Gözdən əlilliyə görə pensiya təyinatının qanunauyğunluğu yenidən araşdırılacaq

 
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası üzrə qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı aparılmış auditin nəticələrini açıqlayıb.
 
ONA-nın məlumatına görə, audit 1 oktyabr 2017-ci il tarixindən 1 oktyabr 2018-ci il tarixinədək olan dövrdə dövlət büdcəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin vəsaitlərini əhatə etməklə, 2018-ci ilin 6 noyabr tarixindən 7 dekabr tarixinədək aparılıb.
 
Fondun büdcəsi üzrə Şöbənin xərcləri audit olunan dövr ərzində Şöbənin “Yığım” hesabının məxarici 62 milyon 7 min 623,3 manat oub. Həmin vəsaitin 95,5%-i pensiyaların, 1,8%-i sığortaolunanlara müavinətlərin, 1,6%-i icra vərəqlərinə əsasən məcburi ödənişlərin, 0,7%-i Şöbə aparatının saxlanılması xərclərinin, 0,4%-i xidmətlərin çatdırılması xərclərinin ödənilməsi üzrə xərclənib.  1 noyabr 2018-ci il tarixə Şöbə üzrə 25699 pensiya işi, o cümlədən 64,5% yaşa görə, 25,3% əlilliyə görə və 10,2% ailə başçısını itirmiş ailələrin pensiya işi mövcud olub.
Audit zamanı müəyyən edilmişdir ki, audit olunan dövr ərzində 27 nəfər, o cümlədən onlardan 19 nəfər işləyən sığortaolunana Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən gözdən əlillik səbəbi ilə əlillik müəyyən olunub. Bunun əsasında onlara əlilliyə görə pensiya təyinatı aparılıb. Əlilliyə görə təyin edilmiş 183 pensiya işi üzrə gözlə bağlı əlillik  işlərinin sayının xüsusi çəkisinin (14,8%) çox olması səbəbindən həmin şəxslərə əlilliyin müəyyən edilməsinin qanunauyğunluğunun araşdırılması məqsədilə Hesablama Palatası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib. Hesablama Palatası nəzərə çatdırıb ki, nazirlik tərəfindən müraciətə cavab verildikdən sonra həmin vətəndaşların pensiya hüquqlarına yenidən baxılmalıdır.
 
Audit zamanı auditin əhatə etdiyi dövrdə təyin edilmiş 691 pensiya işinə və hərəkətdə olan işlərdən seçmə üsulla 2855 işə, ümumilikdə 3546 işə baxılıb. Həmin işlər üzrə audit olunan dövr ərzində xərclənmiş cəmi vəsait 6774216,0 manat təşkil edib. Beləliklə, audit zamanı hərəkətdə olan pensiya işlərinin 13,8%-nin, həmin işlər üzrə xərclənmiş vəsaitin isə 11,4%-nin nəzərdən keçirildiyini söyləmək olar. Audit olunan dövrdə təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 8 halda cəmi 19 min 578,7 manat, hərəkətdə olan digər 20 pensiya işi üzrə 7 min 668,2 manat, ümumilikdə 28 pensiya işi üzrə 27 min 246,9 manat vəsaitin artıq ödənildiyi müəyyən olunub ki, bu da hərəkətdə olan pensiya işlərinin say baxımından 0,1%-i qədər, həmin işlər üzrə xərclənmiş vəsaitin isə 0,4%-i qədərdir.
 
Auditor hesabatının tərtib edildiyi tarixədək 27 min 246,9 manat vəsaitin vətəndaşlar tərəfindən Fondun büdcəsinə bərpası təmin edilib.

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>