<span style="color:red;">Firəngiz Mütəllimova:  “Turabov hamını aldadıb, məni...” -<span style="color:red;"> MÜSAHİBƏ
16 aprel 2019 10:00 (UTC +04:00)

Firəngiz Mütəllimova: “Turabov hamını aldadıb, məni...” - MÜSAHİBƏ

Layihə: “Gərdişi dövran”

 

Onu yubileyi münasibəti ilə bir ay təbrik etmək olar, çünki əslində aprelin 3-də dünyaya gəlib, amma sənəddə mayın 1-i qeyd olunur. Ailəsi elə yazdırıb ki, uşağın ad günü bayram gününə təsadüf etsin - 1 May zəhmətkeşlərin həmrəylik günü idi axı. Söhbət sevimli şuşalı qızdan gedir – xalq artisti Firəngiz Mütəllimovadan. Mayın 1-də 60 illik yubileyidir. 

 

- Mən hər gün Şuşadayam, ruhum ordadır. Bütün fəsillərdə dəyişiklikləri Şuşa ilə bağlayıram. Oranı xatırlayıram. Aprelin 3-də Şuşada doğulmuşam, səhər saat 6-da, bərk qar yağırmış yollarıma. Atam bayrama görə maya yazdırıb doğum tariximi. 1 Mayda böyük parada çıxardıq, ad günümü də elə qeyd edərdim. Hələ də yadımdadır ki, biz parada çıxanda Şuşanın qarı hələ yavaş-yavaş əriməyə başlayırdı. Həmişə çox hazırlaşardıq o günə. Atam, anam müəllim idilər, biz ailəlikcə gedərdik parada. Mən ailənin ilki idim, məndən sonra qardaşım İlham olub, sonra bir qardaşım da vardı, dünyasını dəyişib, uzun fasilədən sonra bacılarım İlhamə ilə Nərgiz dünyaya gəlib. Biz qardaşımla universitetdə oxuyanda onlar hələ körpə idilər.

 

Atam güldü, anam elə ağlayırdı

 

Orta məktəbi də Şuşada bitirdim. Dedim aktrisa olacam, atam güldü, anam ağladı. Atam güldü ki, dəymə, utancaq qızdı, ondan aktrisa olmaz, qəbul olmayıb qayıdacaq, gələn il biz deyənə gedər. Mən də gəldim, şükür Tanrının kərəminə, qəbul olundum. Atam yenə şən idi, amma anam elə ağlayırdı. Anam məni ağ xalatda görmək istəyirdi. İmtahanı Adil İsgəndərovla Mehdi Məmmədov götürürdülər. Mahnı oxu dedilər, çox zildən götürdüm, gördüm səsim çatmayacaq, dayandım, dedim onlara ki, bir dəqiqə gözləyin, dizlərimin əsməsi dayansın, sonra oxuyum, özü də yuxarıdan gəldim, sonrası yaxşı olmaz, yenidən başlayıram. Baxıb bir-birilərinə güldülər. Rza Təhmasibin kursuna düşdüm, altı ay sonra rəhmətə getdi. Bizə Böyükağa Kazımov dərs dedi, Allah ona da rəhmət eləsin. Son kursa qədər mənə deyirdi ki, gəl səni keçirək ya jurnalistikaya, ya filologiyaya. İstəmirdi aktrisa olum. Dedim, yox. Yenə də deyirəm, zövq aldığım, sevdiyim sənətdə olmuşam, yenə dünyaya gəlsəm aktrisa olardım.

 

Turabovun müqəddəs yalanı

 

Təyinatla gəlmişəm Akademik Dram Teatrına. Diplom tamaşamıza Tofiq Kazımov gəldi baxdı, o vaxt diplom tamaşasından seçərdilər aktyorları. Hələ ona qədər “Əliqulu evlənir” tamaşasının məşqlərinə gəlirdim, əvəzedici kimi oynayırdım. Tofiq Kazımov Zemfira Nərimanova, Bəsti Cəfərova, İlham Əsgərov, Saleh Babayev və məni işə götürdü eyni kursdan. Beşimiz də sonuna qədər burda qaldıq. Həmin yay Tofiq müəllim qəzaya düşdü, rəhmətə getdi. Mənim Bakı qeydiyyatım yox idi, çox əziyyət çəkirdim. Turabova Allah rəhmət etsin, məni Bakı qeydiyyatına o saldırdı. Yalandan dedi ki, qastrola getməlidir, pasport ala bilmir, çünki Bakı qeydiyyatı yoxdur. Hamini aldadıb, məni qeydiyyata saldırdı. Qeydiyyata düşən kimi Bakı şəhər İcraiyyə Komitəsindən birotaqlı ev aldı mənə, ona qədər kirayələrdə qalırdım. 

