“Onu intim videolarla hədələyir, ərini, uşağını öldürəcəyini deyirdi...” – Bulud Qaranın gündəliyi – VIII BÖLÜM
01 may 2019 14:00 (UTC +04:00)

“Onu intim videolarla hədələyir, ərini, uşağını öldürəcəyini deyirdi...” – Bulud Qaranın gündəliyiVIII BÖLÜM

 

 

8-ci hissə: Sənubərin qısqanc əri

 

Şantaj edilirdim.

 

Mən, ağlı-huşu başında olan peşəkar psixoloq, baxışlarından, üz cizgilərindən, bütün jest və maneralarından primitivlik yağan orta statistik bir qadın tərəfindən şantaj edilirdim.

 

- Nə istəyirsən? – soruşdum.

 

- Hər şey, - dedi, - səninlə hər şey.

 

Dünyanın sonu idimi, sonunu yaşayıb dağılmış, təzədən quraşdırılıb yığılmış dünyanın əvvəli idimi, anlamaqda çətinlik çəkirdim həmin anlarda.

 

Şantaj günümüzün ən dəhşətli bəlalarından biridir. Sıravi, çox vaxt cəmiyyət üçün varlığının heç bir xüsusi önəmi olmayan fərdlərdən tutmuş ta bir-birini neştər üzərində yeriməyə vadar edib daim gərginlikdə saxlayan dünya əhəmiyyətli dövlətlərə qədər hamıya, hər kəsə zərbəsini vura bilir.

 

Mənim yanıma gələn pasientlərin əlli faizdən çoxu şantaj travması alanlar olur. Bu əlli faizin də yarısından çoxu qadınlardır. Çünki onlar cəmiyyət içərisində biabır olmamaq üçün polisə deyil, psixoloqa üz tutmağı daha əlverişli hesab edirlər. Bir çox hallarda mənim işim onları öz qorxularını dəf edib şantaja görə həyatlarını dağıtmamasına, eləcə də vaxtında öz ailə üzvlərinə və polisə üz tutmalarına ürəkləndirməkdən ibarət olur. Lakin bəzən... hətta mən də intihara mane ola bilmirəm.

 

Yadımdadır, bir körpə uşaq anası ərindən xəlvəti mənim yanıma gəlirdi. Daha doğrusu, öz bacısı gətirirdi onu. Deyirdi ki, tələbəlik illərində sevdiyi, sonra isə onu atıb xaricə gedən oğlan qayıdıb onun ərə getdiyini biləndən sonra əlindəki fotoşəkillərlə şantaj edir, xəlvəti görüşüb vaxt keçirməklərini istəyir. Qadın o adamla görüşdüyünü öz bacısının yanında israrla inkar etsə də, təklikdə qaldığı zaman ağlayıb bunu boynuna almışdı. Ərinə xəyanət etmək, başqası ilə görüşmək istəmədiyini deyirdi. Özünü murdarlanmış hiss edirdi. Deyirdi, körpəmin üzünə baxa bilmirəm, o isə əl çəkmir, ərimi, uşağımı öldürəcəyi ilə hədələyir, şəkillərim cəhənnəm, indi artıq onunla görüşdüyüm vaxtların intim videoları ilə hədə-qorxu gəlir, mən isə nə onunla görüşmək istəyirəm, nə də bu cür ağır ləkə ilə yaşamağa davam etmək.

 

Mən qadınla düz bir ay söhbət etdim. Son seansda tamamilə güclü halda gedib hər şeyi əvvəlcə ərinə, sonra isə polisə danışacağını söyləmişdi. Və bir gün sonra bunların heç birini edə bilməyib, özünü asmışdı.

 

Bu, mənim karyeramda ən uğursuz işim olmuşdu və həmin qadının intiharından sonra ərizə yazıb işdən ayrılmaq istəyirdim, depressiyadan Surxayın məni götürüb ata-anamın bir vaxtlar yaşadığı ucqar dağ kəndinə aparması ilə xilas olmuşdum.

İndi isə özüm şantajla üz-üzə dayanmışdım.

