Polkovnikin xanımı: “Gecə saat 3-də zəng vurub, Ağdamın yolunu soruşdu...” – ŞƏHİD ƏMANƏTİ

 

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid polkovnik Vüqar Yusifovun evindən hazırlanıb.

 

Polkovnik

 

Vüqar Yusifov 1976-cı il noyabrın 2-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1993-cü ildə Şiştəpə kənd orta məktəbini bitirəndən sonra Türkiyədə Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olur. 1998-ci ildə oranı bitirir. Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında kəşfiyyat kapitanı təkmilləşdirmə kursunda, 2011-ci ildə isə Pakistanda Xüsusi təyinatlı təkmilləşdirmə kurslarında iştirak edir.

 

Əşyalar

 

Doqquzmərtəbəli binanın liftinə girib düyməni basanda səhər saat on bir idi. Lift aramla sonuncu mərtəbəyə qalxıb, dayanır. Mənzilin dəmir qapısı şaqqıltı ilə açılır. 2016-cı il aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun xanımı Lalə Yusifova gülümsəməyə çalışan çöhrəsi ilə məni qarşılayır. Dəhlizə keçəndə evin ilıq hərarəti düşüncələrimdəki qarışıq kədərə hoparaq, onu daha da dərinləşdirir. Otaqda bizi ilk qarşılayan polkovnik Vüqar Yusifovun divar boyu vurulmuş şəkilləri olur. Şkafın üzərinə səliqə ilə düzülmüş əşyalar təmkinlə, heç nə olmamış kimi bir-bir yerlərindən boylanırlar. Sanki elə indicə bu əşyalar yenidən sahibinin paltarlarının ciblərini dolduracaq, çiyinlərini, sinəsini bəzəyəcək, onunla birlikdə uzaq səfərlərə, təlimlərə yollanacaqlar.

 

Xatirələr

 

Lalə xanım sürfənin ortasına qoyulmuş beli çəhrayı kəmərlə sıxılan səmənini masanın başına qədər sürüşdürüb, gətirdiyi çay fincanlarına yer edir. Vüqarla keçirdiyi xoşbəxt, həm də nigaran günlərini xatırlayaraq deyir: Ən ağır təlimlərdən belə evə gülərüzlə gəlməyi sevirdi. Bəlkə də yaşımın az olduğunu nəzərə alıb, heç vaxt məni narahat etmək istəmirdi. Bilirdim ki, işi çətin və təhlükəlidir. Amma mənə heç vaxt nə hiss etdirmirdi. Bəzən günlərlə telefonuna zəng çatmır, özü də heç nə yazmırdı. Adi vaxtlarda evə gəlmədiyi günlərdə isə həmişə gecə 2-də, 3-də də olsa mesaj yazırdı ki, qorxma! Ona görə də sonuncu günə qədər ürəyimdə toxtaqlıq, arxayınlıq oldu. Mən elə bilirdim ki, ona heç vaxt heç nə olmaz. Həmişə ona deyirdim ki, sən çox böyük ürək daşıyırsan. Çünki çox möhkəm insan idi. Heç vaxt hiss etməmişəm ki, onun harasısa ağrıyır və ya yuxusuzdur, yorğundu”.

 

Danışır, danışdıqca da gözlərindən süzülən kədər onun yarımçıq qalmış ərən, qəhrəman ömrünə həmişəlik şərik olmasını təsdiqləyir. Bir vaxtlar telefon zənginə, qapı döyülməsinə, əsgər çəkmələrinin tappıltısına dünyalar qədər xoşbəxt olan bu dörd nəfərlik ailə indi hər şeyə etinasız, lal sükutlarla reaksiya verir. 

 

Məktublar

 

“Onun dostu bizim yaxın qohumumuz idi. Vüqar onunla bizə gələndə məni görüb bəyənmişidi. Aramızda on yaş fərq vardı. O, məni ilk dəfə görəndə on birinci sinifdə oxuyurdum, müəllim yanına hazırlığa gedirdim. Üç dəfə ard-arda məni görmüşdü, amma ürək edib xoşu gəldiyini deyə bilməmişdi. Həm aramızdakı yaş fərqi, həm də mənim hələ məktəbli olmağım onun əl-qolunu bağlayırdı. Sevgisini mənə ilk dəfə dörd səhifəlik məktubla bildirmişdi. Hazırlıqdan gələndə məktubu tələsik mənə verib, uzaqlaşmışdı. Sonralar da bizim münasibətlərimiz məktubla davam edirdi. Hətta mənə yazdığı mesajları belə sözbəsöz vərəqlərə köçürüb saxlayırdım ki birdən mesajlar nə vaxtsa silinər, sözlər, cümlələr it-bat olar. Qəribə hisslər idi. Bəlkə də ürəyimə damıb ki, nə vaxtsa onu itirə bilərəm, onda heç olmasa mesajları qalsın”.

