[b]"Müxalifət bu sazişin imzalanmasına dəstək olmalıdır” - RƏYLƏR[/b]
20 aprel 2019 17:23 (UTC +04:00)

[b]"Müxalifət bu sazişin imzalanmasına dəstək olmalıdır” - RƏYLƏR[/b]

“Azərbaycan uzun müddətdir ki, Avropa İttifaqı ilə strateji əməkdaşlıq həyata keçirir.  Hələ 1990-cı illərdə Avropa İttifaqı ilə bağlanılmış saziş əsasında münasibətlərimiz formalaşıb. Həmin sazişin imzalanmasından 20 ildən artıq vaxt keçib, ona görə də yeni dövrə uyğun sazişə ehtiyac var”.
 
Bunu ONA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən hərtərəfli tərəfdaşlıq haqqında sazişlə bağlı fikirlərini bölüşərkən deyib.
 
O bildirib ki, Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəməxsus yeri var: “Bundan əlavə, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri yüksək səviyyədə təşkil olunub. Bu münasibətləri təsdiqləmək üçün dəyişmiş və xeyli inkişaf etmiş dünya və Azərbaycan yeni sazişin gündəmə gətirilməsinə ehtiyac duyur. Ona görə də bu məsələlər müzakirə olunur. Həm Avropa İttifaqı, həm də Azərbaycan yeni sazişin imzalanması məsələsində maraqlıdır”. 
 
S.Seyidov qeyd edib ki, Azərbaycan heç vaxt ərazi bütövlüyü məsələsi birbaşa öz əksini tapmayan sənədi imzalamayıb və gələcəkdə də imzalamayacaq: “Birincisi, bu, mümkün deyil. İkincisi, Avropa İttifaqının bütün sənədlərində Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Avropa İttifaqı da öz sazişlərini məntiqi əsaslarla təşkil edir. Ona görə bu məsələnin hər dəfə gündəmə gətirilməsi təxribat xarakteri daşıyır. Biz bilirik ki, bu məsələ kimlər tərəfindən ortaya atılıb. Avropa İttifaqı, dünya ictimaiyyəti, Avropa Şurası və bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə bu sualın gündəmə gəlməsinin heç bir mənası yoxdur. Çünki Azərbaycan Avropa İttifaqı münasibətləri məhz ölkəmizin ərazi bütövlüyü tanınması əsasında təşkil olunur”.
 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə ONA-ya deyib ki, Avropa İttifaqı Azərbaycanın ən başlıca tərəfdaşlarından biridir: “Avropa İttifaqı ilə yeni sazişin imzalanmasının bir çox müsbət tərəfləri var. Biz iqtisadi layihələrimizin çoxunu onun üzərindən həyata keçiririk. Burada neft, enerji resurslarının, qazın paylanılmasından və dəstəklənməsindən söhbət gedir. Digər tərəfdən də ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində müsbət nəticələr verəcək. Eyni zamanda siyasi əlaqələrin də müəyyən dərəcədə artmasına və daha səmimi münasibətlərin qurulmasına şərait yarada bilər. Bu saziş həm də Qərbə inteqrasiya siyasətimizin real mahiyyətini əks etdirir. Belə bir addımın atılması Azərbaycanın Avropa dəyərlərinə yönəlməsinin sübutudur. Ona görə də bütün hallarda belə bir addımın atılması Azərbaycan və Avropa İttifaqı üçün faydalıdır. Çünki Azərbaycan kimi geniş  iqtisadi resurslara sahib olan ölkə ilə əməkdaşlıq Avropanın enerji ehtiyaclarının təmin olunması üçün olduqca faydalı nəticələr ortaya qoya bilər”.
 
Deputat Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli tərəfdaşlıq haqqında sazişdə ölkəmizin ərazi bütövlüyü məsələsinin göstərilməsinin gözlənilən olduğunu qeyd edib: “Avropa İttifaqı öz sənədlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ona görə də burada əgər xüsusi bir razılaşma varsa ki, ərazi bütövlüyü məsələsi qeyd olunsun, o zaman olacaq. Olmasa da belə yenə də Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmasına ehtiyac var. Çünki Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsində öz mövqeyini birmənalı şəkildə ortaya qoyub. Hər hansı bir tərəddüd yoxdur. Bizim bunu əsas gətirərək Avropa İttifaqı ilə sazişdən imtina etməyimizin də müəyyən problemləri ola bilər. Ona görə sazişin imzalanması vacibdir. Onsuz da biz başqa sənədlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsinin vurğulanmasını istəyəcəyik”.
 
