<span style="color:red;">90 yaşlı xan oğlu : “Atamla əmimi tutdular, məni o xilas etdi” – <span style="color:red;">HEYRƏTAMİZ XATİRƏLƏR
10 aprel 2019 09:40 (UTC +04:00)

90 yaşlı xan oğlu: “Atamla əmimi tutdular, məni o xilas etdi” – HEYRƏTAMİZ XATİRƏLƏR

Həyətdə söhbətləşən üç - dörd nəfərdən bəstəkar Tofiq Bakıxanovun mənzilini soruşuram. Biri bloku göstərir, o biri qaçıb qapını açır, qapıçı isə 2-ci mərtəbədə yaşadığını, amma liftlə qalxmağımı tövsiyə edir.

Ahıl bəstəkardan yaşadığı evin nömrəsini soruşanda dedi üstündə nömrə yoxdur binanın, gəl filan yerə və aşağıda kimi görsən, məni soruş. Haqlı imiş. “2-ci mərtəbəyə lifti neynirəm” – düşünüb, pilləkənlərlə qalxıram və qatı qaranlığa düşürəm. Şəhərin mərkəzində yerləşir bu bina, qədim, amma yaxşı vəziyyətdə olan binadır, sadəcə pilləkənlərinə heç yerdən işıq düşmür və belə başa düşdüm ki, sakinlər pilləkənlərdən aid olduğu məqsəd üçün istifadə etmirlər.  Hər iki tərəfinə lazımsız əşyalar yığılmış pilləkənlərlə axtardığım mənzilin qapısına çatıb, zəngi basıram.

 

- Gəldim... – qapının arxasından gümrah və qalın kişi səsi eşidilir.

 

Qapını açıb məni içəri dəvət edir, özü düşüb qabağa otağa sarı gedir. Dəhliz boyu asılmış şəkillərə, divarın kənarında düzülmüş müxtəlif ölkələrin simvollarından, musiqi alətlərindən ibarət suvenirlərə baxa-baxa onun arxasınca keçirəm böyük otağa. Elə bil muzeyin əsas zalına daxil olursan. Evi öz sağlığında muzey kimi nəzərdə tutub deyəsən. Mən otağı seyr elədikcə, Tofiq müəllim səhhəti ilə bağlı problemlərdən danışıb, üzrxahlıq edir ki, məni layiqincə qarşılamağa səhhəti icazə vermir

 

- 7 i əvvəl qan təzyiqim çox yüksəldiyindən insult keçirmişəm. Müalicə olunub yeni-yeni özümə gəlirdim ki, gözlərimin hər ikisinə mirvari suyu gəldi.

 

- Hə, gözləriniz də yenicə əməliyyat olunub, indi yaxşısınızmı?

 

- Gözlərim boş şeydi, mirvari suyudu də, yaşla bağlıdır, indi yaxşı görürəm. Yoldaşım rəhmətə gedəndən sonra çətin oldu mənə, səhhətimdə problemlər ondan sonra baş qaldırdı. Həkim idi xanımım, yaxşı baxırdı mənə. Ofeliya Məmmədzadə tanınmış həkim idi həm də.

 

- İndi niyə tək olursunuz, yəqin özünüz belə istəmisiniz?

 

- Hə, belə rahatdı mənə, oğlum o biri blokda olur. Onlar gəlir, mən gedirəm, amma burda təkbaşına istirahətim üçün yaxşıdır. 

 

Söhbətə yenicə rəvac vermişdik ki, qapının zəngi çalındı. Tofiq müəllim əsaya söykənə-söykənə gedib qapını açdı. Sürücüsü idi, aptekdən aldığı dərmanları gətirmişdi. “Gəlmişkən, gözlərinin damcısını da töküb gedim” - dedi. 

Otağın baş tərəfində Abbasqulu Ağa Bakıxanovun portreti asılıb. Bakıxanovların ən böyüyü odur. Otağa qayıdanda mənim portretə gözlərimi zillədiyimi görüb, sanki ürəyimdən keçəni də duydu.

