UEFA Çempionlar Liqası: yarımfinal mərhələsinə start verilir
30 aprel 2019 11:24 (UTC +04:00)

UEFA Çempionlar Liqası: yarımfinal mərhələsinə start verilir

Aprelin 30-da UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinə start verilir.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərhələnin ilk oyun günündə İngiltərə və Hollandiya komandaları qarşılaşacaqlar. “Tottenhem Hotspur” stadionunda keçiriləcək görüşdə “Tottenhem” doğma azarkeşlər önündə “Ayaks” komandasını qəbul edəcək.
 
Londonlular dörddəbir finalda İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni, “Ayaks” isə İtaliyanın “Yuventus” kollektivini mübarizədən kənarlaşdırıb.
 
Meydan sahiblərinin heyətində Serj Orye, Mussa Sissoko və əsas qol silahı sayılan Harri Keyn zədə səbəbindən meydana çıxmayacaqlar. Həmçinin baş məşqçi Maurissio Paçettino Son Xın Mın, Harri Vinks və Erik Lamelanın da xidmətindən yararlana bilməyəcək.
 
Amsterdamlılarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır. Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.
 
Mərhələnin digər oyunu isə mayın 1-də İspaniyada təşkil olunacaq. “Barselona” öz meydanında İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. Komandalar arasında cavab oyunu mayın 8-də keçiriləcək.
 
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
# 716
avatar

Oxşar yazılar