Ustad xanəndə Hacıbaba Hüseynovun 100 illiyi qeyd edilib
14 aprel 2019 11:00 (UTC +04:00)

Ustad xanəndə Hacıbaba Hüseynovun 100 illiyi qeyd edilib

 
Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycanın musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunan ədəbi-bədii musiqili gecə keçirilib.
 
Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.
 
Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən tədbirdə Xalq artisti Mirnazim Əsədullayev və başqaları çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıblar. Bildirilib ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Onun muğam məktəbinin yetirmələri olan ifaçıların sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Xanəndə Azərbaycan muğamının xaricdə tanıdılmasına mühüm töhfələr verib.
 
Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayıb. Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, özü də qəzəllər yazıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib. Sənətkarın xatirəsi, əbədi heykəli ürəklərdə yaşayır.
 
Tədbirdə ustad xanəndənin tələbələri, sənət yoldaşları çıxış edərək onunla bağlı xatirələrini bölüşüb və öz ifalarını təqdim ediblər. Musiqili gecəni Əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi ansambl müşayiət edib.
 
(AZƏRTAC)
# 1058
avatar

Oxşar yazılar