Hərbi xərclərə nə qədər vəsait xərclənib - Ölkələr üzrə SİYAHI
29 aprel 2019 19:30 (UTC +04:00)

Hərbi xərclərə nə qədər vəsait xərclənib - Ölkələr üzrə SİYAHI

Ötən il dünya ölkələrinin hərbi məqsədlər üçün xərclədiyi vəsait 2,6 faiz artaraq 1,82 trilyon dollara çatıb.
 
Bu barədə məlumat Stokholm Dünya Problemlərinin Tədqiqatı İnstitutunun məruzəsində yer alıb. Məruzəyə əsasən, dünya ölkələrinin hərbi xərcləri atıq ardıcıl olaraq ikinci ildir ki, artmağa davam edir və hazırda 1988-ci ildən bəri ən yüksək həddə çatıb. Eyni zamanda, hərbi xərclər dünya ÜDM-nin 2,1 faizini təşkil edib.
 
Müdafiəyə daha çox pul xərcləyən ölkələr arasında ABŞ ilk pillədə qərarlaşıb – 649 milyard dollar.
 
Siyahıda ikinci yeri Çin (250 milyard dollar), üçüncü yeri Səudiyyə Ərəbistanı (67,6 milyard dollar) tutub. Reytinqdə dördüncü və beşinci yerlərdə isə müvafiq olaraq Hindistan (66,5 milyard dollar) və Fransa (63,8 milyard dollar) gəlir. Rusiyanın 2018-ci ildə müdafiə xərcləri azalaraq 61,4 milyard dollar təşkil edib. Bu, ölkənin hərbi xərclər reytinqində ilk beşliyi tərk edərək altıncı pilləyə enməsi ilə nəticələnib.
 
NATO ölkələri 2018-ci ildə hərbi məqsədlərə 963 milyard dollar xərcləyib. Bundan öncəki il alyansın müdafiə xərcləri 900 milyard dollar təşkil etmişdi.
 
2018-ci ildə dünyanın hərbi xərclərinin yarısı ABŞ və Çinin payına düşüb. Vaşinqtonun müdafiə xərcləri 7 ildə ilk dəfə olaraq artıb (4,6 faiz).
 
Pekin isə əksinə, hərbi xərclərini 24 ildir ardıcıl olaraq artırır: 2018-ci ildə 5 faiz.
 
Səudiyyə Ərəbistanı hərbi xərclərini azaldan ölkələr arasında liderdir. Belə ki, 2017-ci illə müqayisədə ərəb ölkəsi hərbi xərclərini 4,6 milyard dollar azaldıb. Türkiyə isə əksinə, 2018-ci ildə müdafiə xərclərini artıraraq ilk 15-likdə yer alan ölkələr arasında lider olub. Ötən il Türkiyənin hərbi xərcləri 24 faiz artaraq 19 milyard dollara çatıb.
 
Stokholm Dünya Problemlərinin Tədqiqatı İnstitutu dünya ölkələrinin hərbi xərclərini hesablayarkən silahlanmaya, hərbçilərin maaşlarına, hərbi obyektlərin tikintisinə və bu sahədə elmi-tədqiqat işlərinə xərclənən vəsaiti nəzərə alıb.
 
 
 
 
(AZƏRTAC)
# 818
avatar

Oxşar yazılar