<b>Nur-Sultanda <span style="color:red;">“Nəsimi ili” nin açılış mərasimi keçiriləcək</b>
29 mart 2019 14:05 (UTC +04:00)

Nur-Sultanda “Nəsimi ili”nin açılış mərasimi keçiriləcək

Prezident İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası (TWESCO) ümumtürk ədəbi dilinin zənginləşməsi və formalaşmasında əvəzsiz rol oynayan şairin ədəbi irsini türk dünyasında, eləcə də beynəlxalq miqyasda təbliğ etmək məqsədilə bir sıra layihələrin həyata keçirilməsinə başlayıb. 
 
TWESCO-dan Lent.az-a verilən məlumata görə, artıq böyük mütəfəkkirin seçilmiş əsərləri qazax dilinə tərcümə edilib. 
 
Aprel ayında Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılış mərasimi keçiriləcək. Bu çərçivədə şairin qazax dilində işıq üzü görən kitabının və “Türk dünyası ədəbiyyatı” seriyasından 20-dək azərbaycanlı klassikin seçilmiş əsərlərinin yer aldığı “Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçiriləcək.
 
Yeri gəlmişkən, Beynəlxalq Türk Akademiyası türk dünyasının inteqrasiyasına və xalqların yaxınlaşmasına töhfə verən milli bayramları da ənənəvi şəkildə qeyd edir. Bununla bağlı Akademiyada xüsusi mərasim təşkil edilib. 
 
Mərasimdə Azərbaycan, Türkiyə, Macarıstan, Monqolustan, Qırğızıstan, İran və Özbəkistanın Qazaxıstandakı səfirləri, ictimai xadimlər, türkoloqlar, hökumət və media nümayəndələri iştirak ediblər. Qonaqlar qədim türklərdən qalma dəmir döymə ənənələrini nümayiş etdiriblər. 
 
Sözügedən ənənə Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") adlı əsərində yer alan əfsanəyə dayanır. 
 
Əfsanəyə görə, Oğuz Xaqanın nəslindən olan İl Xanın xalqı düşmən qarşısında məğlubiyyətə uğrayır və Altay dağlarının ətəklərindəki Ergenekon adlı bir dar keçidə sığınıb gizlənir. Bir müddət burda yaşayan türklər çoxalıb saylarını artırdıqdan sonra Novruz ayında dağın dəmirlə zəngin olan bir hissəsini yarıb onu əridir və silahlanırlar. 
 
Sonra bir Boz qurdun bələdçiliyi ilə dağdan çıxıb düşməni məğlubiyyətə uğradaraq ölkələrini azad edirlər. 
 
Beləliklə, türklər Ergenekondan çıxdıqları günü hər il millətin Ulu günü - Novruz bayramı kimi qeyd etməyə başlayırlar. Türklərin millətin ulu günündə çəkiclə dəmir döymə və kömür yandıraraq dəmir əritmə ənənəsi sözügedən əfsanə ilə bağlıdır.
 
TWESCO prezidenti Darxan Kıdırali bildirib ki, ötən il Akademiya üçün nailiyyətlərlə dolu bir il olub. Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Sammiti uğurlu keçib. Dövlət başçıları tərəfindən Akademiyanın fəaliyyət hesabatı təqdir edilib və gələcək dövr üçün fəaliyyət planı təsdiqlənib. 
 
Həmçinin Akademiyanın hazırladığı "Türk inteqrasiyası konsepsiyası" prezidentlər tərəfindən qəbul edilib. 
 
Sammitə qatılan Macarıstan Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv statusu qazanıb. Beləliklə, Akademiyanın üzvlərinin sayı artıb. Bununla yanaşı, TWESCO-nun üzərində işləməkdə olduğu "Ortaq Türk Tarixi", "Türk Dünyası Coğrafiyası" və "Ortaq Türk Ədəbiyyatı" dərs proqramları təsdiq olunub. Bu dərsliklərin Türk Şurasına üzv ölkələrin tədris proqramına daxil edilməsi üzərində iş aparılır.
 
Beynəlxalq Türk Akademiyası türk dillərinin inkişaf etdirilməsi və qorunmasına, öyrənilməsinə böyük əhəmiyyət verir. TWESCO-nun təşəbbüsü ilə 2018-ci ildə UNESCO-nun Parisdəki mənzil qərargahında "Türk dili bayramı" qeyd olunub. Təşkilat Qazaxıstan və Monqolustanda uğurlu arxeoloji qazıntı işləri aparıb. Gələcək illərdə bu tədqiqatların Azərbaycan, Macarıstan və Özbəkistanda davam etdirilməsi planlaşdırılır. Bununla bağlı artıq Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığa memorandumu imzalanıb.
 
TWESCO prezidenti qeyd edib ki, təşkilat 2019-ci ildə Balasaqunlu Yusif Xas Hacibin "Kutadqu Biliq" əsərinin yazılışının 950, Qızıl Orda Xanlığı və Monqolustanın yaranmasının 750, məşhur şair Nəsiminin anadan olmasının 650, tanınmış türkoloq İştvan Mandokinin doğumunun 75, ulu öndər Atatürkün başlatdığı Milli Mücadilənin 100, Türk dünyası inteqrasiyası üçün böyük əhəmiyyətə malik Naxçıvan Müqaviləsinin imzalanmasının 10-cu ildönümlərini yüksək səviyyədə qeyd etməyi planlaşdırır. 
 
Bununla yanaşı, Akademiya türk dünyasını maraqlandıran mövzulara diar kitabların çapını və birgə elmi tədbirləri davam etdirəcək.
 
D.Kıdıralinin sözlərinə görə, yaxın zamanlarda Özbəkistanın TWESCO-ya üzv olmaq məsələsinin müsbət nəticələnəcəyinə inamı böyükdür. Beynəlxalq əlaqələrini genişləndirən təşkilat qarşıdakı dövrdə UNESCO ilə anlaşma memorandumu imzalamağı nəzərdə tutur.
 
Bayram tədbirinə qatılan səfirlər adından söz alan Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov Novruz bayramının türk dünyası üçün ortaq dəyərə sahib olduğunu, türk xalqlarının inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. 
 
Diplomat Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi layihələrlə qardaş ölkələrin yaxınlaşmasına və türk dünyasında birliyin daha möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib.
 
Bayram tədbiri Qazaxıstanın tanınmış ictimai-dövlət xadimi, türkoloq Mırzatay Joldasbekovun xeyir-duası ilə yekunlaşıb.
 
# 1179
avatar

Oxşar yazılar