 

- Böyüyümüzdür. Uzun illər onun tədqiqi və xalqa tanınması üçün işlər görmüşük. Bax, hamısı onun kitablarıdır, əlyazmaları da var. “Gülüstani - İrəm” bütün dünyada nəşr olunub, müxtəlif dillərdə. Akademiyada Ziya Bünyadovun vaxtında bütün kitabları nəşr olundu. Mədəniyyət Nazirliyi də yayımını təşkil elədi. Hər beş ildən bir Abbasqulu Ağanın kitabları yenidən nəşr olunur.

 

- Siz onun nəticəsisiniz, atanız da ustad tarzən Əhməd Bakıxanovdur. Bəs, onun atası, sizin babanız kimdir, haqqında məlumat niyə yoxdur?

 

- O da xan nəslindən olduğuna görə, Məmmədrza bəy Bakıxanovun Sovet vaxtı adını belə çəkmək mümkün olmazmış. Abbasqulu Ağanın babalarından biri Dərgahqulu xan İçərişəhərdə Bakı xanı olub. Onun vəfatından sonra Mirzə Məhəmməd xan olub, sonra II Mirzə Məhəmməd xan olub - Abbasqulu ağanın atası. Qardaşlar arasında hakimiyyət üstündə narazılıq düşüb, Abbasqulu Ağanın atası ailəsini də götürüb, köçüb Qubaya, dayısı Fətəli xanın yanına. Çox adam ona görə elə bilir ki, o, Qubalıdır. Fətəli xan onlara beş kənd bağışlayıb. Özləri Əmsar kəndində yaşayıblar, orda Abbasqulu Ağanın Ev muzeyi var hazırda. 200 illiyini dövlət səviyyəsində orda qeyd elədik. 2014-cü ildə isə 220 illiyi qeyd olundu, həm Bakıda, Qubada, həm Naxçıvanda.  

 

- Atanızın da adı Əhməd Ağa Bakıxanov olub, amma deyəsən icazə olmadığı üçün Ağa sözü götürülüb, qalıb Əhməd Bakıxanov?

 

- Götürməyib, elə deyilib, amma sənədlərdə Əhməd Ağa Bakıxanov saxlayıb. Onu həmişə Əhmədxan çağırardılar. Atam yalnız tarzən olmayıb, ictimai xadim idi, ilk dəfə Azərbaycanda Xalq Çalğı Alətləri Ansamblını yaradan adamdır. 1929-cu ildə o vaxtkı Radio komitəsi, indi Azərbaycan teleradiosunda musiqi şöbəsinə rəhmətlik bəstəkar Müslüm Maqomayev rəhbərlik edirdi. Onun təşəbbüsü ilə atam həmin ansamblı yaradıb. Bu il həmin ansamblın 90 illiyidir.

Mən Konservatoriyada iki sinif qurtarmışam, skripka və piano. Hərdən o ansamblda pianoda ifa etmişəm, yəni tələbə vaxtı. Əslində o ansamblda ilk piano ifaçısı Cabbar Qaryağdıoğlunun qızı idi. Ondan sonra Rüxsarə Mirzəbəyova oldu, sonra da Zaur, o da rəhmətə gedib. Tərkib çox dəyişib.

 

- Siz də o insanların hamısını görmüsünüz, ünsiyyətdə olmusunuz. Hətta Üzeyir bəylə qonşu olmusunuz, sizin musiqiyə gəlməyinizdə onun da əməyi var.