 

Məni Cabbarlıya həsrət qoymuşdular

 

Mən orta məktəbdə İlyas Əfəndiyevlə Cəfər Cabbarlını çox oxumuşam. Hamı bilirdi ki, aktrisa olmaq istəyirəm, amma nədənsə müəllimlərim rol bölgüsündə Almazı verirdilər həkim olmaq istəyən qıza, mənə verirdilər Sevilin atası rolunu. İnstitutun 3-cü kursunda oxuyanda Zəminə xanımla Fuad Hacıyev məni gətirdilər Azdramada oynanılan “Sevil” tamaşasına ki, yeni sima gəlsin səhnəyə. Öz müəllimim Böyükağa Kazımov bunu eşidib əsəbiləşdi, qalmaqal oldu. Alınmadı, ancaq bu olayın bir xeyri oldu ki, Tofiq Kazımov məni gördü, yadında qaldım. “Solğun çiçəklər”i Ağakişi Kazımov televiziyada qoyanda hamı dedi ki, Sara roluna  gərək Firəngizi çəkəydin. Ağakişi müəllim teatrda “Solğun çiçəklər”i qoyanda Saranı verdi mənə, altı ay da məşq etdik, tamaşanı qəbul etmədilər, onda da alınmadı. Bir dəfə Əlabbas Qədirovla “Oqtay Eloğlu”ndan bir parça oynamışıq. Bu Fatmanisədən dördəlli yapışdım ki, ömür gedir, təki Cabbarlıdan nə isə oynayım. Onun qəhrəmanının adını daşıyıram. Atam Cabbarlını oxuyub, mənə Firəngiz adını verib.

 

60 yaşımda Almazı oynayası deyiləm

 

Nəhayət, bu il, bu yaşda Cabbarlı dramaturgiyası qismətimə çıxdı, ikiəlli yapışdım.  “Almaz” da Fatmanisəni verdi mənə Azərpaşa müəllim. O obrazı heç kimin ifasında görməmişdim, düzü, ancaq oxumuşdum. Rejissor dedi ki, Fatmanisə qəlyan çəkir, mən dedim, yox, onun əvəzinə başqa jest taparam. Mən hamıya tfu - deməklə obraza yeni çalar verdim. Dinamik obrazdı, qaynayır.

Hər dövrün öz hökmü var, bu yaşımda Almaz oynayası deyiləm ki. Olub 60 yaşda gənc qızları oynayıblar, bu günün tamaşaçısı onu qəbul etməz. Nə qədər formada da olsan, düzgün deyil. Gənc aktrisa yoxdur bəyəm, bəs, onlar hansı obrazı oynasınlar? Yolu açmaq lazımdır, gənclər gəlsin, yetişsin. Düşündüm, əvvəl maraqlandım ki, daha kimlər oynayır, gördüm yaxşı aktyorlar var, razılaşdım.  Qrim edib, bir az da yaşlandırıram onu. Bizim həmkarlar bəzən səhnə ilə həyatı səhv salırlar, Fatmanisə mən deyiləm, mənim yaratdığım obrazdır. Əsas odur oynadığından özün zövq alasan, onda tamaşaçı da zövq alacaq.

İndiyə qədər oynadıqlarımdan fərqli xarakterdir. Cabbarlının böyük dramaturgiyasında çox maraqlı qadın obrazları var.

 

Bir gecənin içində populyar oldum

 

Aslan Qəhrəmanovun “Səni axtarıram” adlı teletamaşasının səhəri küçəyə çıxa bilmədim. Tamaşaçıların xahişi ilə sonradan ardı da çəkildi, “Səndən xəbərsiz”, “Bağışla” adında. Atam rəhmətlik deyirdi axşam yatanda Bəhər müəllim idim, Firəngiz adında qızım vardı, səhər oyandım oldum Firəngiz Mütəllimovanın atası Bəhər müəllim. Populyarlıq yaxşıdır, amma insanlardan uzaqlaşırsan, adi həyatdan təcrid olursan. Hətta səninlə evlənmək istəyənlər də yaxın durmurlar ki, bizi bəyənməz. Şuşada elimin-obamın oğlanları üçün əlçatmaz oldum, uzaqlaşdılar məndən. Bəlkə Şuşadan xoşuma gələn olardı, sevərdim, ailə qurardım, xoşbəxt olardım. Çalışdım o şöhrəti qoruyub saxlayam, asan deyil. Gülnar insanların ürəyində qaldı. Mənim əksim idi, öz rolumu oynamırdım, tamam başqa xarakter idi, maşın sürən, ərköyün, imkanlı adamın qızı. Mən yoxu yox bilən, vara qane olan sadə qız idim. Yaşarın Elçini də çox populyar oldu.

