“Azərbaycanda müxtəliflik çox əhəmiyyətli dəyərdir” - Təhsil Nazirliyinin şöbə müdiri
02 may 2019 16:44 (UTC +04:00)

“Azərbaycanda müxtəliflik çox əhəmiyyətli dəyərdir” - Təhsil Nazirliyinin şöbə müdiri

"Bakı Prosesi və Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Dünya forumları artıq beynəlxalq arenada böyük rəğbət qazanıb. Bu forum mədəniyyətlərarası və dinlərarası dialoqa vacib  töhfə verir".  
 
ONA-nın məlumatına görə, bunu KAİCİİD  təşkilatının baş katibinin müavini Alvaro Albaçete Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumu çərçivəsində keçirilən "Qlobal Vətəndaşlıq Təhsili: sülh mədəniyyətinin aşılanması" adlı paneldə deyib. 
 
"Biz inanırıq ki, qlobal vətəndaşlıq təhsili ümumi təhsil sistemində əhəmiyyətli rol oynayır. Başqalarını dinləmək bacarığı, düşünmək və hörmət mədəniyyətlərarası dialoqun qurulmasında əsas rol oynayır. Hörmət olmadan dialoq mümkün deyil. İnklüzivlik, azlıqları müzakirələrə daxil etmək zəruridir", - deyə A.Albaçete vurğulayıb.
 
"İnsanlar çox vaxt münaqişələrin tarixindən danışmır. Biz bütün etnik qruplarla onların tarixi haqda, gələcək haqda müzakirələr aparırıq, hazırda istədikləri haqda danışırıq. Bizim məqsədimiz odur ki, bizim yaşadıqlarımızı gələcək nəsillər yaşamasın. Buna da sadəcə təhsil və müzakirələr aparmaqla nail ola bilərik", - deyə "Şri-Lanka birləşdirir" təşkilatının milli direktoru Neluni Tillekeratne qeyd edib. O bildirib ki, təmsil etdiyi təşkilat Şri-Lankanın 20-dən çox bölgəsində etnik azlıqlar arasında mədəniyyətlərarası dialoq mövzusunda təlimlər keçirir.
 
N.Tillekeratne həmçinin Şri-Lankada son günlərdə törədilən silsilə terror hücumlarını xatırladıb: "10 gün öncə mənim gözəl adam terror hücumları ilə sarsıldı. Bu hücumlar İslamla əlaqələndirilən İŞİD tərəfindən törədilib. İnsanlar ictimai nəqliyyata, məbədlərə getməyə qorxurdular. Bütün gizli qorxular üzə çıxdı. İslamofobiyanın baş qaldırmasından qorxurduq".
 
O vurğulayıb ki, belə bir hadisə 10 il öncə yaşansaydı, Şri-Lanka problemi hərbi yolla həll etməyə çalışardı: "10 il öncə belə hadisə baş versəydi, insanlar məsələni şiddət yolu ilə həll etməyə çalışardı, ancaq indi 10 il sonra insanlar anlayırlar ki, Şri-Lankada bütün dinlərin nümayəndələri yaşayır - buddistlər, xristianlar, müsəlmanlar. Şri-Lankada nifrətə yer yoxdur".
 
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib ki, dünyada savadlılıq səviyyəsi qitədən qitəyə çox fərqlənir və bu halda qlobal vətəndaşlıq təhsili haqda çətindir. O, qeyd edib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faiz təşkil edir: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox çətin dövr yaşayıb. Biz öz qonşularımız tərəfindən işğala məruz qaldıq. Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycanda həmişə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh içərisində  yaşayıb. Azərbaycanda müxtəliflik çox əhəmiyyətli dəyərdir". 
 
N.Məmmədli bildirib ki, Azərbaycan hökuməti qlobal vətəndaşlıq təhsili sahəsində bir çox addımlar atır: "Azərbaycanda Xaricdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilib. Bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı tələbə xarici ölkələr, xalqlar və dinlərlə tanış olub. Azərbaycanın ali təhsil müəssisələrində multikulturalizm məcburi fənn kimi tədris edilir".
# 772
avatar

Oxşar yazılar