[b]Ayurveda: düşüncəmizə nəzarəti əlimizdə saxlayaq...[/b]
02 may 2019 23:20 (UTC +04:00)

[b]Ayurveda: düşüncəmizə nəzarəti əlimizdə saxlayaq...[/b]

Bu dəfə təbabətin qədim hind sistemi olan, qədim olmasına rəğmən, inkişaf etmiş ölkələrdə böyük maraq və uğurla tətbiq olunan “ayurveda” haqqında məlumat vermək istəyirəm. Ayurveda uzunömürlüyə şərait yaradan və ya mane olan, həyat şəraitinin əlverişli və ya uyğun olmayan, xeyirli və ya zərərli  amilləri haqda,  həmçinin həyatı hansı ölçülərlə yaşamaq  haqqında elimdir.

Ayurveda - sanskritcə (qədim hind) “həyat haqqında elim” və ya “sağlam həyat bilgisi” mənasını daşıyır. Ayurveda Vedik fəlsəfəsinin (klassik Şərq fəlsəfəsi) hissəsi kimi yaradılıb. Yaranma səbəbi insanlara kainat haqqında hərtərəfli biliklərin verilməsi idi ki, kainatın bir parçası olan insan onun vahid qanunu ilə yaşayaraq həqiqi olan sağlamlığını qoruya bilsin.

Ayurvedaya görə xəstəliyin yaranma prosesi belədir:

Hind mənəvi (ruhani) ənənəsində xəstəliyin səbəbi iki kateqoriyaya ayrılır: 1. Fiziki (bioloji) səbəblər: bioloji elementlərin və fiziki bədənin ilk enerji balansının pozulması. Bu etapda müalicə bədənə birbaşa təsirlə aparılır-travma, dieta, fizioterapiya və yoqa duruşları. Daha ağır patologiyalarda mineral, bitki tərkibli preparatlar, həmçinin cərrahi müdaxilə istifadə edilir.

2. Bu kateqoriyaya karmik səbəblər daxildir. Yəni burada hesab olunur ki, xəstəlik bizim xətalı (doğru olmayan) əməllərimizin nəticəsi olaraq yaranıb. Bu, digər insanlarla münasibət zamanı yaranan emosional problemlər, yanlış peşə seçimi ola bilər ki, müalicə zamanı həyat tərzinin və dünyaya ümumi münasibətin dəyişdirilməsi lazım gəlir.

Xəstəliyin səbəbi öncəki həyatlarda başqa canlılara verilən zərər və ya öz gücünü (fiziki və maddi) yaxşı olmayan əməllərə istifadə etmək də sayıla bilər. Bu səbəblə yaranmış xəstəliklərin müalicəsində daxili (mənəvi) təmizlənmək üçün uyğun olan metodlar istifadə edilməlidir.

Bu məqsədlə Ayurveda da yoqa və mənəvi (ruhani) terapiya istifadə edilir. Ayurvedanın bu bölməsi Dayva Çikitsa adlandırılır. Müalicə zamanı qiymətli daşlardan, mantralardan (mana-sanskrircə düşünmək, ağıl; tra-təmizləmək, azad etmək), dualardan və meditasiyadan istifadə edilir. Bunların istifadəsi sentimental inanca yox, tam əksinə, ağlın dərin mexanizmini anlamağa əsaslanan köklü fəlsəfəyə dayanır.

Ayurvedaya əsasən insan 3 bədəndən ibarətdir: Fiziki, astral və incə energetik və ya qərb dilində desək, bədən, ağıl və ruhdan. Ayurvedanın mərkəzi fiziki aspekt olmasına baxmayaraq, o digər ikisini də kənara qoymur.

Dərin Vedik mədəniyyətinin bölməsi olan Ayurvedadan ilk söhbətimizi burada saxlamaq istəyirəm. Çünki beynimizin bu kiçik yazıdakı informasiyanı həzm etməsi üçün zamana ehtiyacı var.

Qanunauyğun olaraq, xəstəlik sevginin yetərli olmamasından yaranır, xüsusən, özümüzə, fiziki bədənimizə olan sevgisizlikdən. Sağlam olmayan fiziki bədəndə sağlam idrakın olması imkansızdır. Unutmayaq ki, bir çox xəstəliyin səbəbi həddindən artıq materialist düşüncələr və bunları həyata keçirərkən ifrat dərəcədə səy göstərməyimizdir.

Özümüzü yorduğumuz bu mübarizədə bizimlə energetik bağı olan sevdiklərimizi də, şəfaverici hissi də yox etmədən yaşamağın ali səbəbini tapmağımızı arzulayıram.

 

Arzu Yusifova-Hepatoloq-qastroenteroloq

# 593
avatar

Oxşar yazılar