 

Qarşımda heç bir parametri ilə xoşuma gələ bilməyəcək bir qadın vardı və mən özümü ondan, onu da bu maniyasından xilas etməliydim. Ən əsası isə...həyatıma qəfil gəlib varlığı ilə yoxluğu arasında tərəddüddə qaldığım sirli qadını xilas etməliydim. Leylanı...

 

Və indi mən çox axmaq bir vəziyyətdə idim. Bu primitiv şantajçı mənimlə hər şey istədiyini söyləyib gülümsəmişdi və çıxıb getmişdi.

 

Mənsə onun üzümə çırpdığı qapının bu tərəfində dayanıb, nə edəcəyimi götür-qoy edirdim. Əlbəttə ki, ilk işim Gülnarla görüşmək olmalıydı.

 

***

 

Gülnarla Fəvvarələr meydanında görüşdük. Söhbət edə-edə bulvara doğru addımladıq.

 

- Sənubər yaxşı qızdır, - dedi, - kənddə böyüyüb. Oxumaq istəyirmiş, amma ata-anası onu zorla qohumlarından birinə ərə veriblər. Oğlan da əvvəllər Rusiyada yaşayıb, evli olub orada. Nə isə də, bildiyin adi hallardan biri.

 

- Onda demək yaş fərqləri də çox olar.

 

- On il yarım. – Gülnar gülümsədi. – Sənubər o kişiyə o qədər nifrət eləyir ki, bu “on il yarım”ı həmişə az qalır gününə-saatına kimi dəqiq desin.

 

- Hmm... düzü, mən onu erkən nikah qurbanına oxşatmadım. Çox diribaş, güclü tip kimi göründü. Hətta hiyləgər...

 

- Kim? Sənubər? – Gülnar güldü, - deyəsən axı başqa-başqa adamlar haqda danışırıq. Sənubər fağırın biridir, bir kəlmə söz demək üçün gərək əlli dəfə üzü qızarsın, əlləri əssin. Min dəfə deyirəm, güclü ol, ətrafa bax, başqa qadınlar kimi de, gül, dil öyrən, kitablar oxu, nə bilim, idmana get, rəqsə get.

 

- Və?

 

- Və heç nə, - əlini yellədi, - o ərlə o hələ ayaq üstə qala bilirsə, böyük işdir. Mən çoxdan ya o kişini öldürmüşdüm, ya özümü.

 

- Əşi siz də əl çəkin bu ölmək-öldürmək məsələsindən. Yox bir! Adam kimi boşanmaq olmur? Ərə gedəndə tutaq ki uşaq olub, məcbur ediblər, indi ki yekə adamdı. Adamı diri-diri çeynəyib tüpürər o, sən də deyirsən fağır.

 

- Yox e, vallah elə deyil. Sən niyə belə deyirsən axı, heç nə başa düşmürəm. Qəribə olmusan e. Deyəsən axı evə gətirdiyin qadınlar səni psix eləyiblər, ay psixoloq.

 

- Nə ev? – özümü itirdim, heç istəməzdim Gülnar bu dəqiqə Leyla haqda soruşsun.

 

- Sevgililərini deyirəm də. Hələ o gün evində gördüyüm... Kukla kimi qızdı, amma gör nəylə məşğuldur, axmaq.

 

Vəssalam. Yaram təzələndi. Yenə Leylanın məni evimdə, mənim pijamamda gəzdiyini, süfrə açdığını, yerdə oturub mənə baxdığını xatırladım.

 

- Eyy, rəngin niyə qaçdı? Deyəsən bu dəfə məsələ ciddidir axı, hə? Düzünü de, vurulmusan, hə? Sən canın, kimdir o? Adı nədir? İndi ordadır yenə? Evdədir?

 

- Gülnar! – ani sərt dillənsəm də, səsimi yumşaltdım, - əl çək. Evdə heç kim yoxdur. Ciddi məsələ nədir? Heç yadımda da deyil kim idi.

 

- Hmm... – Gülnar pərt halda üzümə baxdı.

 

- Vallah! – deyib saatıma baxdım, - Oldu, gedək səni ötürüm, Surxay məni gözləyəcək.

 

- Surxay da sən ağıldadır elə! İkiniz də başıxarabsız!

