Azərbaycan “TİBO-2019” sərgi-forumunda
09 aprel 2019 15:58 (UTC +04:00)

Azərbaycan “TİBO-2019” sərgi-forumunda

Azərbaycan nümayəndə heyəti Minskdə 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TİBO-2019” sərgi-forumunda iştirak edir.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, sərgidə Azərbaycan nümayəndə heyətinə nazir müavini Elmir Vəlizadə rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının və özəl şirkətlərin 15-ə yaxın təmsilçisi daxildir.
 
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin adından oxunan məktubda qeyd olunub ki, milli sənaye sərgilərində qarşılıqlı olaraq iştirak etmək Azərbaycan ilə Belarus arasındakı dostluq münasibətlərinin, eləcə də Azərbaycanın sahə üzrə nazirliklərinin səmərəli biznes tərəfdaşlığının gerçək nümunəsidir.
“TİBO” beynəlxalq və dövlət qurumlarının nümayəndələri, aparıcı beynəlxalq şirkətlər, yüksək səviyyəli və çox profilli mütəxəssislər üçün illik görüş yeridir.
 
Forum çərçivəsində Ümumdünya Radiorabitə Konfransına hazırlıq üzrə radiospektr sahəsində yol xəritəsi istiqamətində gedən müzakirələrdə Azərbaycan təmsilçiləri də iştirak edirlər. Seminarlarda gələcəkdə nəzərdə tutulmuş perspektiv texnoloji transformasiyanın ölkəmizdə inkişafına dəstək verilməsi üçün strateji hazırlıq məsələləri müzakirə olunub.
 
“TİBO-2019” sərgi-forumunda Azərbaycan Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir.
 
Qeyd edək ki, ölkəmiz artıq 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla iştirak edir və nümayəndə heyəti ilə təmsil olunur.
 
Sərgiyə bu gün təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar. Sərgi öz işini aprelin 12-dək davam etdirəcək.
# 1002
avatar

Oxşar yazılar