 

- Uşaqlıqdan ailə üzvü kimi olub bizə, bizə gələrdilər, biz onlara gedərdik. Çox sadə insan idi. Azərbaycan musiqisi, incəsənəti  tarixində onun yeri hələ layiqincə qiymətləndirilməyib. Min dənə idarə onun elədiklərinin birini edə bilməz. Təkbaşına bütöv bir təşkilatın işini görməyə qadir idi. Onun dəvəti ilə atam Konservatoriyada dərs deyirdi. Çox yaxın idilər, söhbətləri tuturdu, atam da onun kimi fars dilini, ədəbiyyatı yaxşı bilirdi. 1938-ci ildə atamla əmimi həbs etdilər ki, guya bunlar İran muğamını təbliğ edirlər. Evdə yoxlanış apardılar, heç nə tapmadılar. Anam getdi Üzeyir bəyə dedi ki, akt yazıb aparıblar heç nə tapmamaqla bağlı, siz də deyin buraxsınlar onları. Üzeyir bəy deyib ki, Mircəfər Bağırovla birgə qatarla Moskvaya gedəcəm, dekadaya, orda deyərəm ona. Deyib, Mircəfər cavab verib ki, mən Bakıxanovların nəslinin tarixini əzbər bilirəm, onlar naxələf ola bilməz. Buraxdırıb atamla əmimi. 1941-ci ildə Üzeyir bəyin təşəbbüsü ilə atamın ansamblını da bərpa etdilər, indiyə qədər işləyir, atamın adını da daşıyır.

Azərbaycanda muğamları incəliyinə qədər bilən atamın yetirmələri olan tarzənlər var.

Mən Üzeyir bəyin təklifi ilə skripka sinfini oxudum. Atama dedi ki, milli alətlərimizin ifaçıları var, amma Avropa musiqisini ifa etmək üçün bizə instrumental musiqiçilər lazımdır. Mən və qardaşım Avropa alətlərini öyrəndik. İndiki Bülbül adına Musiqi məktəbi o vaxt Konservatoriyanın nəzdində onillik musiqi məktəbi idi. Bütün konsertlərimizdə Üzeyir bəy gəlib baxırdı. Öz fikirlərini deyirdi. İlk dəfə skripkada onun mahnılarını ifa etmişəm, “Leyli və Məcnun” operasından. Üzeyir bəy özü gözəl skripka çalırdı. Mənə dərs deyən Timberov soyadlı müəllim skripkadan Üzeyir bəyə də dərs deyib. Niyazi, Əfrasiyab Bədəlbəyli, Cövdət Hacıyev də ondan dərs alıb. Üzeyir bəyin dirijorluğu ilə dövlət başçılarının qarşısında ansamblda ifa etmişəm.

1948-ci ildə onillik musiqi məktəbini bitirən kimi imtahansız Konservatoriyaya qəbul olundum, əvvəlcə skripka ifaçılığına. Rektor da Üzeyir bəy idi. Bu ixtisası oxuyub başa vurandan sonra bəstəkarlığa qəbul oldum. Rus bölməsinin bəstəkarlıq sinfi dolu idi, amma Azərbaycan bölməsində bir mən idim, bir də Azər Rzayev. Artıq rektor Qara Qarayev idi. Mən yeganə tələbə idim ki, Üzeyir bəy Hacıbəyli adına təqaüdə layiq görülmüşdüm. Müəllimin aldığı maaşın yarısı qədər idi, 400 rubl. Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyası əsasında mən “Fantaziya” yazmışam, onun yazdığı ilk Azərbaycan kamera musiqisinə ithaf olaraq “Aşıqsayağı” bəstələmişəm, Üzeyir bəyə həsr etdiyim “Səkkizinci simfoniya”m var. 75 illiyim Filarmoniyada keçiriləndə Üzeyir bəyin yaradıcılığı ilə bağlı olan əsərlərim səsləndirildi.

İngiltərədə yaşayan şair, alim Qulammirzə Təbrizinin sözlərinə yazdığım mahnılar da Üzeyir bəyin xatirəsinə həsr olunub.

 

- Qara Qarayev necə, dərs dedi sizə?

