"Mən hələ bu qiymətə kartof satmamışdım"  - <span style="color:red;">kartof-soğan bazarında REAL QİYMƏTLƏR
02 may 2019 16:10 (UTC +04:00)

"Mən hələ bu qiymətə kartof satmamışdım" - kartof-soğan bazarında REAL QİYMƏTLƏR

“20 ildir kartof-soğan satıram. Məhsuldarlıqdan asılı olaraq illər üzrə qiymət fərqi olur. Amma hələ indiyə kimi yerli kartofun köhnəsini 2 manata satdığımı görməmişdim. Bu il 2 manata satıram. Təzə kartofu hətta 3 manata da satdığım olub". 

 

Bunu Bakının ən ucuz bazarı kimi tanınan "8-ci kilometr" bazarında Gündüz adlı satıcı deyir.

 

Kartofu el arasında ikinci çörək də adlandırırlar. Azərbaycan süfrəsində kartofdan geniş istifadə olunur. Bəlkə vaxtilə ucuz məhsul olduğu üçün kartof belə geniş yayılıb. Amma hazırda vəziyyət heç də belə deyil.

 

Qış ayaları ilə müqyisədə hazırda kartofun, eləcə də soğanın qiyməti daha da yüksəlib.

 

Kartof-soğan qiymətlərini yerində öyrənmək məqsədilə Lent.az-ın əməkdaşları "8-ci kilometr" bazarında olublar.

 

İlkin müşahidədən bazarda kartof-soğan məhsulunun o qədər də çox olmadığı  nəzərə çarpırdı. Bazarda hazırda daha çox köhnə kartof satılır. Soğanda isə vəziyyət  əksinədir. Köhnə soğan bazarda çox az gözə dəyir.

 

"Çəkmə, mənim kartof-soğanımın şəklini..."

 

Marketlərdən fərqli olaraq, bazarda hər qiymətə kartof almaq mümkündür.  Kartofun irili-xırdalığına, növünə görə qiyməti dəyişir. Gözümüzə dəyən ən ucuz kartof 80 qəpik idi. Amma həmin kartofu da soyduqdan sonra əldə elə bir şey qalmayacağı görnüşündən bəlli idi.

 

Satıcıların birindən qiymətləri soruşuruq. Fotoaparatı görən kimi satıcı “müdürüm burda yoxdu” söyləyərək, qiymətləri deməkdən boyun qaçırsa da, ətrafdakılar köməyimizə çatır. “Bax, bu, 1 manat 50 qəpik, bu biri 1 manat 60 qəpikdir. Gədəbəy kartofudur. Balacası 1,50, böyükləri 2 manatdan. Nə qədər istəyirsiniz, çəkək”,-deyə əlavə edirlər.

 

Başqa bir satıcı isə sadəcə qiymətlərlə maraqlandığımızı görüncə, hirsini üstümüzə tökür: “Nə edim? Qiymətləri yazım verim sizə? Mən gah aşağı qiymətə satıram, gah yuxarı qiymətə. İndi mən sizə necə deyim ki, dəqiq neçəyə satıram. Almayacaqsınızsa, vaxtımı aparmayın. Deyəsən, boş qalmısınız”.

 

Satıcı şəkil çəkmək istəyən fotoqrafımıza da acıqlanır: “Çəkmə mənim kartof-soğanımın şəklini”.

 

Universiteti bitirəndən kartof satıram

 

Nəhayət, bizi başa düşən, anlayışlı bir satıcı tapa bilirik. Universiteti bitirəndən kartof satdığını deyən Elman Məmmədovun sözlərinə görə, Gədəbəy kartofunu 1 manat 50 qəpiyə satır: "Köhnə kartofun qiyməti qış aylarında necə idisiə, elə də qalır. Gördüyünüz bu ağ kartofun qiyməti 1 manat 50 qəpikdir. Rusiya kartofunu 80 qəpiyə satıram, Pakistandan gətirilən katrofun topdansatış qiyməti 1 manat 05 qəpik, pərakəndə satışı 1 manat 20 qəpikdir. Xaricdən gətirilən kartofun qiymətində dəyişiklik yoxdur. Yerli kartof isə bahadır".

 

Soğanın qiymətinə gəlincə, satıcının dediyinə görə, "mayovka" adlandırılan təzə yerli  soğanı 50 qəpiyə satır. "Özbəkistandan gətirilən köhnə soğanın qiyməti isə 1 manat 50 qəpikdir. Ən ucuz kartofum 1 manatdır. Gündə təxminən 100 kilo kartof, 100 kilo da soğan sata bilirəm. Müştərilərim daha çox restoranlardır. ”

 

Satıcı deyir ki, ən yaxşısı yerli məhsuldur: “Azərbaycanda becərilən məhsul dadına görə dünyanın heç birində yetişdirilmir”.

