Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı
09 aprel 2019 21:24 (UTC +04:00)

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. 
 
ONA-nın məlumatına görə, 57, 65, 70, 79 və 97 kq-da çıxış edən Azərbaycanın sərbəst güləşçiləri bu çəkilərin hər birində fəxri kürsüyə qalxıblar. 
 
Belə ki, həmyerlilərimizdən xalçaya öncə Mahir Əmiraslanov çıxıb. 57 kq çəki dərəcəsində gücünü yoxlayan pəhləvanımız bürünc medal uğrunda görüşdə Georgi Vangelovla (Bolqarıstan) üz-üzə gəlib. M. Əmiraslanov 8:4 hesabı ilə qalib gələrək, Avropa çempionatını 3-cü yerdə bitirib. 
Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev (65 kq) də Buxarest sınağını medalla başa vurub. O, Selahattin Kılıcsallayanla (Türkiyə) dueldən asan qələbə ilə ayrılıb (7:0) və titulunu qorumaqla, üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 
 
70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev də qızıl medal üçün türkiyəli idmançı ilə qüvvəsini sınayıb. Mustafa Kaya ilə güləşən milli üzvü 2:6 hesabı ilə uduzub və gümüş mükafatla kifayətlənib.
 
Yığmamızın kapitanı Cəbrayıl Həsənov (79 kq) da Hacı Əliyev kimi, 3-cü dəfə Avropa çempionu tituluna yiyələnib. O, komanda yoldaşından fərqli, final görüşünü keçirmədən qalib elan edilib. Buna Həsənovun rusiyalı rəqibi Əhməd Qazıməhəmmədovun yarımfinalda zədələnməsi səbəb olub. 
 
Günə 97 kq çəki dərəcəsinin döyüşləri ilə yekun vurulub. Üçüncü yer uğurda güləşən Nurməhəmməd Hacıyev bürünc medal uğrunda Məhəmmədhacı Nurovla (Makedoniya) qarşılaşıb. Görüş pəhləvanımızın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Beləliklə, millimiz ilk medal gününü 5 mükafatla bitirib. Bunlardan 2-si qızıl, 1-ü gümüş və 2-si bürünc olub. 
 
Qeyd edək ki, Avropa çempionatının sabah keçiriləcək medal döyüşlərində 3 idmançımız xalçaya çıxacaq. Onlardan Şərif Şərifov (92 kq) qızıl, Hacımurad Hacıyevlə (74 kq) Murad Süleymanov (86 kq) bürünc medal üçün mübarizə aparacaq. 
# 918
avatar

Oxşar yazılar