 

- Məni bəstəkarlığa elə o sövq elədi. Dedi, mütləq bəstəkarlıqla məşğul olmalısan. Altı ay evində mənə hazırlıq keçib, qəbul olmuşam, götürüb öz sinfinə. 5 illik sinfi 4 ilə, iki diplom işi ilə bitirdim. Dünyanın hər yerində Üzeyir bəyin də, Qara Qarayevin də əsərlərini ifa etmişəm. Mövzum həmişə Azərbaycan bəstəkarlığı olub. Başqa cür ola da bilməz, bundan təsəlli alıram ki, onların borcunu qaytara bilirəm. Keçən il Musiqi Akademiyası mənə Üzeyir bəy adına mükafat verib.

 

- Tofiq müəllim, bir fakt soruşum sizdən. Sovet vaxtı da bu ermənilər bizim musiqiləri öz adlarına çıxırdılar?

 

- Bunun tarixi elə o vaxtdan başlayıb, 40-cı illərdə Üzeyir bəyin “Arşın mal alan” operasını oğurladılar. O bütün Sovet birliyinə yayıldı. Stalinin göstərişi ilə 1945-ci ildə “Arşın mal alan” filmi çəkildi. Ondan sonra bu məsələ səngidi. İstifadə edirlər həmişə, amma altdan-altdan. Onların Tiqranyan adlı bəstəkarları var, Azərbaycan rəqslərini salmışdı öz bəstəsinə. Xaçaturyan öz operasında bizim musiqidən istifadə eləmişdi, amma həmişə deyirdi ki, sizin musiqidir.

 

- Fikrət Əmirovla bağlı bir ara mətbuatda xəbər yayılmışdı ki, guya o, hansısa əsərində erməni musiqisindən istifadə edib.

 

- Mümkün deyil, onun bütün əsərləri sırf Azərbaycan musiqiləri, həm də muğamları üstündədir. Fikrət Əmirovla ola bilməz. Onların bir bəstəkarı Andrey Babayev Qara Qarayevin sinfini bitirib, onun yazdıqları hamısı Azərbaycan musiqisi üstündədir, özü də həmişə bunu deyib. Həmişə də Azərbaycan dilində danışardı. Bir mahnısı indi də oxunur, Mirzə Babayev oxuyurdu:

“Kimlər gəldi, kimlər getdi,

Bu dünyadan, bu dünyadan”

O mahnını Mirzə dedi mən yazmışam, amma Andrey Babayevin mahnısıdır, bizim musiqidir. Onun yazdığı “Mən bir qız gördüm” (Ya vstretil devuşku) mahnısı Rəşid Behbudovun ifasında bütün dünyaya yayıldı.

Ermənistana köçəndə ona demişdilər soyadını Babayan elə, razılaşmamışdı. Bizim musiqi şərqdə yeganədir, çünki bizim musiqilər muğam üzərindədir, muğam da başqa yerdə yoxdur. İranda var, amma bizdəki kimi inkişaf etmiş, dərin deyil. Onlarda “Segah”, “Çahargah” yoxdur. Hər muğamın da öz açması, mənası var. Rübabə bizim muğamla məşhurlaşdı.

 

- Rübabə demiş, Tofiq müəllim, ilk qadın bəstəkarı həmişə Şəfiqə Axundova deyirlər, bəs, Ağabacı Rzayevanın hüququnu tapdalamış olmuruq? Hər ikisi Üzeyir bəydən bir yerdə dərs alıblar, ikisi də eyni vaxtda mahnılar yazıblar.

 

- Bilirsiniz, Şəfiqə ilk opera yazan qadın olduğu üçün şərqdə, dillərə elə düşüb, əslində ilk qadın bəstəkar Ağabacı Rzayevadır, gözəl mahnılar yazırdı, tarzən idi, atamdan dərs alıb. Onun bəstəkarlıq istedadını Üzeyir bəy aşkar etmişdi. Şəfiqə ilk opera yazan qadın bəstəkardır, ilk qadın bəstəkar deyil. Üzeyir bəy tələbələrin atası idi. Görürdü kiminsə əyni-başı yoxdur, zəng vururdu Nazirlər Kabinetində Əzizağa Əzizbəyov vardı, Məşədi Əzizbəyovun oğlu, deyirdi ona ki, beş-altı dəst paltar lazımdır tələbələrə. İki-üç günün içində gəlirdi paltarlar. Belə insanlar vardı. İndi hərə özü üçün çalışır.

