Nərimanovda bu küçələr təmir edilir
16 aprel 2019 11:00 (UTC +04:00)

Nərimanovda bu küçələr təmir edilir

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir. Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Nərimanov rayonu ərazisində ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda təmir-bərpa işləri davam etdirilir.

Hazırda təmir-bərpa işləri rayonun 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda aparılır. Təmir-bərpa işləri ümumi uzunluğu 12 km olan küçə və yolların 50 min kv.m-ə yaxın sahəsini əhatə edir.

Bu “Böyük Şor” və “Daş karxanası” yaşayış sahələrinin 4.5 km uzunluğa malik yolları, həmçinin 2.5 km uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsi, bundan başqa ümumi uzunluğu 5 km olan Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır.

 

Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri bitib.

 

Küçə və yollar boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır.

 

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

 

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Nərimanov rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

 

# 705
avatar

Aygün İbrahimli

Oxşar yazılar