 

Məhəbbət

 

“İkimiz də bir-birimizi sevirdik. Amma atam bir az narazı idi bizim evlənməyimizə. Vüqar özü öz elçiliyini etdi, özü bizə gəlib, arada sülh yaratdı. Doqquz il onunla ailəli oldum, amma hər dəfə Vüqar qapıdan içəri girəndə elə bilirdim təzəcə nişanlanmışıq. Nişanlı qız həyəcanı ilə ondan utanıb, çəkinirdim. Bəlkə də onunla keçirdiyimiz zamanlar çox az olurdu deyə evə gələndə bizdən ayrılmaq istəmir, uşaqlarla çoxlu vaxt keçirməyə çalışırdı.

Elə vaxt olub ki, gecə saat 3-də təlimdən gəlib, amma ürək edib qapını döyə bilməyib ki, birdən biz qorxarıq. Səhərə qədər maşında gözləyib, sonra zəng vurub deyib, oyanmısansa, qapını aç, gəlirəm. Mənə görə həmişə bircə amalı olub ki, mən qorxmayım. O, mənimlə sanki böyük qızı kimi davranırdı. Həmişə də deyirdi, sən də böyük qızımsan. Gəzməyə gedəndə məni də uşaqlara qatıb aparardı. Mən də elə qəbul etmişdim. Atamı, anamı unutmuşdum. Fikirləşirdim ki, nə zamansa onlara nəsə olsa, Vüqar var. Amma Vüqardan sonra heç kim mənim köməyimə onun qədər gələ bilmir. Yarımçıq qalmışam. Ölümündən üç il keçsə də baş verənlərə inana bilmirəm, gözüm yollardan, qapıdan yığılmır”.

 

Yaxşı oğlan

 

Polkovnik Vüqar Yusifov sonuncu dəfə Talış yüksəkliyi uğrunda əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovla birgə döyüşərək həlak olub. Onlar bir-birlərini qismən tanısalar da, Raquf Orucov Vüqar haqqında çoxdan, lap çoxdan “yaxşı oğlandı” sözlərini işlətmişdi.

Günlərin birində əfsanəvi kəşfiyyatçı Raquf Orucova gecə saat 3-də zəng gəlir. Zəng vuran adam ondan Ağdama gedən yolun istiqamətini soruşur. Danışıq bitəndən sonra Raquf Orucovun həyat yoldaşı Sevinc xanım zəng vuranın kimliyini xəbər alır. Komandir isə deyir, yaxşı oğlandır!

Bu sözləri deyərkən yəqin “Murov qartalı”nın ağlına da gəlməzdi ki, nə zamansa həmin yaxşı oğlanla bir addımlıq məsafədə eyni məqsəd, eyni əqidə uğrunda birgə şəhid olacaqlar.

 

Ürəyədamma

 

2016-cı ilin əvvəllərindən başlayaraq Vüqar Yusifovun evə gəlişlərinin arası seyrəkləşməyə başlayır. Hətta Yeni il bayramı ərəfəsində qızının onun gəlməyini arzulaması belə polkovnik üçün mümkünsüz olur. O, qızını dilə tutub deyir: “Bayramı burdakı əsgərlərlə birgə keçirməliyəm. Çünki onların ata-anaları yanlarında yoxdur, sənin isə anan, qardaş və bacın yanındadır”. Uşaq ağlı atasının bu sözlərindən oğurlanır, Aytən atası ilə razılaşır.

Amma Aytənin atası mart ayının 20-də Novruz bayramında qızının yanında olur və dərhal da geri hərbi hissəyə dönür. Evə bir də səkkiz gündən sonra gəlir. Və bu gəliş sonuncu olur.

Lalə xanım həmin günü səbəbsiz yerə doluxsunur, ağlayır, həyat yoldaşını evdən, yanından buraxmaq istəmir. Həyat yoldaşının göz yaşları, narahatlığı polkovnikə də sirayət edir. O, sonuncu dəfə evindən çıxanda fikirli olur, söz verir ki, bir həftədən sonra qayıdacaq. Amma...

 

Zəng

 

