<b>"Biz heç vaxt atəşkəsi pozmuruq" -<span style="color:red;"> Müdafiə nazirinin müavini </b>
24 aprel 2019 15:59 (UTC +04:00)

"Biz heç vaxt atəşkəsi pozmuruq" - Müdafiə nazirinin müavini

Rusiyada keçirilən VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycanın müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin ONA-nın Moskva müxbirinə müsahibəsi
 
- ATƏT-in son illik hesabatında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin xeyli azaldığı qeyd olunub. Müdafiə Nazirliyinin bəyanatlarında da atəşkəsin pozulması hallarının azaldığını görürük. Sizcə, bu nə ilə əlaqədardır?
 
- Bu hal cənab Ali Baş Komandanın Ermənistan baş naziri ilə görüşündən sonra baş verib. Əlbəttə ki, biz heç vaxt atəşkəsi pozmuruq. Atəşkəsi qarşı tərəf pozur, biz isə adekvat cavab veririk. İndi isə qarşı tərəfin rəhbərliyinin tapşırığından sonra atəşkəs rejiminin pozulması halları azalıb. Məhz bundan sonra qoşunların təmas xəttində gərginliyin azalması müşahidə olunur.
 
- Azərbaycan və Ermənistan XİN başçılarının son Moskva görüşündə humanitar sahədə əməkdaşlığa dair razılaşmaların olduğu açıqlandı. Bu barədə nə deyə bilərsiniz?
 
- Bu bir niyyətdir. Əgər mexanizm təfərrüatlı danışılıb həyata keçirilsə, əlbəttə ki, bu da mümkün ola bilər.
 
- Ordumuzun hazırki vəziyyəti və döyüş hazırlığı barədə nə deyə bilərsiniz?
 
- Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan ordusu hazırda bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Ali Baş Komandan və Müdafiə Nazirliyi tərəfindən ordunun potensialının və döyüş qabiliyyətinin artırılmasına böyük diqqət yetirilir. Döyüşə hazır vəziyyətin yoxlanılması, planlaşdırılmış və məqsədyönümlü şəkildə həyata keçirilən proqramların icrası, mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə olması, təchizat-təminat məsələləri və digər vacib məsələlərin həyata keçirilməsi ilə ordunun durumu inkişaf etdirilməkdədir.
 
 Müdafiə Nazirliyi rəhbərliyi hazırda əsas diqqəti şəxsi heyətin professionallığının artırılmasına yönəldib. Bununla bağlı ordunun komplektləşdirilməsi üçün tədbirlər görürük. Həm zabitlər, həm də gizir, çavuş heyəti ordunun əsasını təşkil edən qüvvədir.
 
- Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
 
-İki ölkə arasında hərbi sahədə əməkdaşlığın səviyyəsi yüksəkdir. Bu, müxtəlif istiqamətlərdə irəliləyir. İlk növbədə Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Hərbi sahədə əməkdaşlığın digər istiqaməti bizim üçün vacib olan hərbi təhsil sahəsində əməkdaşlıqdır. Azərbaycan hər il Rusiya tərəfindən təşkil olunan beynəlxalq ordu oyunlarında iştirak edir. Hərbi oyunlara daxil olan “Dəniz Kuboku” müsabiqəsi isə Azərbaycanın Xəzər dənizi sularında keçirilir. Bu il isə hərbçilərimiz Rusiya tərəfinin təşkil etdiyi hərbi orkestrlərin iştirakı ilə keçirilən ”Spasskaya Başnya” adlı layihədə iştirak edəcəklər. Bir sözlə, iki ölkə arasında hərbi sahədə əməkdaşlığımız genişlənir. 
# 775
avatar

Oxşar yazılar