<span style="color:red;">Gələcəyimizi BALTALAYAN ENERJİ İÇKİLƏRİ:  uşaqların zərərli vərdişləri - <span style="color:red;">ARAŞDIRMA
03 may 2019 15:14 (UTC +04:00)

Gələcəyimizi BALTALAYAN ENERJİ İÇKİLƏRİ: uşaqların zərərli vərdişləri - ARAŞDIRMA

Günümüzdə məktəblilər, yeniyetmələr arasında zərərli vərdişlərə aludəçilk problemi azalmaq yerinə, artmaqda davam edir. Məsələn, enerji içkilərinin, siqaretin məktəblilərə satılmaması qadağası mövcud olsa da, bu gün 18 yaşından aşağı uşaqlar müxtəlif yollarla həmin zərərli məhsulları əldə etməyə nail olurlar. Təbii ki, buna kimlərinsə tərəfindən şərait yaradılır. Bəs məktəbliləri, ümumiyyətlə yeniyetmə və uşaqları zərərli vərdişlərdən necə uzaq tutmaq olar? Əlaqədar qurumlar bu problemlərlə bağlı hansı işləri görür? 
 
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov bir sıra məqamlara toxundu. Onun sözlərinə görə, uşaq və yeniyetmələr hər hansı bir vəziyyətdə eyni şəkildə davranış sərgiləyə bilməz: “Deyək ki, bəzi uşaqların geyimində, davranışında qeyri-adilik ola bilər. Nəticədə ətrafdakılar onun bu hərəkətlərini lağ hədəfinə çevirə bilərlər. Bu zaman uşaqları başa salmaq lazımdır ki, problem sən deyilsən, cəmiyyətin təfəkkürü, necə qəbul etmək məsələsidir. Uşaqda günah olmur”.
 
Psixoloq mövzu ilə bağlı nümunə də verib: “Bizim uşaqların hər hansı birini Rusiyanın bir şəhərinə aparsaq, bəzilərinin “əxlaqsızlıq” adlandırdığı davranışlar, bu cür ad verdikləri qızlar orada ən tərbiyəli uşaq kimi qəbul olunacaq. Bu, yerdən, mühitdən asılıdır. Bizim qız şagirdlərimiz arasında həddən artıq zərərli vərdişlərə meyl edənlərin sayı elə çox deyil. Amma məktəblilər arasında çox qorxulu bir tendensiya var. Bu da enerji içkilərinin çox içilməsidir. Həm məktəblərdə, həm televiziyalarda bu içkilərin yeniyetmələrin orqanizminə nə qədər böyük zərər vurduğunun təbliğatını aparmaq lazımdır”.
 
A.Kərimovun sözlərinə görə, həkimlər bu içkilərin nə qədər zərərli olduğunu çox gözəl bilir: “Qoy həkimlər zərərlərini izah etsinlər. Həkim olmadığım üçün nə cür zərərli olması barəsində danışmağa ixtiyarım yoxdur. Amma bu barədə kifayət qədər məlumat var. Qazlı içkilərdən eləsi var ki, benzonitlə C vitamini qarışığıdır ki, potensial zəhərdir. Əgər dövlətin nəzarəti olmasa, bu məhsulları istehsal edənlər kifayət qədər güclü reklamları, maliyyə resursları sayəsində istədiklərini edirlər”. 
 
Psixoloq kafelərdə siqaretin çəkilməsinə qoyulan qadağa məsələsinə də toxunub və qadağanın sadəcə adının olduğunu deyib. Faktiki olaraq bu sahəyə nəzarətin olmadığını deyən A.Kərimov nəzarətin mexanizminin mövcud olmadığını vurğulayıb: “Qanunun işləmə mexanimzi olmalıdır. Sadəcə, bəzilərinin maraqları dövlət maraqlarından daha üstün olur. Bu gün tək-tək siqaret satılır ki, bu da yeniyetmələrin siqareti alıb istifadə etməsinə şərait yaradır". 
 
Dediyinə görə, zərərli tendensiyalardan biri də saytlarda yer alan iyrənc reklamlarla bağlıdır: "Saytlar bunu ləğv etmirlər. Saytı açırsan, müəyyən titrəyişlərlə yerləşdirilən reklamların əlindən mətni  oxumaq olmur. Televiziyalarda yayımlanan serillar probleminə baxaq. O seriallar bizim gəncliyə  nə öyrədir? Dövlət milli serialları inkişaf etdirmək üçün müəyyən qədər pul ayırır. Əvəzində isə ancaq kriminal, zorakılığı təbliğ edən seriallar çəkilir və yayımlanır. Məsələn, uşaqlarla bağlı bir dənə sənədli film çəkilmir”.
 
