"Çox maraqlı təklif almışam" - Şəhriyar Məmmədyarov
01 aprel 2019 22:11 (UTC +04:00)

"Çox maraqlı təklif almışam" - Şəhriyar Məmmədyarov

 
"Heç-heçə qaçılmazdı. Son günlər hamı şahmatda heç-heçələrin çoxaldığını deyir. Kənardan danışmaq asandı". 
 
ONA-nın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. 
 
Qrossmeyster "ShamkirChess 2019" turnirində ikinci partiyada da heç-heçə oynayıb. Bu dəfə Məmmədyarov milli komandadakı həmkarı Teymur Rəcəbovla xalı yarı bölüb. 
 
Mətbuat konfransında Şəhriyar oyunu haqqında bunları deyib: "Bu oyunun içində olanda görürsən ki, qələbəyə oynamaq mümkün olmur. Bəzən 4-5 saat oynadığın partiyada qələbə görünmür. Ona görə heç-heçələr barədə FİDE düşünməlidir. Əslində isə şahmatçıların öhdəsinə buraxmaq lazımdır. Heç-heçə istəmirlərsə, qaydaya dəyişiklik etsinlər. Stavangerdə keçirilən mötəbər yarışda heç-heçəyə imkan verilmir. Əgər oyun bərabər başa çatarsa şahmatçılar əlavə blitsdə qalibi müəyyənləşdirir".
 
Daha sonra Ş. Məmmədyarov milli komandanın üzvlərinə qarşı mübarizə aparmağın çətinliyindən danışıb: "Bizi illərin münasibəti bağlayır. Mentalitetlə bağlıdır. Millidə hamımız bir ailəyik. Təsəvvür edin, lazım olanda debütlərimizi bölüşürük. Teymurla aramızda sirrimiz yoxdur. Teymurun mənə kömək etdiyi yarışlar olub. Bəzən bildiyim debütü komanda yoldaşlarımla bölüşmüşəm. Belə halları digər komandalarda görmək mümkün deyil. Onlarda hamısı bir-birinə rəqib kimi yanaşır. Azərbaycan millisində uğur qazandığımız yarışlarımız, qalibiyyətlərimiz olub. Uzun illər millidəyik və bu adi münasibət deyil. Bir neçə il əvvəl Eltac Səfərli ilə Şəmkirdə oynayanda mənə qələbə çox vacib idi. Udmalıydım, üstünlüyüm olduğu partiyada səhv etdim, güclə düzəltdim. Amma qalib gəlmək fikrində olmuşam. Ümumilikdə etiraf etməliyəm ki, milli komandanın üzvlərinə qarşı uduşa oynaya bilmirəm. Dost olduğum həmkarıma qarşı prinsipiallıq hiss etmirəm. Düzdür, həmişə belə olmur".
 
Ş. Məmmədyarov bu il də klublar arasında Avropa Kubokunda iştirak edəcəyini də bildirib: "Çox maraqlı təklif almışam. Klubun adını hazırda açıqlaya bilmərəm. Məni iddialı klubun heyətində görəcəksiniz".
 
# 916
avatar

Oxşar yazılar