Amma aprelin 3-də Vüqar Yusifov xanımına zəng vurur, səsindəki xırıltıya, tanınmazlığa rəğmən ona hər şeyin yaxşı olduğunu, qorxmamasını tapşırır. Hətta ertəsi gün evə gələcəyini də vəd edir. Lalə xanım neçə gündür televizorda şəhid xəbərlərini eşidib kədərlənsə də, qorxuya düşsə də, həyat yoldaşının səsini eşidəndən sonra dirçəlir, üz-gözünü yuyub evinə bazarlıq edir, cürbəcür yeməklər hazırlayır. Aprelin 3-dən 4-nə keçən gecəni o, sevindiyindən səhərə qədər yata bilmir. Tez-tez pəncərəyə boylanıb səhərin açılmasını gözləyir. Sən demə, həyat yoldaşının yolunu gözləyən qadın qəlbinin narahatlığı, səbirsizliyi polkovnikin gəlişindən yox, bu dünyadan ayrılıb gedişindən xəbər verirmiş: “Sevincimdən həmin gecəni yatmadım. Səhər açılan kimi yır-yığış edib, Vüqarı gözləməyə başladım. Evdə fırlansam da, işlə başımı qatsam da heç kefim yox idi. Uşaqları məktəbə qoyub qayıdanda yolüstü nəzir də verdim ki, Vüqar sağ-salamat qayıtsın. Evə gələndən sonra ordan-burdan zənglər gəlməyə başladı. Sən demə, çox adam bilirmiş Vüqarın həmin gecə şəhid olmasını, məndən başqa. Dayım qızının zəngindən sonra bildim ki, ona nəsə olub. Ondan sonra vurulan iynələrin təsirindən nələr baş verdiyini, hətta Şəmkirə onun dəfninə necə getdiyimi belə dumanlı xatırlayıram.

Onu son dəfə görməyi şiddətlə arzuladım. Qoymurdular. Amma inadımdan dönmədim. Evdə necə yatmışdısa, eləcə də yuxuya getmişdi. Yanağının qırmızısı da getməmişdi. Onda inandım ki, şəhidlər həqiqətən də ölmürlər”.

 

Son döyüş

 

Son döyüşlərdə şəhid olanların çoxu Vüqarın yetirmələri, Türkiyədə, Amerikada hərbi təhsil almış, on səkkiz, iyirmi illik hərb təcrübəsi olan yüksək rütbəlilər olub. Döyüş davam etdikcə şəhidlərin sıra adları da çoxalmağa, artmağa başlayır. Vüqar Yusifov şəhid olanların adlarını öyrənəndən sonra onların qisasını almağı məqsədə çevirir. Vüqar Yusifov Raquf Orucovla döyüş gedən, minalanmış əraziyə çox ustalıqla daxil olurlar. Vüqar Yusifov təlimatı verib geri qayıtmalı olduğu halda qayıtmır. Həmin vaxtı tankdan açılan atəş onların hər ikisinin ölümünə səbəb olur.

 

Güllər

 

Lalə xanım gülləri sevməsə də polkovnik ona qəfildən gül alıb gətirməyi çox xoşlayarmış: “Bir də görürdüm təzə tər gül dəstəsi ilə evə girdi. Təbiəti, çiçəkləri çox sevirdi. Ondan sonra istəyirəm evimin hər tərəfi gül-çiçək olsun. Məzarı üstünə gedəndə də o qədər gül alıb aparıram ki. Ürəyimdə onunla danışıram, deyirəm, Vüqar, sən gülləri çox sevirdin. Həmişə sən mənə gül alardın, indi gör, mən sənin üçün nə qədər gül gətirmişəm”.

 

Dəfn

 

“Rayonda dəfn olunmasını valideynləri istədi. Mən onları qınaya bilmərəm. Ana başqadır, ananın çəkdiyi əziyyəti heç nə ilə ölçmək olmaz. Mən bəlkə də, övladlarımla az da olsa təsəlli tapıram, ovunmağa çalışıram. Amma Vüqarın anası balasını itirib, onun təsəllisi yoxdur. Ona görə də mən yoldaşımın öz kəndlərində dəfn olunmasına heç bir etiraz edə bilməzdim”.

 

Yadigarlar

 

“Vüqar şəhid olanda böyük qızımın səkkiz, kiçiyinin altı yaşı vardı. Oğlum hələ yaş yarımlıq idi. Amma indi hamıdan çox o atasını arzulayır, axtarır. Deyir, axı hamının atası var, bəs mənim atam niyə gəlmir? Hərdən özümə də qəribə gəlir. Axı Vüqar rəhmətə gedəndə o yaş yarımlıq idi. Atası onun yadında necə qalıb?

Ayan özünə qapanan uşaqdır, Aytən isə ona nisbətən deyib-güləndir. Elə atası da Aytənə ağbirçək deyirdi, evdə hər şeyin ardınca onu buyurur, hamama girəndə dəsmalı onun əlindən alıb üz-gözünü silərdi. Təbii ki, Aytən də bundan fərəhlənirdi”.

 

***

 

Qapıdan çıxanda Lalə xanım mənə bir az da yavuqlaşır, arzusunu dilə gətirir. Xatirələrimi, onunla bağlı səslənən fikirləri yazıya çevirib. İstəyir, Vüqar Yusifov haqqında bir kitab çap olunsun. Gələcək nəsillər onları qoruyan qəhrəmanların kim olduğunu bir də oxuyaraq, kitablardan öyrənsinlər...

 

 

 

 

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>