Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş oldu
07 aprel 2019 00:10 (UTC +04:00)

Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş oldu

 
Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerikalı şair, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçirilib.
 
ONA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Amerikan Ticarət Palatasının dəstəyi ilə reallaşıb.
 
A.Səlimov tədbirdə öz şeirlərini rus və ispan dillərində oxuyub, tamaşaçıların suallarına cavab verib. Gecədə şair, tərcüməçi Səlim Babulaoğlu çıxış edərək, A.Səlimovun yaracılığı haqqında fikirlərini bölüşərək, onun şeirlərini ilk dəfə Azərbaycan dilində söyləyib.
Məlumat üçün bildirək ki, A.Səlimov 1963-cü ildə Mahaçqalada doğulub. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A.Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-ın Delaver Universitetinin magistratura pilləsinə, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspirantura pilləsinə daxil olub.
 
1996-cı ildə “İspan dili və ədəbiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Hazırda Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, YUNESKO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib.
 
A.Səlimovun kitabları arasında “Çağırış və digər poemalar” adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb. “Çağırış və digər poemalar” kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.
 
Tədbirin bədii hissəsində Əməkdar artist Şəhriyar İmanovun (tarda) və pianoçu Tural Rafaelin müşayiəti ilə Beynəlxalq Müsabiqələr Laureatı Lenay Seyidəlizadənin və Cavid Hacıyevin rəqs nömrəsi tamaşaçılara təqdim olunub.
 
Bakılı tamaşaçılar şairin yaradıcılığına böyük maraq göstəriblər.
# 1031
avatar

Oxşar yazılar