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Lent.az-a  bildirdi ki,  hazırda gənclər arasında  ən aktual problemlərdən biri də həyat tərzinin əks istiqamətdə inkişafıdır: “Yəni, sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması kimi amillər insan orqanizminə mənfi təsir göstərir. Buna görə də sağlamlığı qorumaq qaydalarını bilmək və əməl etmək vacibdir. Bu, xüsusilə şagirdlər üçün əsasdır. Sağlam həyat tərzi dedikdə insan fəaliyyətinin əlverişli inkişafı nəzərdə tutulur. Sağlam həyat tərzinə əməl etmək həm də uzunömürlülüyün qarantıdır. Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlərin aşılanmasına və şagirdlərin fiziki və psixoloji sağlamlığının mühafizəsinə həsr olunmuş tədbirləri mütəmadi olaraq orta məktəblərdə keçirmək lazımdır. Məktəblərdə düzgün qidalanmanın əhəmiyyətini şagirdlərə kiçik səhnəcik göstərməklə nümayiş etdirmək lazımdır ki, onlar zərərli vərdişlərdən sonra hansı hala düşə, biləcəklərini öyrənsinlər. Səhnəcik nümayiş olunduqdan sonra düşünürəm ki, onu izləyən şagirdlərin səhnəciyə münasibətlərini bildirmələrini təşkil etmək, onlarla bu barədə müzakirələr aparmaq lazımdır. Şagirdlərə izah etmək lazımdır ki, bütün vitaminləri, mikroelementləri və həyat enerjisini biz qidalardan alırıq. Buna görə də orqanizmimizi nə ilə və necə bəslədiyimizə nəzarət etməliyik. Təəssüflər olsun ki, bu gün məktəblərin daxilində və yaxınlığında şagirdlərə zərərli enerji içkiləri satılır. Düşünürəm ki, uşaq yaşlarında fiziki aktivliyin aşılanması (idman, qaçış, üzgüçülük, hərəkətli oyunlar və s. ) vacibdir”.
 
Ekspert bildirib ki, məktəblərdə şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün işlər görülməlidir: “Orta məktəblərdə zərərli vərdişlərin həyatımıza necə mənfi təsir etdiyi barədə şəkillər, məlumatlandırıcı lövhələr quraşdırılmalıdır. İçki, narkotik, siqaret çəkmək kimi zərərli vərdişlər həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olması əyani vasitələrlə şagirdlərə çatdırılmalıdır. “Narkomaniya bəşəyyətin bəlasıdır” adlı videoçarx ayda bir dəfə şagirdlərə nümayiş etdiriməlidir. Əlbəttə ki, məktəbyaşlı şagirdlərin beyni bədənləri kimi "qida" tələb edir, bu baxımdan kitab oxumağın, krossvord həll etməyin, elm və təhsilə aid verilişlərə baxmağın, səyahət etməyin, xarici dil öyrənməyin beynin “qidalanması” üçün faydalı olduğu vurğulanmalıdır. Zərərli vərdişlərin sayının azaldılması üçün məktəb şagird, valideyin üçlüyü mütəmadi işləməlidir”.
 
Dövlət Komitəsinin üzərinə hansı vəzifələr düşür?
 
Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva Lent.az-a bildirib ki,  Komitənin əsas fəaliyyət istiqamətlərindən biri də məhz uşaq hüquqlarının müdafiəsi sahəsidir: “Azərbaycanda uşaq hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi ilə bağlı əsaslı qanunvericilik bazası mövcuddur və konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşdırılmaqdadır. Azərbaycanda bütün uşaqlar üçün bərabər imkanların yaradılması, təhsil, səhiyyə, sosial müdafiə xidmətlərinin uşaqlar üçün daha müyəssər formada təşkil edilməsi dövlət uşaq siyasətinin əsas prioritetləridir. Məlumdur ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. Beləliklə, uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi təmin olunmuş, uşaq hüquqları sahəsində vəziyyətin araşdırılmasına dair etibarlı monitorinq sisteminin yaradılmasına hüquqi əsas verilib. Bunun nəticəsi olaraq  uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasını istiqamətində tədbirlər daha effektiv xarakter alıb”.
 
