[b]"Prezident üçün ən vacib məsələ odur ki..." - Baş nazirin müavini[/b]
20 aprel 2019 15:33 (UTC +04:00)

[b]"Prezident üçün ən vacib məsələ odur ki..." - Baş nazirin müavini[/b]

YAP Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirib.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclisin bir qrup deputatları, YAP-ın Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyublar.
Əli Əhmədov müşavirədə çıxış edərək bildirib ki, sosial problemlərin həlli Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strategiyanın əsas hissəsini təşkil edir: "Prezident üçün insanların sosial rifahının yaxşılaşdırılmasından vacib məsələ yoxdur".
 
Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmizdə təqaüdlərin 116 manatdan 160 manata, yəni 38 faiz artması 300 min vətəndaşın həyatında müsbətə doğru dəyişiklik baş verib: "Eyni zamanda bu və ya digər xarakterli müavinət, güzəştlər alan əhali təbəqələri ciddi şəkildə say etibarilə çoxalıb. Büdcə vəsaitlərinin ciddi şəkildə artımı nəticəsində Azərbaycan əhalisinin əhəmiyyətli kəsimi, xüsusilə aztəminatlı hissəsinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar çox ciddi işlər həyata keçirilib. Hesab edirik ki, görülən işlər sosial problemlərin həlli istiqamətində Azərbaycanda çox ciddi addımların atılmasından xəbər verir".
 
Qeyd olunub ki, cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən davamlı islahatlar ilk növbədə vətəndaşların maraqlarına xidmət edir. Baş nazirin müavini həyata keçirilən dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində reallaşan böyük infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edərək deyib ki, bu gün Azərbaycan vətəndaşının sosial təminatı əhəmiyyətli dərəcədə yüksəlib, insanların sosial rifah halı müqayisəolunmaz dərəcədə dəyişib, Azərbaycanın siması da tanınmaz şəkildə yenilənib. Nəzərə çatdırılıb ki, bu gün Azərbaycanda görülən böyük işlər, hökumət-vətəndaş münasibətləri, xüsusilə son zamanlar imzalanmış sərəncam və fərmanlar bir daha sübut edir ki, Prezident İlham Əliyev hər zaman ölkə vətəndaşının yanındadır.
 
Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Təbii ki, insanların sosial həyatının, həyat səviyyəsinin, bütövlükdə ölkədə həyat səviyyəsinin artırılmasının vacib istiqamətlərindən biri insanların işlə təmin edilməsidir. Azərbaycanda son 15 il ərzində insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır".
 
Tədbirdə YAP-ın qeyd olunan rayonlar üzrə təşkilatlarının rəhbərləri də çıxış ediblər.
# 977
avatar

Oxşar yazılar