Bu gün rus dilində tədris alanlar üçün imtahan keçirilib - YENİLƏNİB
05 may 2019 14:49 (UTC +04:00)

Bu gün rus dilində tədris alanlar üçün imtahan keçirilib - YENİLƏNİB

Tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib.
 
 
 
Dövlət İmtahan Mərkəzindən  Lent.az-a verilən məlumata görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılıb. 
 
 
 
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.
 
 
 
Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
 
 
 
Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
 
 
 
Mayın 6-dan başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
 
 
 
2019-cu il mayın 5-də keçirilən birinci imtahanda iştirak etməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari ilin məzunları mayın 26-da keçirilən ikinci imtahanda iştirak etmək üçün mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Azərbaycan dili fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
 
 
09:00
 
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən və tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili fənnindən test imtahanı keçirir.
Lent.az xəbər verir ki, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılır.  
İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq. 
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 
Abituriyentlər imtahana qeyd olunan sənədləri gətirməlidirlər:
-  imtahana buraxılış vərəqəsini;
-  şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.
-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. İmtahanlar 45 dəqiqə müddətində aparılır. İmtahanların nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahaının nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
İmtahanda ümumilikdə 15648 (Bakıda 10013, Sumqayıtda 922, Naxçıvanda 56, Şəmkirdə 340, Gəncədə 1068, Mingəçevirdə 288, Şəkidə 242, Zaqatalada 548, Bərdədə 180, Göyçayda 259, Lənkəranda 256, Şirvanda 271, Qusarda 386, Xaçmazda 639) abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 108 imtahan rəhbəri, 1212 nəzarətçi-müəllim ayrılıb.
# 2354
avatar

Oxşar yazılar