<b>Brüsseldə AND provakasiyaları</b>
20 aprel 2019 14:27 (UTC +04:00)

Brüsseldə AND provakasiyaları

Avropa Birliyi üzvü olan ölkələrdə yaşayan azərbaycanlıların sayının 150 min nəfərdən çox olması barəsində məlumatlar var. Ancaq onların arasında toplam 150 nəfərə yaxın soydaşımız özünü Azərbaycan Respublikası hakimiyyətinə qarşı müxalifət elan edib.
 
Bu 150 nəfərlik qrupun özü də yeksinc deyil. Onlar bir neçə qrupa bölünüblər. Bu kiçik qruplaşmalar daim sosial şəbəkələrə çıxaraq özlərini reklam etmək həvəsindən geri çəkilmək fikrində olmadıqlarını nümayiş etdirirlər. Avropa Birliyi, Avropa Şurası, beynəlxalq insan haqları, vətəndaş cəmiyyətləri və digər nüfuzlu təşkilatların adından öz mənfəətləri çərçivəsində “siyasi alver” düşüncəsini gündəmə gətirməklə, əslində öz varlıqlarını təsdiq etməyə çalışırlar. Ötən müddətdə isə buna hələ ki, nail ola bilməyiblər. Çünki irəli sürdükləri iddiaları ilə “demaqoqluq”dan uzağa gedə bilmirlər. 
 
Sifarişli erməni təşkilatı “AND” və etnik separatizm
 
Keçmiş səfir Arif Məmmədovun elan etdiyi Azərbaycan Naminə Demokratiya (AND) adlı təşkilat bir neçə ildir yaransa da, üzvlərinin sayı 30 nəfərdən uzağa gedə bilməyib. Ona görə ki, Avropadakı 150 minlik soydaşımız bu qrupun irəli sürdüyü iddialara etibar etmir. Arif Məmmədov isə ərköyün və cığal uşaqlar kimi usanmaq bilmədən əlində video-kamera Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin binası qarşısında “poz” verməklə Azərbaycan iqtidarına meydan oxuyurmuş kimi davranışlarını nümayiş etdirir. Halbuki, Avropa Birliyinin binası önünə yaxınlaşmaq və istənilən video çəkilişi etmək kimsəyə yasaq deyil. O da bəllidir ki, Arif Məmmədovun AND adı altında ətrafında topladığı şəxslərin yarısı Azərbaycan Respublikasına qarşı etnik separatizm siyasəti yürüdən və sosial şəbəkələrdə bunu hər gün etiraf edənlərdir. AND təşkilatında Arif Məmmədovun sağ və sol əli Seyran Rəfiyev və Ataxan Əbilovdur. Onların ikisi də Azərbaycan Respublikasına qarşı etnik separatizm məqsədilə ötən ilin payızında İsveçrədə elan edilmiş "Talış-Muğan Mühacir Hökuməti" ("TMMH”) adlı qrupunun fəallarıdırlar. 
 
Ataxan Əbilov 1993-cü ilin yayında Azərbaycan Respublikasında Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış plan əsasında “II Dağlıq Qarabağ Cəbhəsi” planının tərkib hissəsi olan qondarma “Talış-Muğan Respublikası”nın konstitusiyasını yazmış şəxsdir. Bu gün Hollandiyada “əqidədaşı” Əlikram Hümbətovun yanında siyasi sığınacaq alaraq birlikdə yaşayırlar.
 
Seyran Rəfiyev uzun müddətdir cənubdan maliyyə dəstəyi alan “Azərbaycan Ziyalı Hərəkatı” təşkilatının sədri Eldəniz Quliyevin müavini olub. Onun əsas vəzifəsi Azərbaycan Respublikasına qarşı etnik separatizmə görə cinayət işində təqsirli bilinənləri müdafiə etmək olub. Çünki Cənub qonşumuz olan ölkədə dövlətimizə qarşı bəzi radikal dini çevrələr siyasi dindarlığı və etnik separatizmdə yer alanları dəstəklədiyini heç də gizlətməyib. Bu təşkilatda qonşu ölkədə xüsusi hazırlıq keçərək “Qarabağ Uğrurnda İslami Müqavimət Hərəkatı” təşkilatını təsis etmiş Rövşən Əhmədli dindarların, Seyran Rəfiyev isə separatçı çevrələrin maraqlarını təmin ediblər. 
Bu gün hər iki şəxs - Ataxan Əbilov və Seyran Rəfiyev Avropada siyasi sığınacaq alaraq Arif Məmmədovun yanında yer alırlar. Əslində “TMMH” ideyasının ortaya atılmasının əsil səbəbkarı “Avropa Erməni Təşkilatları Konfederasiyası”dır. Bu təşkilat vaxtilə Türkiyəyə qarşı PKK, PYD, KDP və digər etnik bölücülük təşkilatlarının yaranması və onlara siyasi dəstəyin verilməsində yaxından iştirak edib. Əgər Arif Məmmədov özünü savadlı və diplomatiyanın sirlərini bilən biri kimi cəmiyyətə təqdim etmək istəyirsə, bu rəzaləti öncədən görməli, separatizmin yanında yer alan və dolayı yolla ermənilərin proyektlərinin bir parçası sayılan şəxsləri çevrəsinə yaxın buraxmamalı idi. Buradan belə nəticə çıxır ki, Arif Məmmədov diplomat kimi çox uğursuz və səbatsız kadr olub. 
 
