Keflilərin bütləşdirildiyi cəmiyyət

Dünən Həsənağa Turabovun doğum günü idi. Özü ilə sözü həmahəng olan, şəxsiyyəti ilə sənəti bir-birini tamamlayan sənətkarın.  Xalq artisti, baş teatra neçə illər rəhbərlik etmiş, yüzlərlə obrazlar yaratmış bir aktyorun.

Sevdiyini aktyor olduğu üçün ona vermədiklərindən götürüb qaçan və bir ömür boyu bu sevgisinə sadiq qalan bir kişinin. Kinomuzun Gəray bəyinin, teatrımızın kefli İskəndərinin. Hə kefli İskəndər demiş, yaradıcı adam da olsa, özünün kefliliyə heç bir aidiyyatı yox idi.  Olsaydı, yəqin dünən onu yad edənlər tapılardı, haqqında şeir yazanlar, qaldırdıqları badələri xatırlayıb xatirələrini qələmə alanlar və sair. Axı, qəribə cəmiyyətdə yaşayırıq, qəhrəmanlarımız onlardı “meyxanələrdən çıxanlar”. Hər addımda bir-birimizi Sovet rejiminin qayda –qanunundan ayrıla bilməyən köhnəlik qalığı adlandırırıq və əslində adlandıran özü də həmin qəlibdən çıxa bilməyənlərdir. Sovetin süqutundan sonra dünyaya gələnlərimiz belə, onun qalıqlarıdır, çünki o rejimin yetirməsinin yetirməsiyik. Fərqli, guya bu cəmiyyətdən kənarda imiş kimi görünmək cəhdimiz də bir başqa xəstəlikdir. Heç yaxanızı kənara çəkməyin, bir qazanın içindəyik, sadəcə materialımızdan asılı olaraq, birimiz o birindən bir az gec “bişə bilərik” - vəssalam, bu da olar fərqimiz.    

Özünü cəmiyyətə ziyalıymış kimi sırımağa çalışanların bir toyuna get, bir də yasına – sonra güzgünü qoy onun qarşısına çıx.

Mizan - tərəzi o qədər əyilib ki, cəmiyyətimizdə, yaxşılar da özünü itirməyə başlayıb, müvazinəti saxlamaq çox çətindi.  Saxlamağa çalışanı belə, hər tərəfdən o qədər itələyirik ki, axırda yazıq büdrəyib müvazinətini itirir, bah, həngamə o zaman başlayır, yıxmışıq axı, əli baltalı, baltasız cumuruq üstünə.

Bir cəmiyyətin ziyalısı, əli qələm tutanı, əslində əlində o qələmi çırağa çevirib qabağa düşüb qaranlıqları işıqlandırmalı olan kəsi əlində bir qədəh düşüb ortaya özülümə qoyulan tərbiyənin yanlış olduğu barədə tost deyib qədəh yoldaşını mənə nümunə gətirir, onu cəmiyyətin gözündə bütləşdirir. Qalırsan baxa-baxa, çaşırsan yolunu, indi gələcəyimizin qurucusu olacaq yazıq gənc hansı yolla getsin, kimi özünün idealı seçsin bu “azad düşüncəli”  kefliləri, yoxsa  ədəb-ərkanı yerində də olsa “köhnəliyin qalığı”, “kiflənmiş düşüncəliləri”?  Hər ikisi təhlükəlidir – üçüncü alternativ isə yoxdur, çoxluq məhv eləyib. Nümunə əməllə olar, sözlə yox.  Mənim nümunəmin əməlləri indi də yaşayır, onu da yaşadır, sənin nümunənə baxaq...uzağı 40 gün.

Dediyim odur ki, lütfən, kefliləri nümunə göstərib, bütləşdirib  cəmiyyətə sırımayın. Əlində qələmin var, yazırsan və aşılayırsan ki, budu cəmiyyətin irəlidə gedəni, amma cəmiyyət pis olduğu üçün onu dünyadan vaxtsız köçməyə sövq etdi. Elə deyil, onun iradəsinin zəif olmasında bu səbəbdən pis vərdişlərə uymasında cəmiyyətin suçu yox. Noolsun ki, istedadı vardı? Allah birini verəndə o birini almaq qüdrətinə malikdir.

Bacarırsan mənə bu gün doğum günü olan Almaz İldırımın həyatından, şəxsiyyətindən danış, de ki, hansı müsibətləri yaşayıb, amma iradəsindən, əqidəsindən, vətənindən  dönmədiyi üçün həyatdan vaxtsız köçüb, yazıb qoyub getdikləri ilə bu gün də yaşayır. Yoxsa, onu danacaqsan ki, kosmopolit olmayıb, gərək sadaladıqlarımın hamısından dönüb kefli olaydı – o zaman qəhrəman olardı...  Mənə məni unutdura bilməzsən, mənim qəhrəmanım onlardır – Turabovlar, Almas İldırımlar. Heç, Sovet rejimi onu unutdura bilmədi, sən unutduracaqsan? Hələ özünü tap.

   

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>