 

Yaşarla sevgili olmamışıq, sevimli olmuşuq

 

Yaşar Nurini tamaşadan əvvəl institutdan tanıyırdım, dərs deyirdi orda. Həmişə dəhlizdə məni görəndə eyni sualı verərdi: “sən Ofeliya Sənaninin qohumusan?” Onu görəndə qaçırdım ki, bu sualı daha eşitməyim. Bir də gülüşümə hökmən nə isə deyərdi – “yenə gülür” deyərdi. Televiziyada “Qırçı” tamaşası vardı, Yaşar qırçını oynayırdı, biz də bir neçə qız onun ətrafında rəqs edirdik. Yenə mənə baxıb gülümsəyirdi, deyirdi, bu qızın siması əbədi gülür. Elə o gülüşə görə də “Səni axtarıram” tamaşasına düşdüm. Yaşar Nuri deyib ki, o elə hey gülür, Tariyel müəllim də deyib ki, onun gülüşü lazımdır ki, səndə, yəni Elçində qıcıq yaratsın.

Mənim həyatda idealım, xəyalımda yaratdığım, sevə biləcəyim adam tamam başqa idi. Yaşarla ailəvi dost olmuşuq, qastrola gedirdik, ailəsi onu mənə həvalə edirdi ki, yeməyinə, geyiminə nəzarət edim.

 

Heç kim anadan narkoman doğulmur

 

İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” tamaşasında oynadığım narkoman Mila obrazı sənət taleyimdə bir dönüş oldu. Gülnardan sonra hansı tamaşada oynayırdımsa Gülnara baxmağa gəlirdilər teatra. Məlahət-Mila obrazı yaxşıdı, pisdi, niyə həyatı belə olub, tamaşada açılmamışdı. İlyas müəllimə dedim ki, sonuna bir monoloq yazın Milaya, orda bunun acı taleyi açılsın. Yəni heç kim anadan narkoman, oğru doğulmur, onu bu yola salan həyatıdır. Allah rəhmət eləsin, İlyas müəllim yazdı. O monoloq bütün tamaşanı yığdı, tamamladı. O tamaşa ilə Türkiyəni qarış-qarış gəzdik, Almaniyada olduq. Sənət taleyimdə dönüş elədi.

 

At çapa bilmədiyim üçün Həcərə çəkmədilər məni

 

Sınaqlara dəvət edirdilər, sonra məlum olurdu ki, filmə başqasını çəkirlər. Ceyhun Mirzəyevlə Vaqif Mustafayev nəhayət ki, iki filmdə çəkdilər məni - “Bəyin oğurlanması” və “İşarəni dənizdən gözləyin”. Elxan Qasımovun çəkdiyi “Qocalar, qocalar”da çəkilmişəm, “Qaçaq Nəbi”də kiçik rolum olub. Turabov məni Həcər obrazına çəkmək istəyirdi, Fəxrəddin Nəbiyə çəkiləcəkdi - ikimiz oynayacaqdıq. Mən at minə bilmədim, atın üstündə əsim-əsim əsirdim. Hamı gülürdü, Turabov tərəfimi tuturdu ki, öyrənəcək də. Öyrənə bilmədim. “Sizi dünyalar qədər sevirdim” filminə Həzi Aslanovun həyat yoldaşını oynamağa dəvət etdilər, o qədər incimişdim ki, sınağa çağırıb çəkmədiklərinə görə, getmədim. Dedilər çəkirik, dedim istəmirəm. Şamil Nəcəfzadə “Qala” filminə sınaq çəkilişi etmədiyi üçün getdim. Dedilər, Rasim Balayevlə sənə sınaq çəkilişi olmayacaq, rol sizin üçün yazılıb. 

Mərahim Fərzəlibəyovun “Mənim ağ şəhərim” filminə də çəkilmişəm. Dövr çətin idi. Ən çox da Həmidə Ömərovanı çəkirdilər, Moskvada Kinematoqrafiya İnstitutunu bitirib gəlmişdi, işi film idi, teatrda işləmirdi, onu çəkirdilər.