Respublikaçı Alternativ (REAL) Partiyasının İcra Katibi, iqtisadçı ekspert Natiq Cəfərli ONA-ya bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli tərəfdaşlıq haqqında sazişin olması gözlənilir: “Azərbaycanda aparılan islahatların istiqamətləri ilə bağlı müəyyən öhdəliklərin olması, azad ticarətin genişləndirilməsi, Ümumdünya Ticarət Təşkilatına üzlük üçün şansın yaradılması, Azərbaycan məhsullarının Avropa bazarlarına güzəştli şərtlərlə ixrac olunması imkanları və ölkəmizin beynəlxalq hüquq çərçivəsində beynəlxalq hüquq məkanına inteqrasiyasının sürətləndirilməsi nöqteyi-nəzərindən çox vacib bir sazişdir. Sazişdən irəli gələn öhdəliklərlə, addımlarla bağlı tərəflərin qazanclı və ikitərəfli üstünlüklərlə çıxmaq imkanları var. Avropa İttifaqı Cənubi Qafqazda özünə yeni bir ticarət və siyasi tərəfdaş qazanır. Azərbaycanda institutsional islahatlar üçün imkanlar açılır və iqtisadi azadlıqların daha da genişləndirilməsi fürsətlərı yaranır. Hesab edirəm ki, bu sazişin imzalanması hər iki tərəf üçün çox mühümdür”.
 
O həmçinin bidirib ki, sazişdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəa öz əksini tapacaq: “Çünki Avropa İttifaqı parlamentinin bununla bağlı bir neçə qətnaməsi var. Amma çox güman ki, sazişdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması ilə bağlı müddəa da öz əksini tapacaq. Ərazi bütövlüyümüzü sual altına salacaq heç bir müddəaya Azərbaycan hökuməti qol çəkməz. Mən buna əminəm. Həmçinin Azərbaycan ictimaiyyəti də belə bir müqaviləni qəbul etməz. Ona görə də sazişdə ərazi bütövlüyümüzlə bağlı müddəanın yer alması məsələsi artıq həll olunmuş sayıla bilər”.
 
N.Cəfərli deyib ki, sazişin bir qolunun Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlıdır : Çox güman ki, bu saziş çərçivəsində Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqları da sürətlənəcək. Azərbaycanın belə bir vacib ticarət təşkilatına üzv olması məsələsi həll olunacaq.  Ən böyük üstünlük isə ondan ibarətdir ki, ən azı ilk 5 ildə Azərbaycan istehsalçıları güzəştli ixracat koridoru qazanacaqlar. Yəni, bu 5 ildə də Azərbaycan istehsalçıları öz məhsullarını beynəlxalq normalara və standartlara cavab verəcək şəkildə istehsal etməyi öyrənməlidirlər. Bu, çox ciddi bir praktika olacaq”.
 
O qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli tərəfdaşlıq haqqında sazişin imzalanmasında birmənalı beynəlxalq şərait yoxdur: “ Ən azından bəzi ölkələrin belə bir sazişin imzalanması heç də xoşuna gəlmir. Bununla bağlı həm diplomatik kanallarla, həm də öz medialarında kifayət qədər böyük məqalələr var. Hesab edirəm ki, belə olan halda isə Azərbaycandakı müxalifət partiyaları bu sazişin tezliklə imzalanmasına dəstək olmalıdırlar. Sazişin tezliklə imzalanması hamımız üçün böyük fürsətlər açır. Amma  bəzi müxalifət partiyalarının rəhbərlərinin  imzalanmadan öncə sazişdə yer alan müddəalar açıqlanmasını deməyi qeyri-peşəkar yanaşmadır. Bu tipli müqavilələr Avropa İttifaqı ilə istənilən ölkə arasına imzalanarkən heç vaxt öncədən müddəalar açıqlanmır. Saziş təsdiqlənməyə yaxın müddəalar açıqlanır. Görmədiyimiz və müddəaların açıqlanmadığı bir şəraitdə və öncədən açıqlanmayacağının mümkünsüzlüyünü bilərəkdən tələb etmək müqavilənin imzalanmasının gecikdirilməsi ilə bağlı addım kimi qiymətləndirmək olar. Ona görə bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın milli maraqlarına uyğun olan şərtlərin bu sazişə daxil edilməsi mütləqdir. Çox təəssüflər olsun ki, Azərbaycanda bəzi siyasi qüvvələr prosesin nədən ibarət olduğunu, onun mexanizmlərini, hüquqi çərçivəsini bilmədən fikir yürüdürlər. Bu da müəyyən çaşqınlığa səbəb olur”.
# 758
avatar

Oxşar yazılar