G.Nağdəliyeva vurğulayıb ki, bütün bunlarla yanaşı uşaqların hərtərəfli inkişaf etdirilməsi, zərərli vərdişlərdən qorunması, onların sağlam və cəmiyyətə gərəkli fərd olaraq yetişdirilməsi kimi mühüm prosesdə valideynlər də öz dəstəklərini əsirgəməməli, valideyn öhdəliklərini yerinə yetirməklə, valideyn məsuliyyətindən yayınmamalıdırlar: “Valideynlər tərəfindən uşaqların asudə vaxtının səmərəli şəkildə təşkil olunmasına dəstək göstərilməlidır. Bilirik ki, asudə vaxtdan düzgün istifadə edilməməsi müxtəlif mənfi fəsadlara gətirib çıxara bilər. Bəzən asudə vaxtın çoxluğu uşaqların, yeniyetmələrin zərərli vərdişlərə aludə olmasına səbəb olur. Təhsil müəssisələrində isə, uşaqların zərərli vərdişlərdən qorunması, təhsil prosesinə maksimum konsentrasiya olması məsələlərində heç şübhəsiz ki, müəssisə rəhbərliyi və təhsilverən şəxslər bir başa iştirak edirlər. “Təhsil haqqında” qanunun 33-cü maddəsində qeyd olunur ki, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək təhsilverən şəxslərin vəzifəsidir. Ümumiyyətlə uşaqların zərərli vərdişlərə yiyələnməsi hallarının qarşısının alınması istiqamətində müntəzəm olaraq yeniyetmələr, gənclər arasında zərərli vərdişlərə qarşı təbliğatın aparılması və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi mühüm məsələlərdəndir”.
 
Böyük məsləhətçi qeyd edib ki, Komitə tərəfindən mütamadi olaraq uşaqların zərərli vərdişlərə yiyələnməsi hallarının qarşısının alınması istiqamətindən maarifləndirmə işləri təşkil olunur. Onun sözlərinə görə, şəhər və rayonlarında dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində, milli-mənəvi dəyərlərin qorunması və onların gələcək nəsillərə ötürülməsi, reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir:  “Layihənin daha geniş kütləni əhatə etməsi məqsədilə sosioloq və hüquqşünasın iştirakı ilə valideynlərlə keçirilən görüşlərdə valideyn-uşaq münasibətləri, ailə-məktəb-uşaq üçlüyündə yaranan problemlər və onların həlli yolları, şagirdlərlə keçirilən görüşlərdə isə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, zərərli vərdişlərin yaratdığı fəsadlar və s. mövzular ətrafında müzakirələr aparılır. Habelə, Komitə tərəfindən uşaqların təhsil aldığı müəssisələrdə təhsilə davamiyyət ilə əlaqədar mütəmadi görüşlər təşkil olunur, daha sonra müəyyən edilmiş risk qrupuna daxil olan uşaqların ailələri ilə preventiv işlər aparılır. Şagirdlərinin iştirakı ilə uşaq hüquqları mövzusunda müzakirələr aparılır. Müzakirələrdə uşaq baxımsızlığı, erkən nikahların mənfi fəsadları, uşaq əməyinin istismarının zərərli cəhətləri, narkomaniya və tütündən istifadənin ziyanlı tərəfləri, internet üzərindən zərərli informasiyalardan müdafiə kimi mühüm mövzularında diskussiyalar təşkil edilir”.
 
Qida ilə başlayan zərərli vərdişlər
 
Zərərli  vərdişlər arasında önəmli yer tutan problemlərədən biri də yeniyetmələrin qidalanması ilə bağlıdır. 
 
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Lent.az-a enerji içkilərinin, eləcə də müxtəlif şirin qazlı içkilərin insan orqanizmi üçün zərərləri barəsində verilən məlumatda göstərilib ki,  enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər: “Kofein qida sənayesində çox istifadə olunan psixoaktiv maddədir və reseptsiz olaraq satılır. Kofein, fiziki olaraq ürək ağrıları riskini artırır, skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. İnsan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır, ancaq böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Sağlam, yetkin insanların gün ərzində ≤400 mq kofeindən istifadə etməyi təhlükəsiz sayılır. Kəskin klinik toksik təsir 1 qr-dan başlayır, 5-10 qr arasında isə istifadə ölüm hallarına gətirib çıxara bilər. 
 
Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər”. 
 
Agentlik nəyi tövsiyə edir?
 
Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərindən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir. 
Verilən məlumatda qeyd olunur ki, enerji içkilərinin tərkibində əlavə edilən kofeinin miqdarı, insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır: “Bu içkiləri qəbul etmək insanlarda, xüsusilə da kiçik yaş qruplarında olan uşaqlarda yuxusuzluq, piylənməyə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqları və s. səbəb ola bilər”.
 
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi  enerji içkilərinin satışı və istifadəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlayıb. Təkliflər arasında enerji içkilərinin reklamının və 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadəsinin  məhdudlaşdırılması da var.
 