Demokratiyanı “siyasi boşboğazlığa” çevirən AND
 
Bu il martın 22-də Türkiyədə tutularaq Azərbaycana təhvil verilən “Azərbaycan Müsəlman Birliyi Hərəkatı”nın fəalı Anar Cabbarovla bağlı ilk reaksiyanı AND təşkilatı verdi. Halbuki, “Müsəlman Birliyi Hərəkatı”nın təbliğ etdiyi ideyaya görə Azərbaycan Respublikasının mövcud Konstitusiyası dəyişdirilərək “şəriət dövləti”nin yaradılmasıdır. Elə buna görə də həmin təşkilatın rəhbəri kimi özünü cəmiyyətə sırımağa çalışan Taleh Bağırov həbs olunub. Əslində bu təşkilat Azərbaycan Respublikasına qarşı müxtəlif təlimlər adı ilə ideoloji təxribatlar yuvalarından sayılan Cənub qonşumuz İrandakı bəzi radikal dini qruplaşmalara məxsus mədrəsələrdə təhsil almış şəxslər həyata keçirirlər. Anar Cabbarovun hüquqlarının müdafiəsi ilə bağlı AND-ın dərhal iri addımlarla hərəkətə keçməsi çox düşündürücüdür. Bütün bunlar azmış kimi, AND Azərbaycanın dövlət quruluşunu dəyişmək istəyənlərə yardım kampaniyalarına başlayıb. Hətta Almaniya, İsveç, Fransa və digər dövlətlərdə bank hesabları da açıblar. Əslində onların bank hesablarına köçürülən pullar “Avropa Erməni Təşkilatları Konfederasiyası”nın ianələridir.
 
Demokratiya və insan hüquqlarından bol-bol danışan, Avropada yerləşən beynəlxalq təşkilatların binası qarşısında eninə-geninə “poz” verməklə Azərbaycana qarşı etnik və dini separatizmlərdə yer alanların hüquqlarının müdafiəsini təşkil etmək AND-ın əsas vəzifəsidirsə, buna siyasi boşboğazlıq deyilir. Adını Azərbaycanla bağlayan bu təşkilat ölkəmizə qarşı Ermənistanın təcavüzkarlıq siyasətini, ekspansionist addımlarını bir dəfə də olsun tənqid etməyib.    
 
Orduxan Teymurxanı kimlər döydü?
 
Hollandiyada yaşayan, əslən Azərbaycan Respublikasının Cəbrayıl rayonundan olan Orduxan Teymurxan adlı bloger ictimai və siyasi baxışlarına görə təzadlı şəxs sayılsa da, tüfeyli həyat tərzi yaşayan bir insan kimi özündə cəsarət taparaq vətənimizə qarşı etnik separatizm siyasətini irəli sürənlərlə bir sırada yer almayıb. O, ötən ilin payızında Avropada elan edilən qondarma “TMMH”-yə qarşı sərt  davranışlar nümayiş etdirib. AND-ın Almaniyanın Köln şəhərində keçirilən toplantısında isə Seyran Rəfiyev və Ataxan Əbilovun dəstək verdiyi, Hollandiyadan “TMMH”nin ideoloqu Əlikram Hümbətovun göndərdiyi “TMMH”çi qoçuların bu zaman gözlənilmədən Orduxan Teymurxana hücum edərək onu əməlli-başlı şil-küt etmələri mənzərəsini seyr edənlərin arasında Arif Məmmədov da olub. Beləliklə, demokratiyadan və insan haqlarından bol-bol dəm vuran AND və Arif Məmmədovun "vətənsevərliyi"nin sərhədlərinin harada bitdiyi bəlli oldu. Bu hadisədən sonra Arif Məmmədovun “AND çetesi”nin nə demək olduğunu, onun gerçək simasını Avropada yaşayan bütün soydaşlarımız gördülər. Demokratiya və insan hüquqları barəsində laqqırtı vuran “Turan TV” (Qənimət Zahid), “Meydan TV” (Həbib Müntəzir) və digər AND-a dəstək verən sosial şəbəkələr bu rəzaləti işıqlandırmadılar. Məsələ hakimiyyət və iqtidar söhbəti deyildi. Azərbaycanla bağlı etnik separatizm siyasətini kimin bölüşməsi və ona qarşı çıxması idi. Hətta Orduxan Teymurxan kimisi belə qondarma “TMMH” ideyasına qarşı çıxdı. Bir qrup qoçunun hərbə-zorbasından qorxaraq geri çəkilən Arif Məmmədov və AND-çi çetenin susmasının, sən demə, gizli mətləbləri varmış. Bu, “Avropa Erməni Təşkilatları Konfederasiyası” tərəfindən verilən ianələr və yardımların parazitcəsinə mənimsənilməsindən ibarətdir. 
 
Bu gün Azərbaycan Avropa Birliyi ilə strateji baxımdan beynəlxalq əhəmiyyətli bir sıra anlaşmaları həyata keçirir. Beləliklə, Azərbaycanın beynəlxalq miqyasda mövqeləri də yüksək səviyyədə inkişafına səbəb olur. Bunları görməzlikdən gələrək Azərbaycanın siyasi imicinə qarşı kölgə salmağa çalışan Ermənistanın xüsusi xidmət orqanları dərhal erməni diaspor təşkilatları ilə bir araya gələrək öz ənənəsinə uyğun şəkildə siyasi-ictimai avantüraları gündəmə gətirməyə çalışırlar. Əvvəllər bu işi erməni təşkilatları həyata keçirirdilərsə, indi sapı özümüzdən olan “baltalar”ın vasitəsilə gündəmə gətirirlər. “AND” və “TMMH” bunun bariz nümunəsidir. 
 
Ə.Yusifoğlu
# 699
avatar

Oxşar yazılar