[b]"Abituriyentlər qayda pozmağa sövq edilir" - Məleykə Abbaszadədən kurslara və repititorlara XƏBƏRDARLIQ[/b]
29 aprel 2019 11:27 (UTC +04:00)

[b]"Abituriyentlər qayda pozmağa sövq edilir" - Məleykə Abbaszadədən kurslara və repititorlara XƏBƏRDARLIQ[/b]

DİM sədri müxtəlif kurslara və repititorlara xəbərdarlıq edib: "Abituriyentlər qayda pozmağa sövq edilir"
 
“İmtahanlardan sonra aparılan araşdırmalar nəticəsində kommersiya məqsədi ilə fəaliyyət göstərən müxtəlif kurslar və orada repititorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub”.
 
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
 
Onun sözlərinə görə, müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər: “Ötən il  ali təhsil müəssisələrinə qəbul zamanı  imtahanda iştirak etməli olan  abituriyentin yerinə başqa birinin göndərilməsini təşkil edən (hazırda həmin şəxslərə qarşı cinayət işi açılıb), bu il aprelin 7-də keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə sual kitabçasının fotoşəklinin ilk dəfə paylaşılması da hazırlıq kurslarının repititor əməkdaşları tərəfindən edilib. Bu şəxslərin əsas məqsədi daha çox abituriyent kütləsi toplamaqla maddi qazanc əldə etmək olur və abituriyentlərin gələcək taleyi çox təəssüf ki, onları maraqlandırmır”.
 
M.Abbaszadə qeyd edib ki, nəticələri ləğv olunan abituriyentlər, onların valideynləri kömək göstərilməsi və abituriyentlərin səhvlərinin bağışlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət ediblər: “Ancaq nəzərə almaq lazımdır ki, imtahan bir müsabiqədir və burada əsas məqsəd düzgün seçim etmək, daha bilikli şəxslərin müəyyən edilməsidir. Bir iştirakçıya güzəşt edilməsi, digər iştirakçıların hüquqlarının pozulması deməkdir.  Ona görə də, müsabiqə iştirakçıları, valideynlər daha da diqqətli olmalı, məsələyə ciddi yanaşmalıdırlar. Qeyri-qanuni metodlara əl atmaq, onlardan istifadə etmək yolverilməzdir. Abituriyentlər və onların yaxınları yalnız biznes məqsədi ilə fəaliyyət göstərən kursların, müəyyən şəxslərin vədlərinə aldanmamalı, özlərinin sui istifadə olunmasına şərait yaratmamalıdırlar”.
# 606
avatar

Oxşar yazılar