Təklif edilir ki, enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı qeyd edilsin və insan sağlamlığı üçün təhlükəli olması bildirilsin.   
AQTA-dan bildirilib ki, qurum  tərəfindən enerji içkilərinin fəsadları ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.   Bunlardan biri də “Sağlam məktəbli” layihəsidir: “Layihə çərçivəsində AQTA mütəxəssisləri Bakı və respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagirdlərə enerji içkilərinin zərərləri haqqında məlumat verir.  Qeyd edək ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır”.
 
Təhsil Nazirliyi nə deyir?
 
Bəz məktəblərdə zərərli vərdişlərin yayılmasının qarşısını almaq üçün hansı işlər görülür?
 
Mövzu ilə bağlı Təhsil Nazirliyindən Lent.az-a verilən açıqlamada bildirilib ki, məktəblilərə sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən  uzaqlaşdırılmasının təmin olunması məqsədilə təhsil müəssisələrində mütəmadi olaraq müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir: “Bu ilin aprel ayında Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E. Herronun təklif etdiyi “Mən öz gələcəyimi seçirəm” mövzusunda Bakı şəhərinin bir sıra təhsil müəssisələrində seminarlar təşkil olunub.
 
Seminarların təşkil olunmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır.
 
Sözügedən seminarlarda videofilm nümayiş etdirilib, müzakirələr aparılıb, xarici ekspert tərəfindən şagird və tələbələrin sualları cavablandırılıb".
 
Təhsil müəssisəsələrində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirmə tədbirləri çərçivəsində “Zərərli vərdişlərə yox deyək!”, “Narkotiklərə yox!”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”,“Narkomaniya gəncliyimiz üçün böyük təhlükədir”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda “dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil edilir, tədbirlər zamanı narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.
 
Qeyd olunub ki, umumtəhsil məktəblərində  və  məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə məktəblilər dərsdənkənar vaxtlarda müxtəlif profilli dərnəklərə cəlb olunur, bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün  lazımi  şərait yaradılır: “Bununla yanaşı, təhsil müəssisələrində fiziki  aktivliyin yüksəldilməsi, idmanın kütləviliyinə nail olunması və  sağlam  həyat tərzinin təmin  olunması məqsədilə  şagirdlər  müxtəlif idman  bölmələrinə cəlb olunur, mütamadi olaraq  idman yarışlarında iştirakı təmin edilir”.
 
Məktəblilər arasında siqaretə aludəçiliklə  bağlı statistika aparılırmı, siqaret çəkən şagirdlərin təxmini sayı bəllidirmi?
 
Nazirlikdən bildirilib ki, siqaretçəkmə  hallarını doğuran  səbəblərin  müəyyənləşdirilib aradan qaldırılması məqsədilə təhsil müəssisələrində müxtəlif tədbirlər həyata keçirilir.
 
Belə ki, təhsil müəssisəsələrində “Tütünçəkmənin və spirtli içkilərin yaratdığı xəstəliklər”, “Sağlam həyat tərzi”, “Siqaret çəkmək sağlamlığa ziyandır”, “Tütünçəkmənin müxtəlif orqan və sistemlərə göstərdiyi təsirlər”, “Tütün tüstüsünün uşaqlara təsiri”, “Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz” mövzularında təhsil işçiləri, məktəblilər və onların valideynlərinin iştirakı ilə maarifləndirici söhbətlər, disput, seminar və “dəyirmi masa”lar, “açıq dərslər”, rəsm sərgiləri və  mədəni-kütləvi tədbirlər, idman oyunları, sağlam həyat tərzinin təşviq edilməsi ilə bağlı görüşlər, "Siqareti sağlam həyat tərzinə dəyişirik" adlı aksiyalar və digər tədbirlər keçirilir. 
 
Eyni zamanda “Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri”  mövzusunda həkim-məsləhət saatları, səhiyyə işçiləri ilə görüşlər təşkil edilir, məktəblilərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzinin tənzimlənməsi, bu vərdişlərin onların həyat və sağlamlığına mənfi təsir etdiyini özündə əks etdirən videoçarxlar və sənədli filmlər nümayiş etdirilir.
 
Təhsil müəssisələrində məktəblilərə tütündən və spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik barəsində ətraflı məlumat verilir, mövzu ilə əlaqədar divar qəzetləri, fotostendlər və  bülletenlər hazırlanır.
 
Maarifləndirmə tədbirlərində məktəblilərə, onların valideynlərinə, pedaqoji işçilərə  tütünün, spirtli içkilərin, narkotik  maddələrin  qeyri-tibbi istehlakının profilaktikası üzrə təbliğat xarakterli materiallar, yaddaş kitabçaları, maarifləndirici  bukletlər və xəbərdarlıq vərəqələri paylanılır.
 
 
 
# 2435
avatar

Aygün İbrahimli

Oxşar yazılar