 

Gülnarın da Surxaydan xoşu gəlirdi, bilirdim. Amma bu ikisini bir araya gətirəcək qüvvəyə hələ ki, inanmırdım.

 

***

 

Surxayla görüşüb həmişə getdiyimiz kafedə oturduq. Dilxorluğumun səbəbini soruşanda Sənubərin məni şantaj etdiyini söylədim. Surxay elə qəhqəhə çəkdi ki:

 

- Sən allah, nə mıxıdı o elə? Yüzlükdü?

 

- Mıx deyil bu dəfə, - gülmək hayında olmasam da birtəhər gülümsədim, - pazdı.

 

- Hamilədi? Nə istəyir səndən? Ev? Pul?

 

- Əşi yox. Heç nə yoxdu hələ. Məni istəyir.

 

- Necə yəni səni istəyir? Evlənmək istəyir? Qulaq as e, yatmısız ya yatmamısız, necə yəni heç nə yoxdur? Qız uşağıdır?

 

- Yox, Surxay, yox! Yekə arvaddı. Deyir mənim ol, vəssalam.

 

- Dəlidi e, - Surxay güldü, - deyir ol, ol da. Nənəm demişkən...

 

- Nənəndən keçib bu dəfə - sözünü kəsdim - İş böyükdür... qadın məni rəsmən şantaj edir. Deyir...

 

Birdən mən ayıldım ki, bu barədə nəinki Surxaya, heç özüm özümlə güzgüdə də danışmamalıyam. Axı söhbət Leyladan gedirdi. Hamının ölmüş bildiyi, öz ərinin belə öldüyünü təsdiq etdiyi, amma sağ olan, mənim paltarlarımla, vizit kartımla bu dəqiqələrdə haralardasa gəzib-dolaşan, sağ-salamat olan Leyladan. Mən onun mənə etibar etdiyi sirri qorumalıydım.

 

- Nə deyir axı bu Sininbər?

 

- Sininbər yox, Sənubər, - mən ayağa qalxdım, - heç nə. Deyir, ərimdən boşanıram, al məni.

 

- Və? Bəs sən? Alacaqsan?

 

- Çarəm nədir? – ofisiantı çağırdım, - qaqaş, hesabı gətirərdin...

 

***

 

Maşını məhəllənin bir tərəfində saxlayıb, marketdən su və saqqız alaraq, binamıza sarı addımladım. Adətim üzrə başımı qaldırıb öz mənzilimə sarı baxdım. Eyvanın pəncərəsi aralı idi və içəridə işıq yanırdı. İlk anda buna əhəmiyyət verməsəm də, ikinci saniyədə bütün fikirlərim bir-birinə qarışdı yenə. Səhər evdən çıxanda işıqları söndürmüşdüm, bu dəqiq idi. Eyvanın pəncərəsini də demək olar ki, heç vaxt açmıram. Bəs elə isə...

 

Tələsə-tələsə yuxarı qaçdım.

 

Hər pillədə Leylanı düşündüm.

 

Demək əlavə açarlardan birini də götürübmüş. Ağıllım mənim!

 

Xəyalımda qapıdan içəri keçən kimi onu çağırıb bağrıma basacağımı təsəvvür edə-edə dördüncü mərtəbəyə çatdım.

 

Və...

 

Və qapının ağzında Sənubəri gördüm.

 

O, məni görcək gülümsədi:

 

- Axşamın xeyir, - telini qulağının arxasına verdi, - dedim gəlim baxım mənim psixoloqum neynir, necədir. Görürəm sənə pay gətiriblər.

 

Sənubər ayağının yanında yerdə mənim qapımın böyrünə söykənmiş sellofan bağlamanı göstərdi. Mən tələsik bağlamanı yerdən götürüb açdım.

 

Soyuq tər alnımdan üzümə, boynumdan köynəyimin yaxalığına axırdı deyəsən.

 

Bağlamada mənim paltarlarım idi. Leylanın geyinib getdiyi paltarlar... Şalvarım, sviterim, idman gödəkçəm və ayrıca bükülmüş krossovkalarım...

 

(Davam edir)

 

# 6515
avatar

Bulud Qara

Oxşar yazılar