Qazın <span style="color:red;">YENİ LİMİTİ  bu cür hesablanacaq - <span style="color:red;">RƏSMİ AÇIQLAMA
01 may 2019 12:21 (UTC +04:00)

Qazın YENİ LİMİTİ bu cür hesablanacaq - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aprelin 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxıb.
 
Lent.az xəbər verir ki, Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib.
 
Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.
 
Məsələ ilə bağlı Tarif Şurasından Lent.az-a bildirilib ki, təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar yaranmış fərq dövlət tərəfindən qarşılanacaq. Bildirilib ki, artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq. "Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaq. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaq".
 
Artırılmış limitin tətbiqinə gəlincə, Şuradan verilən məlumata görə, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək: "Misal: tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kubmetri) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq. Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kubmetr) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub mX20 qəpik olmaqla həyata keçiriləcək. Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kubmetrdən aşağıdır".
 
Millət vəkili Vahid Əhmədov isə Lent.az-a açıqlamasında bildirib ki, qaz limitinin artırılması məsələsi çoxdan gündəmdə idi və məsələ ətrafında müzakirələr gedirdi: “Müəyyən müraciətlər olurdu, əhali ilə görüşlərimizdə bu məsələ qaldırılırdı. Mən özüm məsələ ilə əlaqədar araşdırmalar aparırdım. Dövlət Neft Şirkətinin, “Azərişıq” ASC-nin rəhbərliyi ilə görüşmüşəm, müzakirlər aparmışam müəyyən arayışlar almışam. Müzakirələrdə məlum olurdu ki, əhlinin 70 faiz əhali ayrılan 1700 kubmetr səviyyədə istehlak edir. Yəni o səviyyəni saxlayır. Yalnız 30 faiz əhali 1700 kubmetrdən yuxarı təbii qaz istifadə edir.  İşıqda bu rəqəm fərqlidir. Əhalinin  20 faizi 300 kilvat-saatdan yuxarı işıq istifadə edir.
 

Amma ümumi götürəndə əhali arasında narazılıqlar var idi. Başa düşürəm, bu şirkətlərin özlərinin də qazın və işığın qiymətləri ilə əlaqədar olaraq çox ciddi arqumentləri var. Amma biz xahiş elədik ki, əhalinin vəziyyəti nəzərə alınaraq, limit artımına qədər getmək lazımdır. Prezident İlham Əliyev humanist  bir addım ataraq ilk olaraq limiti 500 kubmetr artıraraq 2200-ə çatdırdı. Dövlət Neft Şirkətinin, o cümlədən “Azərişıq” ASC-nin də gəlirləri bu sahədə çox da yüksək deyil. İndi bizə suallar verirlər ki, qaz limitinin gələcəkdə artırılması gözlənilirmi? Bunlar prezidentin ixtiyarında olan məsələlərdir. Ölkə başçısı istənilən vaxtı bu məsələlərə baxa bilər. Amma həm dövlətin imkanı, həm də insanların vəziyyətini nəzərə almaq lazımdır”.

 

Millət vəkili qeyd edib ki, əgər insanlarımn maaşları, pensiya, verilən müavinətlər daha da yüksək olsaydı, limitə ehtiyac olmazdı: “Amma indi hələlik elədir ki, aztəminatlı ailələrdə işığın, qazın pulunun ödənilməsində problemlər olduğu üçün limit artımına gedilir. Bu addım çox müsbət addımdır. Azərbaycanda gedən dərin iqtisadi, sosial, siyasi islahatların bir qolu kimi bu sahəyə də diqqət var”.

 

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə Lent.az-a deyib ki, 22 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilərək təbii qazdan istifadə üçün illik istehlak həcmi 1700 kubmetr limit tətbiq edilib:

 
“Aprelin 30-da isə Tarif Şurası tərəfindən yenidən bu məsələyə baxılaraq illik istehsal həcmi artırıldı. Artıq bu gündən etibarən smart kart qaz sayğaclarında aparılan ödənişlər limiti keçən istehlakçılar üçün yenə də əvvəlki tariflə, yəni 10 qəpiklə hesablanacaq. 1700 kubmetri istifadə edənlər üçün 500 kubmetr əlavə ediləcək" deyən İ.Kərbalayevin sözlərinə görə, ümumilikdə isə bu qərar bütün abonentlərə, istər mexaniki qaz sayğacları, istərsə də smart kartlardan istifadə edən istehlakçılara şamil olunacaq.
# 3637
avatar

Aygün İbrahimli

Oxşar yazılar