 

- Elədirsə, yerli təzə soğan 50 qəpik olduğu halda, 1 manat 50 qəpiyə olan Özbəkistan soğanını kim alır?

 

Satıcı sualıma sualla cavab verir.

 

"Bir evdar xanım kimi hansına üstünlük verərdin" sualının cavabında əlimi təzə soğana uzatdığımı görüb başını bulayır. Yaxşı evdar olmadığımı anlasam da, alıcıların köhnə və bahalı soğana nə üçün üstünlük verməsinin səbəbini də satıcıdan öyrənirəm: “Təzə soğan sulandığı üçün yaxşı qızarmır. Aşa, ətə getmir. Yeməklərdə istifadəsi məqsədəduyğun olmadığı üçün daha çox köhnə soğan alınır. Müştərisi də daha çox restoranlardır. Amma köhnə soğanın “ömrünə” bir şey qalmayıb. Bazarda bir-iki yerdə qalıb. Bir azdan təzə  yerli soğan çoxalacaq və qiyməti də ucuzlaşacaq. 3 kilosu 1 manat olacaq. Xaricdən gələn soğan bizə bir manat 10 qəpiyə gəlir. Qış aylarında  1 manat 30 qəpiyə, ya da elə 1 manat 50 qəpiyə satılır”.

 

Satıcı kartofa təlabatın daha çox olduğunu da vurğulayır.

 

Gündüz adlı satıcı da qiymətlərlə bağlı məlumat verməkdə tərəddüd etmir.

 

Ondan qış ayları ilə indiki qiymətlərin fərqi ilə maraqlanırıq.

 

"Deyək ki, mart ayında ən ucuz kartof 70 qəpik idi. İndi həmin 70 qəpiklik kartof 1 manat olub. Söhbət Belarusdan gətirilən kartofdan gedir. İndi kartofun qurtaran vaxtıdır. Özümüzdə olmadığı üçün qiymətlər yüksəlib. Qış aylarında 1 manata satdığımız kartof indi iki manat olub. Şəmkirin təzə çıxan məhsulu 1 manat 50 qəpikdir. Cəlilabad kartofu 1 manatdır. İran kartofunu martda 70 qəpiyə satırdıq. Hazırda 1 manat 20 qəpik olub. Təzə Cəlilabad kartoflarım da var, 60-70 qəpiyə satıram Cəlilabddan gəldiyi üçün, yəni yerli mal olduğuna, həm də təzə kartof tez keyfiyyətini itirdiyinə görə ucuzdur. Mən 20 ildir burada kartof-soğan, başqa tərəvəzlər satıram. Məhsuldarlıqdan asılı olaraq illər üzrə qiymət fərqi olur. Amma hələ indiyə kimi köhnə yerli kartofu 2 manata satmamışdım. Təzə kartofu hətta 3 manata satdığım da olub. Amma köhnənin bu qiymətə görməmişdim. Elə insan var ki, ancaq yerli kartof istəyir. Ucuz istəyənlər isə xaricdən gətirlən kartofdan alırlar. Təzə soğanım var ki, 50 qəpiyə verirəm. Bu il köhnə soğanım az oldu. Xarici ölkələrə getdiyi, həm də göyərmə olduğu üçün köhnə soğan qıtlığı oldu. Bu il köhnə soğanı iki manat, 1 manat 50 qəpiyə satırdıq".

 

Söhbətin bu yerində kənardan bizi müşahidə edən satıcı xanımlardan biri əsəbi səs tonu ilə müdaxilə edir.

 

"Alıcının yerli mal istəməsi ilə deyil ki… Pulu nəyə çatırsa, ondan almağa məcburdur. Paltar deyil ki, almaya. Elə məhsuldur ki, məcbur alırsan. Kim ucuz istəyir, bura gəlir. Bahalı mal istəyən heç bura gəlmir, özünüz də yaxşı bilirsiniz".

 

Satıcı öz fikrini bildirməkdə gecikmir.  

 

"Beş il əvvəl ailədə bir kişi işləyirdi. İndi beş nəfər varsa, hamısı işləyir. Camaat axşam saat 10-da 11-də evə gedir. O saatda da bazar olmur, axı. Qadınlar da işlədiyi üçün evə gedəndə onlar daha çox marketdən alırlar. Bu da bizim bazara təsir edir. Həm də məhsulun ən təzəsi və ucuzu və müxtəlif çeşidlisi həmişə bazarda satılır".

# 2673
avatar

Aygün İbrahimli

Oxşar yazılar