 

- Bayaq Mircəfər Bağırovdan danışdınız ki, konsertinizdə olub. Üzbəüz söhbət etmişdiniz onunla?

 

- Oğlu tələbə yoldaşım idi, bir yerdə Musiqi Məktəbində oxuyurduq, Dəfələrlə evlərində olmuşam. İndiki İncəsənət Muzeyi var e, o binada olurdular. Cahangir idi adı, Canik deyirdilər. Bir yerdə konsert çalmışıq. Bağırov özü mənə demişdi ki, mənim masaüstü kitabımdır babanın əsərləri. Bakıxanovların tarixini əzbər bilirdi.

 

- Demək, sizi repressiya qılıncından bu məqam xilas edib...

 

- Bəli, yoxsa bəy xan nəslindən olduğum üçün başqa xilas yolum yox idi. Əmim qızı instituta qəbul olmuşdu, demişdilər soyadını dəyiş, yoxsa səni götürə bilmərik. Atamgilin başı da çox ağrıyıb vaxtında. Bağırovun oğlu Cahangir Moskvada  Aviasiya məktəbinə qəbul olundu, sonra necə olubsa orda dünyasını dəyişib. Bir oğlu Volodya da müharibədə həlak oldu. Yoldaşı yəhudi idi.

 

-  Bir az da ailənizdən danışaq. Deyəsən cavan qızınız rəhmətə gedib, 34 yaşında. Anası da onun dərdinə dözməyib, dünyasını dəyişib.

 

- Hə, Akademiyada çalışırdı qızım, ərəbşünas alim idi, Ziya Bünyadovdan dərs almışdı. Müdafiəsini də rəhmətlik Aida İmanquliyevanın rəhbərliyi ilə eləmişdi. Üç aylığa Ərəbistana göndərdilər onu. Qayıdandan sonra halı pisləşdi, apardıq həkimə, məlum oldu ki, qanına virus düşüb, qan iltihablaşır. Çox çəkmədi, itirdik onu.

 

- Bir oğlunuz var?

 

- Hə, Lomonosov adına Moskva Universitetini fəlsəfə üzrə bitirib. Qızımın da iki övladı var, İsveçdə yaşayırlar. Oğlumun da iki övladı var, bir oğlan, bir qız. Qızı musiqi ilə məşğuldur, bir neçə dil bilir. Yaxşı rəsmlər çəkir, sərgisi də olub.

 

- Ən son yazdığınız musiqi hansıdır?

 

- Heydər Əliyevin xatirəsinə həsr etdiyim “Həmişə bizimləsən” əsərim. Bütün əsərlərim həmişə ifa olunur, kənarda qalan musiqim yoxdur.

 

Beləcə, 150-yə qədər mahnı və romansın, 8 simfonik muğamın, 25 sonatanın, 5 baletin, 4 musiqili komediyanın müəllifi olan dünya şöhrətli bəstəkar Tofiq Bakıxanovla söhbəti tamamlayıb onun artıq sağlığında muzeyə çevrilmiş xudmani evini tərk edirəm. Sonuncu sözləri qulaqlarımda səslənir: “Mən xoşbəxt insanam ki, Üzeyir bəy, Qara Qarayev, Əhməd Bakıxanov  kimi müəllimlərim olub, onlarla eyni dövrdə yaşamışam”.  Bir də Fikrət Əmirovun fikrilərini dedi: “Bəstəkar ona deyərəm ki, yazdığı musiqinin ünvanı bəlli olsun. Azərbaycan bəstəkarının musiqisi deməlidir ki, bu bəstəkarın ünvanı Azərbaycandır”.

 

Bugünkü müsahibim kimi...

# 2297
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar