Polis gücləndirilmiş iş rejimində işləyəcək - BU TARİXDƏN
23 aprel 2019 19:51 (UTC +04:00)

Polis gücləndirilmiş iş rejimində işləyəcək - BU TARİXDƏN

"Formula 1" Azərbaycan Qran-Prisi ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Formula 1 Azərbaycan Qran-Prisi yarışları ərəfəsində və müddətində ictimai asayişin etibarlı qorunması məqsədilə daxili işlər orqanlarının şəxsi heyəti aprelin 25-dən 29-dək gücləndirilmiş iş rejiminə keçirilib.
 
Təhlükəsizliyin təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrası məqsədilə həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.
 
Əmrdə, həmçinin bildirilir ki, yarışlar ərəfəsində və keçirildiyi müddətdə ictimai yerlərdə və küçələrdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, avtomobil yollarında hərəkətin təhlükəsizliyi üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək. Avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlər görüləcək.
# 647
avatar

Oxşar yazılar