Çilidən olan belçikalı saksafonçu BAKI METROSUNDA

Bakı metropoliteni tarixində xüsusi yer tutacaq daha bir sosial layihə keçirilib.
 
“Bakı Metropoliteni” QSC-dən Lent.az-a verilən məlumata görə, bu dəfə may ayının 1-dən 15-dək ölkəmizdə təşkil edilən 3-cü "Imagine" Avropa Tolerantlıq Festivalının birinci tədbiri məhz metropolitenin “İçərişəhər” stansiyasının vestibülündə baş tutub.
 
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniildis, “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirak ediblər.
 
Səfir Kestutis Yankauskas Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində əlaqələrin dərinləşdirilməsi, inteqrasiyanın sürətləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində artıq 3-cü dəfədir keçirilən Festivalın əhəmiyyətini vurğulayıb. Bu dəfə tədbirlərin həm də ilk dəfə Gəncədə təşkil ediləcəyini, həmçinin Bakının ictimai sərnişindaşıma nəqliyyatında əhəmiyyətli yeri olan metropolitenin “İçərişəhər” stansiyasında başlamasının əhəmiyyətini qeyd edib.
 
Tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva festivalın ilk tədbirinin məhz metropolitendə keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. O, bildirb ki, “Bakı Metropoliteni” QSC sosialyönümlü fəaliyyətində dünyəvi dəyərlərin təbliğinə xüsusi diqqət ayırır. Ənənəvi olaraq stansiyalarda keçirilən sərgilər və aksiyalar bunun bariz nümunələridir.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov festivalın ictimai sərnişindaşıma sektorunda xüsusi çəkisi olan, eyni zamanda sosial layihələri ilə Azərbaycanın və dünyanın mədəni-mənəvi irsinin təbliğatına, ortaq dəyərlərin tərənnümünə əhəmiyyətli yer ayıran Bakı metropolitenində keçirilməsinin rəmzi xarakter daşıdığını deyib və sərnişinləri, şəhərimizin qonaqlarını bir saat davam edəcək konserti dinləməyə dəvət edib.
 
Saat 17:00-da başlanan konsertdə əslən Çilidən olan belçikalı saksafonçu Marselo Monkada çıxış edib. Tenor saksafon ifaçısı Marselonun ifası dinləyicilərini caz improvizasiyası aləminə səyahətə çıxarıb. 
 
Saksafonçu açıqlamasında bildirib ki, Azərbaycanda olmağından çox məmnundur. Keçirilən festivalın Avropa və Azərbaycan üçün birgə əməkdaşlıq, qarşılıqlı münasibətlərin, mədəni əlaqələrin qurulması baxımından faydalı olacağını da əmin olduğunu ifadə edib.
 
Qeyd edək ki, Bakı və Gəncədə keçirilməsi nəzərdə tutulmuş builki tədbirlər Şərq Tərəfdaşlığının 10 illik yubileyinə təsadüf edir və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti "United Cultures" əməkdaşlıq çərçivəsində İttifaq ölkələri ilə yanaşı, Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirlikləri ilə birlikdə mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərinin tanınmasına yönəlib.

LENT

26 May 2019
25 May 2019

Digər xəbərlər >>>