 

Hər şeyi, hətta Dezdemona kimi obrazı atıb, çıxıb getdim

 

Şəxsi həyatım uçdu getdi. Səhər girirdik teatra, gecə çıxırdıq. Çox gənc yaşlarımdan elə həyat hadisələri ilə rastlaşdım ki, elə ətrafımda, öz həyatımda hamıya inamım qırıldı, qorxdum aldanmaqdan. Xüsusən, oğlanlara inana bilmədim, ona görə də sevə də bilmədim. Açıb-ağartmağın yeri yoxdu, olan olub, keçən keçib. 33 yaşımda İngiltərə vətəndaşlığı olan azərbaycanlı ilə tanış oldum. Bakıda yas mərasimində görmüşdü məni, “Yad qızı”ndan Nazan kimi tanıdığı üçün diqqətini çəkmişdim. Elə bir dövr idi ki, ölkədə müharibə gedirdi, ailəm məcburi köçkün düşmüşdü. Atam ağır xəstə idi. O, yeganə adam oldu ki, cəsarətlə gəldi, keçdi ata-anamın qarşısına, dedi ki, sizin qızınızla ailə qurmaq istəyirəm. O vaxta qədər heç kim belə irəli durmamışdı. Elə adamlar elçi gəlirdi ki, onları da mən istəmirdim. Bunun o cəsarəti xoşuma gəldi, yoxsa dərdindən dəli-divanə olub getməmişdim. Hətta bəhanə edib Almaniyaya qastrola getdim ki, gəlib görərəm gözləməyib, çıxıb gedib. Getməmişdi, gözləmişdi. Teatrda “Otello” qoyulurdu, Dezdemona oynayacaqdım, Mikayıl Mirzə də Otellonu oynamalı idi. Ən xoş günlərim onunla oldu, üzüm güldü, həyatın bütün ağırlıqlarını aldı çiyinlərimdən. Sonra atamın vəziyyəti ağırlaşdı, yollarda qalmışdım, gedirdim İngiltərəyə, gəlirdim Bakıya. O, bura köçmək istəmədi, mən orda qala bilmədim, övladımız da olmadı, çıxıb gəldim, ayrıldıq. Mən ona gedəndə o qədər qınayanlar oldu ki, niyə xarici vətəndaşa getdi. Neyniyək, belə gətirdi. Qayıtdım teatra, Turabov yerimi belə saxlamışdı.

Ailə olmadı, Nərgiz həmişə yanımdadır, elə bilirəm övladımdı. O biri bacım ailəlidir, iki övladı var, qızı İncəsənət Universitetini bitirib, “Məryəm” seriyalında da çəkilib. Çox gözəl rəsm əsərləri çəkir.

Onda lap hərtərəflidir, incəsənətin bütün sahələrində istedadı var, fortepiano da çalır. Allah vergisidir. Fikir vermişəm, istedadı olanlar evdə oturur, heç istedadı olmayanlar ortadadır.

 

Hələ gəncəm, mükafat alıram, qocalım, təqaüdə keçərəm

 

Teatrda əvvəllər hamının yubileyi qeyd edilərdi, indi ancaq ölülərin yubileyi qeyd olunur, 60 illiyimi keçirsinlər deyə gərək ölüm)) Mən də yaşamaq istəyirəm, ona görə istəmirəm yubiley. Görək də...

İki tamaşada varam hal-hazırda, yenə şükür. Elələri var, illərlə rolu olmur.

Seriallara çəkilmək arzusunda deyiləm. Həftədə bir dəfə “Bacanaqlar”a çəkilirəm. Onu biz başlayanda Azərbaycanda serial yox idi hələ. 10 ildir gedir o serial, indi hamı orda çəkilmək istəyir. Düzü, məni orda saxlayan kollektivin sevgisidir. Kommersiya filmlərinə getmirəm, çünki hamısı bir-birini təkrarlayır. Mülayim xasiyyətimdən sui-istifadə etmək istəyənlər var, bəzən qəpik-quruşa çəkiləcəyimi düşünürlər, amma elə deyil. Liderliyi sevənəm, özümə qiymət verənəm, adamı da gözünə baxan kimi tanıyıram.

Universitetdə dərs deyirdim, səhhətimlə bağlı çıxmalı oldum. Səhhətimdə elə problemlər var, açıb tökmək istəmirəm. Mən bilirəm, Allah bilir. Prezident mükafatı alıram, bir də teatrın maaşıdır. İstəyərdim, keçim təqaüdə.

Anam nahaq yerə ağlamırdı mən aktrisa olmaq istəyəndə. Bilirdi, ana ürəyi duyurdu, xasiyyətimə bələd idi, düşünürdü ki, canavarların içinə düşüb baş çıxartmayacam.

60-ın astanasında Tanrıdan bircə istəyim var - yaddaşıma dəyməsin, kimsəyə möhtac eləməsin məni. Bir də bircə dəfə Şuşanın havasını ciyərlərimə çəkmək qismətim olsun.

 

 

 

# 4343
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar