Üzdə qırışlar niyə artır?
24 aprel 2019 23:38 (UTC +04:00)

Üzdə qırışlar niyə artır?

Üzümüzdə yaranan qırışlar hər birimizi çox narahat edir. Ona görə də onları aradan qaldırmaq üçün müxtəlif yollara üz tuturuq. Bunun üçünsə büdcəmizdən vəsait ayırmağımız lazım gəlir. Amma nəzərə almaq lazımdır ki, hər şeydən əvvəl qırışların artma səbəbini öyrənmək önəmli amildir.

Qırışlar hansı amillər nəticəsində yaranır?

Günəş faktoru

Qırışların tez yaranmasının əsas səbəbi ultrabənövşəyi şüalardır. Ozon təbəqəsinin incəlməsi nəticəsində UVA və UVB şüalarla yanaşı UVC şüaları da Yer kürəsinə intensiv çatır. Bu şüalar nəinki dəridə qırışlara səbəb olur, hətta dəri xərçənginin yaranmasında birinci risk faktorudur. Bunu nəzərə alaraq Günəşdən qoruyucu SPF faktorlu kremlərin  istifadəsi çox vacibdir. İstər Günəşin altında, istərsə də solariumda qaralmış dərini çox bəyənsəniz də dərinizin qocaldığını unutmayın.

Stress

Stress keçirildiyi zaman əzələlərin dartılması dəridə cizgilərin yaranmasına səbəb olur. Üzücü üz ifadəsi qırışların dərinləşməsinə şərait yaradır. Ona görə də çalışın stressdən uzaq durun.

Siqaret

Zərərli vərdişlərdən biri olan siqaret təkcə sağlamlığımıza mənfi təsir göstərmir, həm də gözəlliyimizi əlimizdən alır. Siqaret çəkənlərin dərisi daha tez qırışır və solğunlaşır.

Yuxu rejimi

Üzü üstə yatmaq da qırışların yaranmasını sürətləndirir. Uzun zaman eyni pozada qalan dəri nəfəs almır və üzdə xətlərin əmələ gəlməsi dərinin qırışmasına gətirib çıxarır.

Qidalanma

Qırışların əmələ gəlməsində qidalanmanın da rolu var. A, C, D və E vitaminlər, selen, dəmir və sink tərkibli antioksidantlar dərini gücləndirir. Meyvə və tərəvəzləri mövsümə  uyğun seçmək və gün ərzində yetərincə maye (ən az 2,5 litr su) qəbul etmək dəri sağlamlığı üçün çox vacibdir.

Yanlış kosmetika seçmək

Hər kəs öz dərisini tanımalıdır. Kosmetik vasitələri seçəndə yaşı və dəri tipimizi nəzərə almalıyıq. Kosmetika seçərkən dərini nəmləndirən, kollageni bərpa edən məhsullar olmasına diqqət etmək lazımdır.

Tez-tez arıqlayıb-kökəlmənin də qırışların yaranmasında rolu böyükdür. Xüsusilə 30 yaşdan sonra tez-tez arıqlayıb-kökəlmə dərinin boşalmasına, sallanmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün pəhrizə oturan xanımlar mütləq antisellülit əleyhinə masaj etdirtməlidirlər...

 

Lalə Cahangirova – Dermatoloq, uzman həkim

 

e-tibb.az

# 1165
avatar

Oxşar yazılar