[b]Xəstəxana ilə bağlı yoxlamaların nəticələri Baş Prokurorluğa göndərildi[/b]
28 mart 2019 13:09 (UTC +04:00)

[b]Xəstəxana ilə bağlı yoxlamaların nəticələri Baş Prokurorluğa göndərildi[/b]

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) ayrılan vəsaitlərin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
 
ONA-nın məlumatına görə, audit 2016-2018-ci illər üzrə 17478,0 min manat vəsaiti əhatə edib.
 
Əmək haqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməyərək tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, gecə vaxtı yerinə yetirilən işə görə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əlavənin tarif maaşı əvəzinə əmək haqqına tətbiq edilməsi nəticəsində artıq əmək haqqı ödənilib. Bir sıra işcilər işdə olduqları halda onların adına bir ildə 2-3 dəfə məzuniyyət rəsmiləşdirilərək əmək haqqı və eyni zamanda məzuniyyət pulu ödənilmiş, qismən ödənişli sosial məzuniyyətdə olan bir sıra işçilərə sosial məzuniyyətdə olduqları dövrdə əmək haqqı hesablanıb. Bayram günlərində iş saatları az olan və ya iş saatı olmayan işçilərə bayram günlərində yerinə yetirilmiş iş adı ilə artıq əmək haqqı ödənilib. Müvəqqəti əmək qabiliyyətini itirən bir sıra işçilərə xəstəlik müavinəti hesablanmasına baxmayaraq, həmin işçilərə eyni dövr üçün əmək haqqı, 1 günə düşən orta əmək haqqı məbləğinin düzgün müəyyən edilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilmiş, bir sıra işçilərə hesablanmış əmək haqları məbləğləri azaldılaraq digər işcilərin kart hesablarına köçürülüb.
 
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə əməl edilməyib. Bir sıra hallarda kotirovka sorğusunun yekun protokolları müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyib və ya gecikmə ilə təqdim edilib. Ehtimal olunan qiymətlər müəyyən edilmədiyindən satın alınmış mallara (işlərə və xidmətlərə) görə artıq vəsait ödənilmiş, satınalma keçirilmədən, təsdiqedici sənəd olmadan vəsait xərc edilib.
 
Şəmkir Rayon Mərkəzi xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının alınmamasına görə müvafiq materiallar, eləcə də əmək haqlarının hesablanılması və ödənilməsi sahəsində baş vermiş ciddi maliyyə pozuntuları barədə aşkar edilmiş hüquq pozuntuları üzrə müvafiq materiallar qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə Baş Prokurorluğuna göndərilib.
 
Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 27.6-cı maddəsinə uyğun olaraq Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Hesablama Palatasının Kollegiya qərarının və Auditor hesabatının surəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Şəmkir Rayon İcra Hakimiyyətinə və Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
 
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
# 1075
avatar

Oxşar yazılar