Orqanları tərsinə yerləşən, ürəyində tromb olan qadın ana oldu
18 aprel 2019 19:17 (UTC +04:00)

Orqanları tərsinə yerləşən, ürəyində tromb olan qadın ana oldu

Türkiyədə ürəyi, qaraciyəri, dalağı tərsinə yerləşən, ürəyində tromb aşkarlanan 27 yaşlı qadın ana olub. Bu, mütəxəssislər tərəfindən dünyada ilk hadisə kimi təqdim olunur.
 
Anadolu Agentliyinin xəbərinə görə, Konyada yaşayan 27 yaşlı Məryəm Çekin bir il öncə ürəyindəki narahatlığa, tez-tez yorulduğuna görə, Ankarada Gülhanə xəstəxanasına müraciət edib. Müayinələr zamanı onda dünyada 20 min insandan birində rast gəlinən bir hal müşahidə olunub, ürəyinin sağda olduğu, qaraciyərinin solda, dalağının isə sağda yerləşdiyi aşkarlanıb. Qadının ürəyində aşkarlanan yırtıq robotik cərrahiyyə metodu ilə aradan qaldırılıb.
 
M.Çekin bir il sonra xəstəxanaya hamilə olaraq müraciət edib. Bu dəfə, hamiləliyinin 35-ci həftəsində ürəyində 5 santimetrlik tromb aşkarlanıb.
 
Həkimlər bunun çox ciddi durum olduğunu, həm ana, həm də uşaq üçün ciddi problemlərə yol açacağını deyiblər. Çıxış yolu kimi uşağın qeysəriyyə yolu ilə götürülməsi və tez bir zamanda trombun robotik əməliyyatla aradan qaldırılmasına qərar verilib. Körpə doğulandan sonra ürəyi dayandırmadan qapalı əməliyyat icra olunub.
 
Hazırda ana və uşağın durumunun normal olduğu bildirilir. Həkimlər tibbi ədəbiyyatlarda belə bir nümunə ilə qarşılaşmadıqlarını, M. Çekinin daxili orqanlarının tərsinə, ürəyində tromb olmasına rəğmən ana ola bilən ilk qadın olduğunu iddia ediblər.
 
 
# 821
avatar

Oxşar yazılar