"Yuğ”da “Quş dili”ndə danışacaqlar
04 aprel 2019 11:15 (UTC +04:00)

"Yuğ”da “Quş dili”ndə danışacaqlar

Aprelin 7-də “YUĞ” Dövlət Teatrı repertuarına yeni əlavə olunan “Quş dili” tamaşasını təqdim edəcək.

Teatrdan Lent.az-a bildirilib ki, tamaşanın rejissoru Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir.

Tamaşada Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak edəcək.

Əsərdə cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Əzrayılın gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

# 863
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar