<b>Biçarə dəmiryolçu, cəsur piyada, cahil sürücü... - <span style="color:red;">Deputat qınağı </b>
22 aprel 2019 17:33 (UTC +04:00)

Biçarə dəmiryolçu, cəsur piyada, cahil sürücü... - Deputat qınağı

“Toplumun davranış vərdişlərində dəyişiklik yaratmadan, dövlət həyatında da, problemlərin çözülməsində də irəliləyiş əldə etmək olmaz”.

Lent.az  xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa sosial şəbəkədə açıqlayıb.

Qızının oxuduğu məktəbdən gələn zaman müşahidə etdiyi vəziyyəti qələmə alan millət vəkili, insanların dəmir yolundan keçmək qaydalarına əməl etmədiyini müşahidə edib:

“Təcili işlərim olduğundan yolda vaxt itirməmək üçün kəsə yollardan istifadə etmək barədə düşünürdüm. Dəmir yolu keçidinə yaxınlaşanda tanış uniformada olan dəmiryol keçid növbətçisi kiçik əl bayrağı və vücudu ilə maşınımın qarşısına dikildi, işarə etdi ki, qatar gəldiyinə görə dayanmaq lazımdır. Dərhal dayandım və tələsməyimə rağmən əhvalımı pozmadan qaydalara tabe oldum. Baxmayaraq ki, arxamdakı maşının siqnalı aramsız olaraq məni yola davam etməyə çağırırdı, məhəl qoymadan dəmiryolçunun tələbinə müntəzir halda gözləməyə davam etdim.

Qarşı tərəfdəki əks istiqamətdə də yenə iki dəmiryol keçid növbətçisi qaydalara uyğun olaraq kiçik bayraqları ilə maşınları dayandırmışdılar. Qatar isə hələ görünmürdü. Bu zaman diqqət etdim ki, dəmiryol keçid növbətçisinin böyründəki dar bir açıqlıqdan bir neçə sürücü risqli şəkildə relslərin üzərindən tezbazar sürüb yoluna davam etdi. Qarşı tərəfdəki sürücülərin bəzisi də eyni davranışı sərgilədi. Dəmiryolçu aciz şəkildə onların arxasınca baxdı və sonra da dönüb mənim üzümə kədərlə baxdı. Hiss etdim ki, tanımışdı və bəlkə də mənim səbrlə qatarın keçişini gözləməyim onda təəccüb doğurmuşdu. Sanki söyləmək istəyirdi ki, bu yetkin yaşda olan insanları mən necə tərbiyə edə bilərəm ki?..."

F.Mustafa bildirib ki, dəmir yolu xətti yenicə təmir olunduğuna görə şlaqbaum qoyulmamışdı və burada təhlükəsizliyi ancaq bayraqla təmin etmək mümkün idi. Belə ki, qatarın keçiş prosesi haradasa 5-6 dəqiqə çəkib və o müddətdə qatarın keçişinədək 6 maşın gözləmədən, qaydalara tabe olmadan dəmir yol xəttini keçib:

“Ötənlərdə xatırlayırsınızsa, dəmiryol keçidində bir avtobus qəza etmişdi, ölüm hadisəsi olmuşdu. Bu təkcə insanlarımızın öz həyatlarına, digər tərəfdən başqalarının həyatına qarşı məsuliyyətsizliyinin nəticəsi deyil, bu bütövlükdə hüquqa, qaydalara sayğısızlığın nəticəsidir. Dəmiryol keçid növbətçilərinə yazığım gəldi. Adamlar nə etsinlər, bizlər özümüz üçün həyati əhəmiyyət daşıyan qaydalara əməl etmək istəmiriksə, sabah yazıqların boynundan yapışacaqlar ki, niyə filan təhlükəsizlik tədbirlərini görməmisən? Almaniyadan olan qonaqlarımız əbəs yerə demirdilər ki, dünyanın ən cəsur piyadaları sizdədir, qaydaları gözləmədən maşının üstünə elə şığıyırlar ki, düşünürsən ki, bu dəqiqə qəza baş versə, piyada maşını əzəcək. Bu piyadalar eyni cəsarətlə Qarabağda erməni tankının üzərinə getsələr, hamısını xincım-xıncım edərlər. İndi qatarı görürsən - görmürsən, öz işindir, cahil adam, qarşındakı məsuliyyət daşıyan şəxs bayrağı qaldırıbsa, vəzifə borcunu yerinə yetirərək səndən dayanmaq tələb edibsə, bu məsuliyyətsizlik, hoqqabazlıq nəyə lazımdır? Bir faciə baş verən kimi çox vaxt sürücünü, dəmiryolçunu, məktəbdə müəllimi, xəstəxanada həkimi və s. ittiham atəşinə tuturuq, nədənsə bir çox hallarda bu xoşagəlməz nəticələrin özümüzə aid olan sadə qaydalara, davranışlara laqeydliyimizdən yarandığını etiraf etməkdən yayınırıq...”-deyə, millət vəkili qeyd edib.

# 678
avatar

Oxşar yazılar