<b><span style="color:red;">Hikmət Babaoğlu:  "Əli Kərimlinın adı xəyanət sözü ilə assosiasiya olunur"</b>
24 aprel 2019 19:11 (UTC +04:00)

Hikmət Babaoğlu: "Əli Kərimlinın adı xəyanət sözü ilə assosiasiya olunur"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun məqaləsi:
 
 
Hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin qarşısında duran mühüm strateji məqsədlərdən biri dayanıqlı inkişafın təmin edilməsi və ictimai-siyasi sabitliyin qorunmasıdır. Bu strateji vəzifə rasional, praqmatik, milli maraqlara uyğun daxili və xarici siyasətin həyata keçirilməsini zəruri edir. Qloballaşma şəraitində yeni geostrateji şərtlər fonunda artan təhdidlər və risklər bir çox ölkələrin xaos, anarxiya meydanına çevrilməsinə səbəb olur, praqmatik, milli mənafeyə xidmət edən strateji kurs həyata keçirən, xalq-iqtidar birliyinin təmin olunduğu dövlətlər isə sabitlik adası kimi davamlı yüksəlişə malik olurlar. Bu kontekstdə Azərbaycanın müsbət təcrübəsi təqdirəlayiq hal və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. 
 
Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır
 
Azərbaycan dünyaya yeni və daha mütərəqqi, nümunəvi xarakter daşıyan inkişaf modeli təqdim edib. Bu model bir çox cəhətləri ilə diqqəti cəlb edir. Onun başlıca səciyyəvi xüsusiyyətlərindən biri ölkədə dinamik tərəqqinin bütün sahələri əhatə etməsidir. Azərbaycanın inkişafının davamlı xarakter daşımasını şərtləndirən strateji faktorlardan biri müasir çağırışlara uyğun mütərəqqi islahatlar paketinin reallaşdırılmasıdır. Ölkədə son 15 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, milli iqtisadiyyatın dayanıqlı və dinamik inkişafı təmin edilib. Eyni zamanda, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması üçün mühüm institusional islahatlar həyata keçirilib, əhəmiyyətli nəticələr əldə olunub. Dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatların aparılması da bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Şübhəsiz ki, bütün bunlar müəyyənləşdirilmiş strateji hədəflərə çatmağa imkan verir, Azərbaycanın qarşısında yeni perspektivlər açır. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun mühüm xarakterik xüsusiyyətlərindən biri onun sosialyönümlü olmasıdır. Yəni dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və mənafeyi dayanır. Bu, bir reallıqdır ki, dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, dövlət də inkişaf edir. Biz bunu Azərbaycanın nümunəsində bariz şəkildə müşahidə edirik. Bunun başlıca səbəbi, heç şübhəsiz ki, dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Onun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq burada önə çıxan, ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam etdirilir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları əsasında şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlərin, minimum aylıq əməkhaqqının, pensiyaların artırılması və digər nümunələr bu reallığın bariz nümunəsidir. Son bir il ərzində həyata keçirilən sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına, bütövlükdə əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına imkan yaradıb. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır.
 
Beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilən Azərbaycan dünyanın diqqət mərkəzindədir
 
Bunlarla yanaşı, praqmatik, çoxvektorlu və milli maraqlara uyğun xarici siyasət həyata keçirən Azərbaycan dünyada böyük etimad qazanıb, etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin uğurla reallaşdırılması, eləcə də ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi, dostların və strateji tərəfdaşlarının sayının artması həyata keçirilən strateji kursun pozitiv nəticələridir. Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
 
Bununla yanaşı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan qlobal xarakterli mühüm tədbirlərə uğurla ev sahibliyi edir, sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verir. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən bəhs edərkən, heç şübhəsiz, “Formula 1” yarışlarını da xüsusi qeyd etmək lazımdır. Digər mühüm idman tədbirləri kimi “Formula 1” yarışları da Azərbaycan reallıqlarının dünyaya çatdırılması, ölkəmizin dünyada təbliği, ölkəyə turist axınının güclənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Ən əsası, bu cür beynəlxalq əhəmiyyətli və yüksək reytinqə sahib tədbirlərin ölkəmizə olan keçirilməsi respublikamıza olan müsbət münasibətin, dinamik inkişafa malik Azərbaycanın sabitlik adası kimi yüksək nüfuzunun göstəricisidir. Bir sözlə, pozitiv beynəlxalq imicə - reputasiyaya sahib olan Azərbaycan dünyanın diqqət mərkəzindədir.
 
Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasətini tam dəstəkləyir
 
Əlbəttə, bütün bu nailiyyətlər vətəndaşlarda böyük məmnunluq hissi yaradır, xalq-iqtidar birliyini daha da gücləndirir. Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu dəstəkləməsi ictimai rəy sorğularında da öz əksini tapır. Son olaraq Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzinin mart ayında vətəndaşlarımız arasında keçirdiyi rəy sorğusunun nəticələri də bu reallığı bir daha təsdiqləyir. Ümumiyyətlə, sosioloji kontekstə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün bəhs olunan rəy sorğusunun nəticələri gözlənilən idi. Sorğunun nəticələrindən məlum olur ki, ötən bir ildə görülən işlər, əslində, 15+1 formulası kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, son bir ildə bu qədər böyük işlər görmək də mümkün olmazdı. 
 
Beynəlxalq anti-Azərbaycan şəbəkəsi yeni “qara piar” kampaniyasına start verib
 
Heç şübhəsiz, Azərbaycanın parlaq nailiyyətlər qazanması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, ölkəmizdə möhkəm əsaslara söykənən sabitliyin, xalq-iqtidar birliyinin mövcud olması anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıq və qısqanclıqla qarşılanır. Ən çox narahatlıq keçirən isə erməni lobbisi, işğalçı Ermənistan və onun havadarlarıdır. Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu, əlbəttə, təsadüfi deyil. Çünki 2019-cu ildə Azərbaycan bir sıra əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdəki “5-ci kolon” üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər. Azərbaycandakı bəzi radikal müxalif marginallar da ölkəmizin uğurlarının üzərinə kölgə salmaq, ictimai şüuru manipulyasiyaya məruz qoymaq üçün müxtəlif cəhdlər edirlər. Yəni radikallar Azərbaycanın milli maraqlarına zidd mövqedən çıxış edən ermənipərəst dairələrlə sinxron fəaliyyət göstərirlər. 
 
Əli Kərimli radikalizm ideyasını mənimsəmiş marginal, antimilli siyasi ünsürdür
 
Cəmiyyətdə heç bir nüfuza sahib olmayan, antimilli mövqedən çıxış edən, siyasi autsayderə çevrilmiş Əli Kərimli də anti-Azərbaycan dairələrin siyasi direktivləri əsasında ermənipərəst mərkəzlərlə sinxron hərəkət edir, ictimai şüuru manipulyasiyaya məruz qoymaq üçün absurd iddialar ortaya atır. Anti-xalq və anti-dövlət xarakterli çağırışlar səsləndirən bu marginal, antimilli şəxsin müxalifətçilik anlayışı milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Yəni Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyət deyil, Azərbaycana qarşı cəbhə açmış mərkəzlərin maraqlarının qorunması kimi qiymətləndirilə bilər. 
Ə.Kərimlinin ictimai diqqətə çatdırmaq istədiyi fikirlər manipulyativ xarakter daşımaqla yanaşı, elə 1990-cı illərin əvvəlində AXC-Müsavat cütlüyünün ifadə etdiyi fikirlərin eynisidir. Bu, onun göstəricisidir ki, ötən 25 il ərzində Azərbaycanda hər şey köklü şəkildə və müsbət istiqamətdə dəyişsə də, radikal müxalifətin, Əli Kərimli kimilərin düşüncəsi, müxalifətçilik fəlsəfəsi dəyişməyib, əvvəlki illərdə olduğu kimi, marginal və dağıdıcı xarakterlidir, milli mənafelərimizə ziddir. Beləliklə, Əli Kərimlinin səsləndirdiyi fikirlər anti-Azərbaycan dairələrin siyasi-ideoloji tezislərini əks etdirməklə yanaşı, bu şəxsin radikalizm ideyasını mənimsəmiş, radikal-ekstremist dünyagörüşünə malik olan dağıdıcı siyasi ünsür olduğunu göstərir. Onun missiyası anti-Azərbaycan mövqedən çıxış etmək, funksiyası isə dağıdıcı “ideya”lar vasitəsilə ictimaiyyəti manipulyasiyaya məruz qoymaqdır. 
Göründüyü kimi, Ə.Kərimlinin müxalifətçilik anlayışı anti-xalq və anti-dövlət mövqeyində durmaqdır. Əgər belə olmasaydı, Əli Kərimli kimi marginallar və radikal düşərgənin digər nümayəndələri bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. 
 
