İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi
23 aprel 2019 12:01 (UTC +04:00)

İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi

Bir neçə gün əvvəl kimya müəllimi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub. Müəllim 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində məktəbdə bir çox haqsızlıqlarla üzləşdiyini  vurğulayıb.

Sözügedən məsələ ilə bağlı Lent.az-ın əməkdaşı məktəbin direktoruna müraciət edib və onun münasibətini öyrənib.  

İnternat məktəbinin direktoru Dilarə Məşədiyeva bildirib ki, “Facebook” sosial şəbəkəsində paylaşdığı statusla bağlı araşdırma aparmaq üçün Leyla Ucalı bir neçə dəfə internat məktəbinə dəvət edib: “Təəssüf ki, Leyla xanım bu dəvətləri qəbul etməyib və məsələnin araşdırılmasına heç bir maraq göstərməyib. Əgər Leyla xanım internatda gördüyü bu və ya digər problemə ictimaiyyətin diqqətini çəkirsə, iddia etdiyi məsələlərin tam araşdırılmasında israrlı olmalıdır. Biz bunu nədənsə görmürük”.

Məktəb direktoru Leyla Ucalın sosial şəbəkədə yazdığı qeydlərə cavab olaraq onu da bildirib ki, sosial şəbəkədə məsələnin müzakirəsindən dərhal sonra məktəbə KİV nümayəndələri gəlib, burdakı vəziyyətlə tanış olublar: “Leyla xanım iddia edir ki, məktəbin psixoloqu kişidir. Amma psixoloq kişi deyil, qadındır. Psixoloq Vəliyeva Sevinc Oqtay qızı bu məktəbdə məndən daha əvvəl, 2011-ci ildən işləyir. Və ya digər fakt barədə onu deyə bilərəm ki, məktəbin tədris və yataqxana korpusları ayrıdır, şagirdlər saat 18:00-dək tədris korpusunda ev tapşırıqlarını yerinə yetirir və çantaları yataq korpusuna daşınmır. Hər bir internat məktəbində olduğu kimi bizim məktəbdə də belədir. İnternatda yalnız I-IX siniflər fəaliyyət göstərir. Məktəbin məzunları buradan ya peşə məktəblərinə, ya da tam orta məktəblərin 10-11-ci siniflərdə təhsil almağa gedirlər. Məktəbimizin Milli Konservatoriyada oxuyan məzunu da var”,-deyə direktor əlavə edib.

Məktəbin direktoru bir daha Leyla Ucala müraciət edib. Onu sözünün məsuliyyətini dərk etməyə, iddia etdiyi faktları araşdırmaq üçün internat məktəbinə gəlməyə dəvət edib.

 

# 653
avatar

Oxşar yazılar