<b>Londonda "Brexit" havası - <span style="color:red;">REPORTAJ </b>
29 mart 2019 15:35 (UTC +04:00)

Londonda "Brexit" havası - REPORTAJ

ONA-nın Böyük Britaniya bürosunun təmsilçisi Aytən Abbaslı  xüsusi reportajında “Brexit”lə bağlı Londonda yaşananları təqdim edir:
 
Londona bir neçə günlük gələn turistlərə gəzməyə ilk olaraq tövsiyə edilən yerlərin bəlkə də başında gələr “Vestminster” bölgəsi. Orta məktəbdə ingilis dili dərsliklərində gördüyümüz məşhur Big Ben, Temza çayının o biri sahilindən insanın gözünü oxşayan,  bir az da Bakıdakı “Şeytan Çarxı”nın bizə artıq doğmalaşdırdığı London Eye və “Vestminster Sarayı”nın, yəni parlament binasının öz əzəməti ilə sizi valeh edən ab-havası. Yolunuz buralardan düşsə, sizi bu mənzərələrdən biri qarşılayacaq.
 
Heç şübhəsiz, siz hətta “Vestminster” körpüsündəki insan topluluğunu bir tərəfə itələyib yenicə gördüyünüz bir insana telefonunuzu verərək ondan fotonuzu çəkməsini xahiş edəcəksiniz. Ancaq sanki qopacaq qum fırtınasını öncədən hiss etmiş kimi üz- gözünü bağlayan (əslində isə təmir olduğu üçün ətrafı dəmir yığınından ibarət) “Big Ben”in fonunda foto çəkdirərkən siz birdən-birə özünüzü əlində "“Brexit”ə yox", “Avropa İttifaqından çıxmaq istəmirik” və yaxud tam əksi ilə bağlı plakatlar tutan britaniyalıların arasında görəcəksiniz.  Hətta “Vestminster Sarayı” boyunca öz etirazını müxtəlif şəkildə göstərən insanlara baxa- baxa asta addımlarla yeriyərkən britaniyalılar haqqında ağlınızda yeni fikirlər formalaşa bilər.
 
Sarayın qarşısında dayanan əli silahlı iri cüssəli polislərə tamaşa edən, saray darvazalarına baxan, sürətli addımlarla yeriyən insanların arasında özümə yer tapıb, irəliləyərkən yanında çamadan, əlində qəzet oxuyan, bir neçə şüarın yazıldığı uzunsov kağızı başına papaq kimi qoyan 50 yaşlarında bir kişinin yanından keçirəm. Görəsən, niyə bu kişi yeriyə - yeriyə bu qədər insanın arasında qəzet oxuyur? Elə onda görürəm ki, ondan başqa hamı gəlib keçir, o isə öz yerində dayanıb. Özü də əlində oxuduğu qəzetdən başını qaldırmadan. Ətrafda onun fotosunu çəkənlərə heç bir məhəl qoymadan... İstanbuldakı “Gezi Olayları” zamanı bir vətəndaşın əlləri cibində, tərpənmədən, heç kəslə danışmadan saatlarla dayanmasını xatırlayıram. Londondakı bu “dayanan adam”ın nümayiş etdirdiyi şüarda isə belə yazılıb: “Freedom. Brexit now” (“Azadlıq. Ele indi Breksit”). Elə onun düz yanında gömgöy kostyum geyinən qaradərili orta yaşlı kişi, Britaniya bayrağının əks olunduğu eynək, papaq və qalstukla əlində “Britaniyaya inanın. Biz çıxmaq üçün səs verdik” şüarlarını tutub. Gəlib-keçənlərlə də öz fikirlərini bölüşməkdən, izah etməkdən heç geri qalmır.
 
Bir az yeridikdən sonra isə  parlament binası ilə üzbəüz parkın qarşısında əllərində Avropa İttifaqı və Britaniyanın bayrağı olan insanlar diqqət çəkir. Onların diqqəti isə ətrafında balaca dəmirlərlə hasarlanan, giriş çıxışı polis nəzarətində olan parkdadır. Burada Britaniya mediasının son günlər gecələri belə “Brexit” növbəsinə qaldığı yerdir. Müxtəlif media qurumları çadırını qurub buradan canlı olaraq “Brexit”lə bağlı yenilikləri izləyicilərə çatdırırlar. BBC kimi media qurumlarının çadırları isə daha yüksəkdə qurulub.
 
Media nümayəndələri o tərəf - bu tərəfə gedir-gəlir, operatorlar əllərində plakatlar olan insanları çəkir, şəhərdəki müxtəlif ölkələrdən, mədəniyyətlərdən gələn turistlər öz telefonları ilə bu maraqlı kadrları ölümsüzləşdirirlər. Ara-sıra gur səsli bir kişinin “Biz çıxmaq istəmirik” sədaları eşidilir.
 
Bir azərbaycanlı olaraq “Brexit”in bizə britaniyalılar qədər, illər boyu izi görünəcək bir təsiri olmasa da, heç şübhəsiz, Azərbaycan da daxil, bütün dünyanın gözü hazırda Britaniyadadır. Xüsusilə, Tereza Meyin Devid Kemeronun referendum vədi ilə təməlini atdığı “Brexit” gerçəkləşəndən sonra istefa verəcəyini açıqlamasından sonra. Ancaq “Brexit”in gerçəkləşməsinə qədər kim bilir, bu parlament binası daha nələrə şahidlik edəcək, nə aksiyalar, yürüşlər, plakatlar görəcək... 
# 618
avatar

Oxşar yazılar