əldə etmiş insan kimi cəmiyyətə nələri ötürə bilərsiniz?

 

- Dövlətimiz, cəmiyyətimiz və əlillər  üçün töhvə verməyi istəyirəm. Biliklərimi, təcrübəmi dövlətimizin inkişafı üçün bölüşməyə hazıram. 

İstərdim ki, cəmiyyətdə əlillərə bir az yuxarıdan aşağı baxmasınlar. Əlillər də hər şeyi bacara bilər. Yaxşı görən, yeriyən insanlar var ki, heç bir iş görmürlər. Baxmayaraq ki, Allah onlara hər şey verib.  Yanaşma dəyişməlidir. 

 

Məhdudiyyətlərinə baxmayaraq  bu qədər təhsil alan və beynəlxalg praktiki fəaliyyətnən məşgul olan insanları Avropa və ABŞ-da tapmaq çətin olur. Araşdırmışam,  MDB-da, Rusiyada, Turkiyədə və Sergi Avroppada yoxdur. Ona görə hesab edirəm ki, məmim kimi insanlara dəyər veriməlidir. Başqa ölkələrdə olsaydı, hətta ölkənin adının təbliğ olunmasında da istifadə edərdilər.

Məsələn,  mənim çox bğyük praktiki təcrübəm var və mən beynalxalq proyektlər uzərində işləyib böyük naliyətlər əldə etmişəm. Fortune 500 və S&P 500 daxil olan şirkətlərlə beynəlxalq ekspert qismində çalışmışam.  Son iç ildir Amerika və İngiltərədə seçim aparan beynəlxalq şirkət və Legal 500 tərəfindən MDB və Avrasiya  məkanının məşhur hüquqşunası kimi seçilmişəm. İstərdim ki, bu cür qiyməti Azərbaycanda da görüm. 

 

 

-Yollardakı vəziyyət rahat şəkildə işə gedib-gəlməyinizə imkan verirmi? 

 

-Mənim yaddaşım yaxşı olduğu üçün yolları yaxşı  tanısam, özüm işə gedib gələ bilirəm. Başlanğıcda çətin olur. Məsələn, ADA Universitetinə  gedib-gəlmək üçün 8 ay yolları əzbərləməli oldum. 

 

Bzim yollarımızda  əlillər üçün olan infrastrukturda zəiflik var. Amma bu istiqamətdə də işlər görülür. İstərdim ki, əlillər üçün infrastruktrun yaradılmasına diqqət olunsun. 

 

Əlillərin problemləri hamısı bir-biri ilə bağlı olur. Məsələn, əlil ona görə iş tapa bilmir ki, biliyi yoxdur. Ona görə ki, təhsil ala bilmir. Ola bilsin ki, təhsil alıbsa, şərait olmadığı üçün iş yerinə gedə bilmir. Bu sahədə yaxşı qanunlar var. Cəmiyyətin özündə də maarifləndirmə aparmaq lazımdır. Bizdə insanlarda o mədəniyyət yoxdur. Ətrafda fiziki məhdudiyyətli insanların olduğunu da başa düşmək lazımdır.  

 

-Bir az da ailənizlə bağlı danışmağınızı istərdik.  Məsələn, həyat yoldaşınızla necə tanış olmağınızdan...

 

-Həyat yoldaşım Bakı Dövlət Universitetinin Hüquq fakültəsində işləyirdi. 

Mən də beynəlxalq ekspert kimi ora dəvət olunmuşdum,  birlikdə layihə üzərində çalışmalı olduq. Beləcə tanışlığımız da başladı. 

 

Sonra həyat elə  gətirdi ki, biz ailə qurduq. Yoldaşım müəllimə, hüquq elmləri doktorudur. 

 

İki qızım var. Böyük qızım 4 yaş altı aylıqdır, kiçik qızım isə 9 aylıqdır. 

İşlərim çox olduğu üçün boş vaxtım çox az olur. 

 

Çalışıram ki, imkan olan kimi ailəmlə-qızlarım və həyat yoldaşımla vaxt keçirim.

          

 

 

# 2970
avatar

Aygün İbrahimli

Oxşar yazılar