Əli Kərimli Azərbaycanı düşünürsə, nə üçün Qarabağı işğal edənlərdən, ermənilərin müdafiəçilərindən danışmır? 
 
Əslində, Azərbaycanın inkişafı, qazanılmış uğurlar vətənini sevən hər bir vətəndaşda olduğu kimi, ölkə müxalifətində də məmnunluq yaratmalıdır. Çünki bütün bu nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Amma biz radikal düşərgənin timsalında fərqli mənzərənin şahidi oluruq. Əli Kərimli kimilər Azərbaycanın müstəqil siyasətini uğurla davam etdirməsini, parlaq nailiyyətlər qazanmasını narahatlıq və qısqanclıqla qarşılamaqla əsl simalarını nümayiş etdirirlər. Haqlı olaraq sual olunur ki, Ə.Kərimli nə üçün Azərbaycanın müsbət reallıqları barədə heç bir pozitiv fikir ifadə etmir? Məgər o, bu Vətənin övladı deyilmi?
 
Digər bir nüansa nəzər salaq. Əli Kərimli Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətini ört-basdır etmək üçün özünü cəmiyyətə fərqli siyasi simada, obrazda - “xalqın maraqlarının müdafiəçisi” kimi təqdim etməyə çalışır. Amma Azərbaycan ictimaiyyəti onun ictimai şuürla manipulyasiyasına məruz qalmayacaq qədər intellektualdır. Azərbaycan cəmiyyəti Əli Kərimli kimi şəxslərin hansı dairələrin direktivləri əsasında fəaliyyət göstərdiyini, hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Azərbaycan cəmiyyətinin ayrı-ayrı fərdləri öz ailəsini ölkədən kənarda saxlayan bu şəxsə dəfələrlə “sən Azərbaycanı düşünürsənsə, nə üçün bir dəfə də olsun, Qarabağı işğal edənlərdən, erməniləri müdafiə edənlərdən bəhs etmirsən” sualını ünvanlayıb. Amma Əli Kərimli heç vaxt bu suala cavab verə bilməyib, çünki o, məhz anti-Azərbaycan dairələrdən sifarişlər alır, Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilərin maraqlarının müdafiəçisi qismində çıxış edir. Əgər belə olmasaydı, Ə.Kərimli Ermənistanın işğalçı siyasətini, erməni lobbisinin tarixi faktları təhrif edərək Azərbaycana qarşı apardığı “qara piar” kampaniyasını ifşa edən fikirlər səsləndirməkdən, milli maraqları müdafiə etməkdən çəkinməzdi. 
 
Əli Kərimli müxalifət düşərgəsində də xəyanətkar və satqın adı qazanıb
 
Əli Kərimli təmsil olunduğu müxalifət düşərgəsində də xəyanətkar və satqın adı qazanıb. Onun Əbülfəz Elçibəyə xəyanətdə, AXC-ni parçalamaqda ittiham olunması təsadüfi xarakter daşımır. Əli Kərimlinin fəaliyyətini xarakterizə etsək, söyləyə bilərik ki, bu şəxsin korporativ maraqlar zəminində və antimilli mövqeyinin fonunda bu günədək etdiyi təşəbbüslərin əsasında xəyanət amili dayanıb. Əli Kərimlinin xarici fondlardan aldığı qrantları, maliyyə vəsaitlərini öz ətrafına xəyanət etməklə “məharət”lə xərcləməsinə dair informasiyalar da cəmiyyətə məlumdur. Qısa zaman kəsiyində müxtəlif qərəzli, dağıdıcı xarici qüvvələrlə təmasları sıxlaşdıran bu şəxs aldığı qrantlar və vədlər müqabilində Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən spontan qüvvələrlə sıx əməkdaşlıq münasibətləri qurub. Bu şəxs hələ də erməni fondlarından aldığı pullardan imtina etmir. Qısacası, Əli Kərimlinın adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur.
# 1002
avatar

Oxşar yazılar